“Avtokrat rejimlərin böyük pulları var. Onların korrupsiyasını araşdıran jurnalistlər təhlükə ilə üzləşirlər”.
Avropa Parlamentindəki Finlandiya nümayəndə heyətinin rəhbəri Heidi Hautala “Şərq Tərəfdaşlığı ölkələri və Rusiyada medianın vəziyyəti” mövzusunda seminarda bu sözləri deyib. Avronest Parlament Assambleyasında keçirilən seminarda finlandiyalı deputat avtokrat rejimlərə misal göstərərkən, Azərbaycandan Əliyevlər, Özbəkistandan Kərimovlar ailəsinin adlarını çəkib.
O, korrupsiyalarını üzə çıxaran veriliş hazırladığına görə Əliyevlər ailəsinin Fransa telekanalını məhkəməyə verməsini də yada salıb:
“Əliyevlər, Kərimovlar ailəsinin bizneslə bağlı korrupsiya qalmaqalları hamıya məlumdur. Məsələn, Finlandiya və İsveç şirkətlərində “Teliasonera” ətrafında məhkəmə çəkişmələri… Avtokrat rejimlər sahib olduqları böyük pulları itirmək istəmir. Bu üzdən onların korrupsiyasını araşdıran jurnalistlər təhlükə ilə üzləşirlər”.
azadliq.org