ATƏT-in Bakı ofisi, təşkilatın Demokratik Təsisatlar və Insan Hüquqları Bürosu Insan Hüquqları Institutu ilə birgə bu gün və sabah Bakıda “Hüquq peşəsinin gücləndirilməsi və ədalət mühakiməsinə çatımlılıq” mövzusunda beynəlxalq konfrans keçirəcək. Maraqlıdır ki, tədbir barədə ictimaiyyətə məlumat verilməyib, media, vətəndaş cəmiyyəti qurumları tədbirə dəvət almayıblar. Nəzərə alsaq ki, sözügedən tədbirdə ədliyyə naziri Fikrət Məmmədov, Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov və s. hökumət nümayəndələrinin iştirakı nəzərdə tutulub, belə olan halda, ədalət mühakiməsilə bağlı problemləri mütəmadi dilə gətirən vətəndaş cəmiyyəti təmsilçilərinin bu tədbirdən kənarda qalması istər-istəməz birmənalı qarşılanmır.
“Adisad” hüquq firmasının rəhbəri Adil Ismayılov bu cür münasibəti ATƏT-in Azərbaycan hökumətlə konfliktə getmək istəməməyilə əlaqələndirir: “Görünən odur ki, hökumətlə konfliktə getmək istəmirlər. Məsələn, mən özüm ATƏT-in bir neçə tədbirində narahatlıq doğuran məsələləri açıq şəkildə dilə gətirmişəm. Görünür, fikirləşirlər ki, narazı adamları dəvət etsələr, tədbirdə hökumət nümayəndələrilə fikir ayrılığı, konflikt yarana bilər. Onlar da bunu istəmirlər.
Onu da deyim ki, bu tədbirin nəticəsi olaraq, vəkilliyin inkişafı üçün hansısa addım atılacaqsa, ötüb keçmək olar. Amma bir qayda olaraq, bu cür tədbirlərdən sonra vəkillik və vəkillər üçün müsbət mənada heç bir dəyişiklik olmur. Bu cür tədbirlər adətən “quş qoymaq” xatirinə keçirilir. Əlbəttə ki, məqsəd vəkilliyin inkişafına nail olmaq, ədalət mühakiməsilə bağlı problemlərin aradan qaldırılmasına cəhd göstərməkdirsə, o halda, mütləq vəkilliklə məşğul olan adamları dəvət eləmək, onları dinləmək lazımdır”.
Vəkilliyin problemlərinə gəlincə, Adil Ismayılov deyir ki, on il əvvəl hansı problemləri vardısa, bu gün onların hamısı həll olunmamış qalıb. Məsələn, Azərbaycanda vəkillərin sayı dünya göstəricilərindən qat-qat azdır. Elə rayonlar var ki, orada bir nəfər də vəkil yoxdur. Başqa bir problem dövlət hesabına təyin olunan vəkillərə verilən çox cüzi əməkhaqqı və buna adekvat olaraq, müştəriyə göstərilən xidmətin bərbadlığı, dövlət hesabına təyin olunan vəkillərin əksər hallarda müstəntiqin, prokurorun, hakimin göstərişlərini yerinə yetirməsilə bağlıdır.
Aytən