Bu günlərdə çağdaş mədəniyyətimizin və poeziyamızın tanınmış, örnək simalarından biri olan Aydın Qurbanoğlunun 80 yaşı tamam oldu. Aydın Qurban oğlu Ibrahimov 1935-ci il noyabrın 8-də Tovuz rayonunun Cəlilli kəndində dünyaya göz açıb. Cəlilli kəndindəki orta məktəbi bitirəndən sonra ordu sıralarında xidmət edib. Əsgərlikdən qayıtdıqdan sonra bir müddət Tovuzda çıxan “Həqiqət” qəzetilə əməkdaşlıq edib. Qəzetin nəzdində fəaliyyət göstərən ədəbi birliyin üzvü olub. Sonradan Sumqayıt şəhərinə gələrək zavodların birində çalışıb.
Azərbaycan Dövlət Universitetinində ali təhsil alıb. Təhsilini bitirədən sonra – 1966-cı ildən başlayaraq Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində fəaliyyətə başlayıb. Ştatdankənar müxbir, kiçik redaktor, redaktor, böyük redaktor, baş redaktor və birlik rəhbəri kimi müxtəlif vəzifələrdə işləyib. A.Qurbanoğlu uzun onilliklər boyu AzTV-də çeşidli və populyar verilişlərin hazırlanmasında iştirak edərək, həm də işlərə rəhbərlik edib.
O, AzTV-nin məhsuldar və istedadlı ssenari müəlliflərindən biri kimi də məşhurdur. Müxtəlif ədəbi verilişlərdən əlavə “Koroğlu” və “Abbas və Gülgəz” kimi çoxseriyalı film-dastanların müəllifi də A.Qurbanoğludur. Bundan başqa, Qızıl fondda saxlıanılan “Sufi ocaqları”, “Qalalı dağlar”, “Gəmiqaya”, “Qudyalçay”, “Qax abidələri”, “Molla Cuma”, “Tanrı payım, telli sazım”, “Incə dərəsi”, “Etnoqrafiq etüdlər”, “Səfəvilər” və başqa televiziya filmləri də onun ssenariləri əsasında lentə alınıb.
A.Qurbanoğlu uzun illər boyu “Koroğlu” dastanıyla bağlı araşdırmalar aparıb. Müəllifin həmin araşdırmaları özündə əks etdirən “Koroğlu” adlı kitabı bu günlərdə işıq üzü görüb. Ümumtürk mədəniyyətinin bu möhtəşəm abidəsinə həsr olunan monumental kitab, A.Qurbanoğlu yaradıcılığının və çoxillik zəhmətinin bəhrəsi olmaqla bərabər, həm də bütövlükdə mədəniyyətimiz üçün əlamətdar bir hadisə kimi dəyərləndirilməlidir.
Bütün bunlarla yanaşı, A.Qurbanoğlu həm də lap gənclik illərindən başlayaraq ədəbi yaradıcılıqla məşğul olub. Uzun illər boyu onun şeirləri müxtəlif mətbuat orqanlarında, əbədi jurnal və nəşrlərdə işıq üzü görüb. Ilk şeirlər kitabı olan “Kəhkəşan” 1977-ci ildə, ikinci kitabı “Araz üstə nar bağı” isə bundan 8 il sonra 1985-ci ildə çap olunub. Ədəbi mühitdə də böyük sevgi ilə qarşılanan növbəti, həm də irihəcmli “Ağ işıq” kitabı 2009-cu ildə işıq üzü görərək oxucuların ixtiyarına verilib. Aydın müəllimin gəncliyindən bəri ən sadiq dostu və sirdaşı olmuş böyük şairimiz Məmməd Ismayıl kitaba geniş və çox səmimi ön söz yazaraq, özünəməxsus, həm də maraqlı detallarla onu bir şəxsiyyət, həm də gözəl, təmənnasız bir şair kimi xarakterizə edib: “…Onun şeirlərində Türkün fəxarət tarixinin poetikləşmiş panoramı canlanır…
Şeirlərində yerinə düşməyən tək bircə sözə rast gəlmək mümkün deyil. Üzdən baxıldığında Aydının şeirləri gərək mövzu baxımından, gərəksə də forma baxımından çox halda ənənəvi şeir kimi gözə çarpır. Amma bu şeirləri oxuduqca qarşıya fərqli bir mənzərə çıxır. Dildən və şeir formalarından istifadə baxımından Aydını şumlanmış torpağa toxum səpən əkinçiyə bənzətmək olar… Aydınla ilhamı arasında haqdan gələn bir uyum olduğu görünməkdədi…
Bənövşə kimi kol dibinə – gözəgörünməzə çəkilmək, jurnaldan, qəzetdən, nəşriyyatdan, təbliğatdan, tərifdən, tənqiddən uzaqda öz nəğməsini oxumaq, öz sözünü söyləmək heç kəsə asan gəlməsin. Bir yol qırağında gözgörümündə deyil, bir qaya dibində, gözuzaqlığında, biganəlik mənzillərinə düşən çiçək öz çiçəkliyini dəyişərmi? Ya da elə çiçək ömrü sürdüyünə görə başqalarından mərhəmət tərifi umarmı? Asandımı belə yaşamaq? Aydın məhz belə bir sənətkar ömrü yaşadı. Yaşaya bildi. Çox şükür yaşayır da… O, heca ölçülərini, qafiyə düzümünü ortabab bir aşıq səviyyəsində bilən və “xalq şairi” ünvanı daşıyan o şairlərdən deyil ki, girişi-çıxışı önünə səpilən şəkər tozundan 2 bal çəkən… arı misalı folklor nümunələrini amansızca istismar edib, söz avazına alqış və mükafat alsın.
Aydın özü də, özünün dediyi kimi, halalına haram qatmamış bir Allah adamı kimi bacaranda, bacardığı kimi yazır…”
Ustadın sözlərində doğrudan da böyük bir həqiqət var. Aydın Qurbanoğlu həyatının heç bir məqamında haqq bildiyi yoldan çəkilmədi, hər yerdə doğru bildiyini söylədi. Ürəyində gəzdirdiyi dağ boyda qubar belə onu sındırmağı bacarmadı. O, həm də milli-azadlıq hərəkatının sıra nəfərləri kimi həmişə mübarizə meydanın ön cərgələrində oldu.
Ağrılı-acılı həyatını alnıaçıq və şərəflə yaşayan Aydın Qurbanoğlunu qos-qocaman yaşı münasibətilə təbrik edirik.