Rusiya prezidenti Vladimir Putin Türkiyə-Suriya sərhədində hərbi təyyarələrinin vurulmasına sərt münasibət bildirib.
İordaniya kralı Abdullahla Soçidə keçirdiyi birgə mətbuat konfransında bu hadisədən danışan Putin deyib ki, SU-24 təyyarəsi Türkiyə sərhədindən 1 km. aralıda, Suriya üzərində vurulub.
Putin baş verən hadisəni Rusiyaya arxadan vurulan zərbə kimi qiymətləndirib. Bildirib ki, bu hadisə Rusiya-Türkiyə əlaqələrində çox ağır nəticələr doğuracaq.
“Bugünkü itkimiz terrorla əlbir olanların bizə arxadan vurduğu zərbədir. Mən bu hadisəyə bundan başqa cür qiymət verə bilmirəm”, – deyə Putin bildirib.
Putin deyib ki, təyyarə Türkiyəyə təhdid törətmirdi.
O iddia edib ki, Türkiyə Suriyadakı Əsəd rejiminə qarşı silahlılardan böyük miqdarda yanacaq alır.
Putin təyyarıni Türkiyə F16-larının vurduğunu təsdiqləyib.
Türkiyənin hadisə ilə bağlı NATO-nun təcili toplantısını çağırmasına da toxunan Putin “Sanki biz onların təyyarəsini vurmuşuq, onlar bizim yox” deyə buna reaksiya verib.
Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə noyabrın 25-də nəzərdə tutulan səfəri də bu hadisəyə görə təxirə salınıb.
azadliq.info