Bu ilin on ayında Azərbaycanda qara metallurgiya mallarının əsas növlərinin istehsal həcmi azalıb. Paralel olaraq idxal həcmi artıb, deyə rəsmi mənbələr bildirir.
Dövlətstatkomun məlumatına görə, yanvar-oktyabrda polad ərinti istehsalı 9,9% azalaraq 234,2 min ton təşkil edib. Deyilən dövrdə 184,4 min ton tikinti armaturu istehsal edilib. Bu, ötən ilin eyni dövründəkindən 5,6% azdır. Polad boru prokatı da (29,8 min ton, -1,6%) azalıb.
Gömrük Komitəsinin məlumatına görə, yanvar-oktyabrda $1 mlrd 316,1 mln məbləğində qara metal və qara metal məmulatı idxal edilib. İdxal 70,2% artıb, idxalda qara metalın xüsusi çəkisi 17%-i keçib.
Azərbaycan müəssisələri $28,3 mln məbləğində qara metal məmulatı ixrac edib. Bu, ötən ilin eyni dövründəkindən 22,8% azdır.
Dövlətstatkomda Turan-a bildiriblər ki, ilin 9 ayında ümumi bəyannamə qiyməti $100,5 mln olan 212,5 min ton polad artamtur idxal olunub. Yerli istehsalçılar $33,5 mln məbləğində qara metallurgiya malı ixrac edib.
Azərbaycanın əsas metallurgiya müəssisəsi “Baku Steel Company”dir. Ölkədə polad boru istehsal edən azı üç müəssisə var.