Mahmud Cibril: “Polkovniki xarici qüvvələr öldürtdü!”
Liviya diktatoru Müəmmər Qəzzafinin ölümüylə bağlı yeni iddia ortaya çıxıb. Qəzzafi rejiminin sabiq daxili işlər naziri, hazırda Milli Keçid Şurasının sədri postunu tutan Mahmud Cibril maraqlı bəyanatla çıxış edib. Cibril deyib ki, Qəzzafi onun beynəlxalq sirləri açıqlamasından qorxan xarici qüvvələrin əmrilə öldürülüb.
Polkovniki öldürən şəxs və ya şəxslərin sağ qaldığına umid etdityini bildirən Mahmud Cibril onların sayəsində bir çox sirrin aşkarlana biləcəyini söyləyib. Onu vuran şəxs və ya şəxslərin başqa ölkələrlə və liderlərlə əlaqəsi olduğunu vurğulayan Cibril əlində hər hansı dəlil olmadığını da açıqayıb. Bununla belə, “Qəzzafinin ortaya çıxara biləcəyi sirləri ört badır etdilər”, – deyə o, əlavə edib.
Öldürülmüş diktatorun oğlu Seyfülislam Qəzzafinin harada olmasıyla bağlı sualı cavablandıran Milli Keçid Şurasının rəhbəri bildirib ki, o, Liviyanın cənub bölgələrindən birində gizlənib. Cibrilin sözlərinə görə, böyük ehtimalla Seyfulislamda yüksək məbləğdə pul var və bu, Liviya üçün çox təhlükəlidir.
Bu arada Qəzzafi rejiminin baş naziri olmuş və hazırda Tunisdə sığınacaq tapan Əl Bağdadi əl Mahmudinin Liviyaya ektradisiya edilməsinin qarşısını almaq üçün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına (QAK) müraciət etdiyinə dair məlumat yayılıb. Xəbərdə deyilir ki, eks baş nazir BMT QAK-dan “siyasi mühacir” statusu tələb edir. Əl Mahmudinin vəkillərindən biri Tofiq Vənasın sözlərinə görə, BMT statusu veriləndən sonra eks baş nazirin Liviyaya ekstradisiyası mümkün olmayacaq. Vəkil BMT QAK-a rəsmi müraciət olunduğunu təsdiqləyib.
Xatırladaq ki, Tunus məhkəməsi bu həftə Əl Mahmudinin Liviyaya ekstradisiya olunması haqda qərar çıxarmışdı. Məhkəmə keçmiş baş nazirin Tunis ərazisinə qeyri-qanuni yollarla daxil olduğu üçün ölkə sərhədləri daxilindən xaric edilməsinın lazım olduğuna dair qərar vermişdi. Əl Mahmudi bu ilin avqustunda Liviyanı tərk edərək Tunisin Cərbə adasına getmiş, daha sonra Tunis təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmuşdu.
İnformasiya şöbəsi