Əliyevlər dünya şöhrətli kinorejissora, Azərbaycan mədəniyyətinə böyük zərbə vurur
“Ibrus” teatrının girişində dünya şöhrətli kinorejissor, tanınmış ziyalı Rüstəm Ibrahimbəyovun xüsusi yazılı üzrxahlığı yayılıb. Vesti.az “Ibrus”un yaradıcısı olan R.Ibrahimbəyovun müraciətini olduğu kimi yayıb. Müraciətdə deyilir: “Bugünlərdə ”Ibrus” teatrının 10 illiyi tamam olur. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Teatr Xadimləri Ittifaqı bu əlamətdar günə maraq göstərməyiblər. Buna görə də biz Rusiya Mədəniyyət Nazirliyinin “Ibrus”un 10 illiyini Moskvada keçirilməsi ilə bağlı təklifini müsbət qarşılamışıq. Noyabrın 14-dən 18-dək Moskvanın 3 kinoteatrının səhnəsində “Rüstəm Ibrahimbəyovun teatrı” adlı festival keçiriləcək.
Obyektiv səbəblərdən təmiri vaxtında başa çatdıra bilməmişik. Sizlərdən tamaşa zalının vəziyyətinə görə üzr istəyirik. Buna baxmayaraq biz “O və onlar” (“On i oni”) tamaşasını ilk olaraq vətənimizdə, sonra isə Moskva səhnələrində oynamağı vacib bildik. “Ibrus” iki şəhərin – Bakı və Moskvanın teatrıdır. Bizdən asılı olmayan səbəblərə görə teatr ikinci onilliyini Moskvada davam etdirməli olacaq. Eyni zamanda Bakıda da tamaşalarımız olacaq. Sizdən tamaşa zalının vəziyyəti ilə bağlı anlaşıqlı münasibət gözlədiyimizi bir daha diqqətinizə çatdırır, ümid edirik ki, bu vəziyyət sizə tamaşanı qəbul etməkdə mane olmayacaq”.
Noyabrın 6-8-də “Ibrus”da ssenari müəllifi və rejissoru R.Ibrahimbəyov olan yeni “O və onlar” tamaşası nümayiş olunub. Baş rolları Fəxrəddin Manafov, Yuri Baliyev, Mehriban Zəki və Mələk Abbaszadə oynayır.
“Uzun müddətdir, fəaliyyətində problemlər yaranan Azərbaycan Kinematoqrafçılar Ittifaqı iflic vəziyyətindədir”. Bu sözləri isə APA-ya açıqlamasında ittifaqın I katibi, xalq artisti Rasim Balayev deyib. O bildirib ki, ittifaqın fəaliyyətində heç bir yenilik yoxdur və hər şey olduğu kimi davam edir: “Heç bir iş yoxdur. Gəlirik, gedirik, heç bir müsbət nəticə də yoxdur. Istəmirik bağlansın, amma desələr ki, artıq bitdi, dağılışıb gedəcəyik. Əlimizdən artıq heç nə gəlmir”.
Ittifaqın fəaliyyətinin davam etməsi üçün bütün lazımi addımların atıldığını deyən Rasim Balayev bundan sonra hansısa addıma ehtiyac olmadığını qeyd edib: “Əlimizdən gələni etmişik. Bütün lazımi instansiyalara yazılı müraciətlər göndərdik, hələ də nəticə yoxdur. Qərar vermək vaxtıdır. Məsələnin bu qədər uzun sürməsi narahatlıq doğurur”.
Rasim Balayev Kinematoqrafçılar Ittifaqının maddi tərəfdən çox sıxıntılı halda olduğunu bildirib.
Oxucuların diqqətinə çatdıraq ki, Kinematoqrafçılar Ittifaqının sədri də Rüstəm Ibrahimbəyovdur. Həm “Ibrus”un 10 illiyinə, həm də Kinematoqrafçılar Ittifaqına laqeyd münasibət tanınmış kinorejissorun ictimai fəaliyyəti ilə bağlıdır. Hələ bir müddət əvvəl Rüstəm Ibrahimbəyovun rəhbərliyi ilə tanınmış ziyalıların Ilham Əliyevə müraciəti olmuşdu. Bu müraciət Rüstəm Ibrahimbəyova qarşı münasibətin daha da sərtləşməsini şərtləndirdi. Bu günlərdə isə “Ziyalılar Forumu”nun tədbiri keçirildi. Həmin tədbirdə də tanınmış kinorejissor hökumətin ünvanına tənqidlər səsləndirdi. Bu tədbirdən sonra akademik Rafiq Əliyev işdən çıxarıldı. Digər ziyalılara da müxtəlif təzyiqlər oldu. Görünür, hakimiyyət Rüstəm Ibrahimbəyovu da bu sayaq susdurmaq istəyir. Nəticədə, Azərbaycan mədəniyyətinə ciddi zərbə vurur.
Azad