Azay Möhnətov sakinlərə hədə-qorxu gələrək şikayət edənlərə pul verməyəcəyini deyir
«Everton» tikinti şirkətinin rəhbəri Ramiz Mehdiyevin bir nömrəli adamı, Ilham Əliyevin dostu olduğundan, yüzdən çox insanın həyatını təhlükəyə atır
Nəsimi rayonu, 28 may küçəsi, 56 ünvanında 2004- cü ildən 20 mərtəbəli bina tikilir. Hələ də tikintisi başa çatmayan bu bina eyni ünvanda yüzə yaxın ailənin həyatını təhlükəyə atıb. Buranın sakinləri daha haralara müraciət etməyib. Ancaq bir xeyri yoxdur. Mehriban Əliyevanın rəhbəri olduğu fonddan tutmuş, ombudsman Elmira Süleymanovanın qəbuluna qədər yazılıblar. Necə deyərlər, çifayda. Hər kəs ötür-ötür oyunuyla camaatı bir yerdən o bir yerə göndərir.
Ramiz Mehdiyevin neçə bir nömrəli adamı var?
“Bura niyə gəlmisiniz? Onsuz da sizin yazdıqlarınızın bir xeyri olmayacaq. Yazacaqsınız Fövqalədə Hallar Nazirliyi gəlib evlərə baxış keçirib, gedib haqqını alacaq. O dəfə bir jurnalist gəldi. Hər ailə 20 manatdan yığıb, ona pul verdi. Getdi qəzetində yazdı, ancaq bir xeyri olmadı” – bu sözləri 25 ildir adıçəkilən ünvanda mənzil sahibi olan xanımlardan biri deyir. Söhbət əsnasında məlum olur ki, hər ailədən 20 manatdan pul yığan “jurnalist” “Ədalət və həqiqət” qəzetinin əməkdaşı imiş. Həmin sakin onun yazdığı reportajı bizə təqdim etmək istəsə də, damı daman, hər an uçula biləcək otağın içərisindən arxivi tapıb üzə çıxara bilmədi. Biz bilmirik o “Ədalət və həqiqət” qəzetində nələr yazılıb. Şübhə etmirik ki, 20 manatlar müqabilində camaatın problemləri ƏDALƏT naminə HƏQIQƏTI işıqlandırıb.
Gəlişimizin məqsədini sakinlərə açıqlayırıq. Anladırıq ki, bizim kimsədən 20 manat umacağımız yoxdur. Reportaj üçün gəldiyimizi və sakinlərin problemlərini işıqlandırmaq istədiyimizi onların diqqətinə çatdırırıq. Və beləcə kitabçaya qeydlər etməyə başlayırıq.
Sözügedən ünvanda “göydələn”i “Everton” adlı MMC tikir. Deyilənlərə görə, binanın sahibi Azay Möhnətov adlı iş adamıdır. Əvvəllər həmin ərazidə yüzdən artıq ailə məskunlaşmışdı. Onların bir qismini yüksək məbləğdə kompensasiya ilə mənzillərindən çıxarıblar. Yerdə qalanlarla isə heç kəs maraqlanmır. Nə onlara bazar qiymətlərinə uyğun kompensasiya verən var, nə də gəlib dərdlərini dinləyən. Düzdür, arada bir FHN-in səlahiyyətli nümayəndələri gəlib mənzillərə göz gəzdirir, daha sonra o biri ünvana gedib, haqq-hesab çürüdürlər. Bununla da iş bitmiş sayılır. Çünki…
Çünki “Everton”un sahibi, deyilənlərə inansaq, daha doğrusu özünün məhəllədə yaydığı informasiyalara görə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin bir nömrəli adamıdır. Burada Mirzə Ələkbər Sabir yada düşür: “Qah-qah, əcəb gülməlisən?”. Nədən bütün tikinti şirkətlərinin rəhbərləri Ramiz Mehdiyevin bir nömrəli adamıdır?! Lap tutaq ki, belədir. Onda ikinci sual meydana çıxır. Bir adamın neçə dənə BIR NÖMRƏLI ADAMI ola bilər? Axı “Şərurlu Isfəndiyar” (Axundov) da Ramiz Mehdiyevin adamıdır… Mətləbdən uzaqlaşmayaq. “Everton”un sahibinin Ilham adlı bacısı oğlu isə sakinlərə bunu deyir: “Dayım Ramiz Mehdiyevin adamıdır, Ilham Əliyevin isə yaxın dostudur. Hər bina tikəndə onlara 10-15 mənzil hədiyyə edir”.
“JEK”in binası da damırmış…
Bina tikiləndən bəri həyətin kanalizasiya sistemi yararsız hala düşüb. Yaxın məsafədə aparılan tikinti qonşuların binalarını qəza vəziyyətinə salıb. Bəzi mənzillər 10-12 sm-ə qədər çöküb, çoxunun divarında çatlar yaranıb.
Bakı şəhəri Dövlət Memarlıq-Tikinti Nəzarət Müfəttişliyinin icazə sənədinə əsasən “Everton” tikinti zamanı ətraf ərazidəki tikililərin və orada yaşayan sakinlərin təhlükəsizliyi məqsədi ilə texniki təhlükəsizlik qaydalarına tam şəkildə əməl olunmasını öhdəlik kimi üzərinə götürüb. Ancaq bu öhdəliyə zərrə qədər də əməl edən yoxdur. Əməl edilsəydi, bir fəhlə ölməzdi, bir neçə sakinin başına göydən daş, armatur düşməzdi.
Təhlükəsizlik qaydalarının pozulmasına görə sakinlər müxtəlif dövlət orqanlarına dəfələrlə müraciət ediblər. Bu müraciətlərə FHN-dən reaksiya veriblər. Zaman o zaman idi ki, tikintidən beton eyvan uçaraq qonşulardan birinin damının üstünə düşüb. Nazirliyin nümayəndələri gəliblər, şirkətlə “salam-sağ ol” edib, gediblər. “28 may”dakıların damlarına düşən təkcə beton eyvan olmayıb, küləkli havalarda tikintidən ora beton parçalar, boru, taxta, dəmir parçaları “yağır”.
Göydən “yağan” daşların qarşısını almaq üçün binanın kənarlarında heç bir mühafizə torları salınmayıb.
97 saylı mənzilin sahibi Hicran Əliyeva evini təzəlikcə təmir etdirsə də yenidən damı dammağa başlayır: “Borca pul götürüb mənzili təmir etdirdik. Indi yenə damır. Bir azca külək olan kimi binada olan daşlar, armaturlar damın üstünə gəlir. Şiferləri sındırır”.
Sakinlər deyirlər ki, ərazi 49 saylı MIS-in balansındadır. Damlarının təmiri üçün ora müraciət edəndə “gedin öz pulunuza təmir etdirin” cavabını alırlar. Halbuki ev sahibləri bütün kommunal xidmətlərin haqqını vaxtı-vaxtında ödəyirlər.
49 saylı MIS-in sakinlərə cavab verdiyi çoxsaylı məktublarının birində belə yazılıb: “Bizim idarənin damı damır. Onu heç təmir etdirə bilmirik”. Bu cavabdan sonra isə sakinlər daha “JEK”ə müraciət etməyiblər.
100 yaşlı mənzillər hər an uça bilər
Xanızadə Dursunova 41 saylı mənzildə yaşayır. Yağış yağanda onun da evini su basır, divarlarında çat əmələ gəlir. Havalar bir az isinən kimi təmirə başlayır. Beləliklə, isti-soyuq havalar bir-birini əvəz edəndə ailə “sevimli” işini davam etdirir.
Aslan Dursunov 94 saylı mənzildə yaşayır. Evinin damı çökən otağa uşaqlarını buraxmır. Hər an hər şey ola bilər qorxusu onun canına vəlvələ salıb.
Binanın həyətində addım atmağa belə yer yoxdur. Üç adam həyətə düşüb söhbət eləsə, dördüncüsü gərək ya küçəyə çıxsın, ya da eyvandan onlarla söhbət etsin. Bütün bu problemləri yaradan “Everton” tikinti şirkətinin sahibi açıq-aşkar heç kəsdən qorxmadığını dilə gətirir, hələ üstəlik, camaatı da hədələyir.
Buradakı evlərin yaşı 100-ü ötüb. Xırda bir təkan evləri yerlə bir etmək gücünə qadirdir. Çünki binanın təməli qoyulanda qazıntı üçün ağır tonnajlı yük maşınlarının güclü zərbələri bu kiçik evlərin özülünü yerindən oynadıb.
Sakinlər problemlərinə diqqət istəyirlər. Hər şeyin haqq-ədalətlə təmin olunmasının tərəfdarıdırlar. Haqq-ədalət çoxdan unudulan bir məmləkətdə…
Ramin DEKO