Nə qədər ki, bu hökumətə lazımsan…
Doğurdan da yalanların ömrü uzun olmur. Çünki, həqiqətlər mütləq doğulur və bu doğuş yalanı öldürməyə xidmət edir. Hökumətin sifarişi ilə insanlar şərlənərək həbs edilir, həbs olunmuş adamların üzünə ştatlı “işverənlər” durur və “məhkəmə”lər belə “zərərçəkən”lərin şikayətini təmin edir. Amma sonradan məlum olur ki, bu üzəduranlar, “zərərçəkən”lər hansısa narkoman, axtarışda olan cinayətkar, hökumətin əlaltısıdır.
Ötən gün yayılan bir xəbər yazdıqlarımızı bir daha təsdiqlədi. Belə ki, Səbail rayon Polis Idarəsininÿ 41-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sağlamlıq Kompleksində işləyən Xanım Nəsirovanın və Alisa Cəfərovanın iş otaqlarından, habelə Gülnarə Axundovanın çantasından pul oğurlayan qadın tutulub. Daxili Işlər Nazirliyinin verdiyi xəbərə görə, oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Sevgiladə Quliyevadır.
Bəli, bu həmin Sevgiladədir ki, 2007-ci ildə axtarışda olduğu halda, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidi şərləmişdi. Həmin vaxt Sevgiladənin fotoları metronun qarşısındakı “polis axtarır” lövhəsindən boylanırdı. Təbii ki, həmin vaxt Sevgiladənin kimliyi faktlarla ortaya qoyuldu, bu adamın sifarişlə şahidlik etdiyi sübuta yetirildi. Amma hökumətimiz maraqlıydı ki, Sevgiladə “məsum xanım” statusunda görünsün. Bundan başqa, Sevgiladə Quliyeva 2009-cu ildə də həbs edilib. Onu o zaman Xətai rayon Polis Idarəsinin əməkdaşları yaxalamışdılar. O zaman Sevgiladə Quliyevanın saxlanılmasına səbəb “Xətai” metrosunun yaxınlığında narkotik maddədən istifadə etməsi olmuşdu. Onun üzərindən 0.63 qram heroin tapılmış və narkotik maddədən istifadə etdiyini boynuna almışdı.
Bəli, ötən gün bu “məsum qadın” oğurluq etdiyinə görə yenidən həbsə atılıb. Əslində Sevgiladənin əhvalatı MTN-də baş verənlərə çox uyğun gəlir. Sevgiladə bir vaxtlar hökumətə lazım idi, onun “şahidliyi” ilə adamları şərləyirdilər. Yəni onun azadlıqda gəzməsi hökumətin marağına xidmət edirdi. Indi isə Sevgiladə hökumətə lazım deyil və istifadə müddəti bitib. Eləcə də Eldar Mahmudovlar, Çovdarovlar və digərləri uzun müddət bu hökumətə lazım olub, hökumətin sifarişlərini yerinə yetirib. Indi isə onların həbs olunması, vəzifədən uzaqlaşdırılması, hökumətin maraqlarına daha çox uyğun gəlir.
Bir vaxtlar bu hökumətin dəstəyi ilə heç kimi vecinə almayanlar, qanunsuz əməlləri “gözüyumulu” törədənlər, indi hökumətin sifarişi ilə sıradan çıxarılır. Bəli, Sevgiladənin “həyat hekayəsi” ilə Eldar Mahmudovun “hekayəsi” bu məqamda üst-üstə düşür.
Həqiqətən də ibrət çoxdur, ibrət götürən azdır. Komandada hamı bir gün Sevgiladənin taleyini yaşaya bilər. Hökumətin idarəetmə prinsipi buna əsaslanır.
İlham