«Guardian» hakimiyyətə bir həftədə ikinci zərbəni vurdu
Bakıya dəstək səfəri üçün britaniyalı deputata 1500 funt-sterlinq veriblər
Ingiltərədə yayımlanan Avropanın nüfuzlu qəzetlərindən biri “The Guardian” növbəti dəfə avtoritar rejimlərlə əməkdaşlıq edən rəsmi və qeyri-rəsmi şəxsləri hədəfə alıb. Xatırladaq ki, qəzet Azərbaycan hakimiyyətinin əsasən Ingiltərədə lobbiçiliyini edən fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərova məxsus Avropa Azərbaycanlıları Cəmiyyəti barədə bugünlərdə ifşaedici məqalə yayımlamışdı.
BAX: Britaniya mətbuatı Heydərovları yenə “vurdu”
Hyu Mur imzası ilə dərc olunan budəfəki məqalədə isə Azərbaycan hakimiyyəti ilə əlaqəsinə görə Britaniya parlamentinin üzvü Mayk Hankok hədəfə alınıb. Məqalədə deputatın bu yaxınlarda ölkəmizə səfərinin pərdəarxası detalları açıqlanıb. Hyu Mur Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş təntənəli mərasimlərdə iştirak etmək üçün ölkəmizə səfər edən ingilis deputatın hakimiyyət tərəfindən mükafatlandırıldığını yazıb.
Mayk Hankok
“Hankok sonuncu qəbuledilməz addımı bir müddət öncə atıb. Parlament üzvü keçmiş sovet ölkəsi, avtoritar idarəçiliyin hökm sürdüyü və Qərb dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən insan haqları və demokratiyanın vəziyyətinə görə sərt tənqid olunan Azərbaycana üç günlük səfər etdi. Səfərin məqsədi isə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi çərçivəsində keçirilən mərasimlərdə iştirak idi. Diqqətçəkən məqam isə ondan ibarətdir ki, Hankok bu səfər qarşılığında Azərbaycan hakimiyyətindən 1500 funt-sterlinq (təxminən 2400 dollar) dəyərində ”qonorar” alıb”, – deyə müəllif yazıb.
Hyu Mur daha sonra qeyd edir ki, Mayk Hankok Azərbaycana Əliyevlər hakimiyyətinə yaxınlığı ilə tanınan Azərbaycanda Vətəndaş Cəmiyyətinin Inkişafına Yardım Assosiasiyasının (AVCIYA) qonağı kimi səfər edib. Müəllif bunun ardınca AVCIYA-nın 2010-cu ilin saxta parlament seçkilərinə müsbət qiymət verdiyini qabardır: “Əksər beynəlxalq müşahidəçilər Ilham Əliyevin hakimiyyəti illərində keçirilən 2010-cu il parlament seçkilərində kütləvi qanun pozuntusu olduğunu bildirib. Lakin ”Azərbaycanda Vətəndaş Cəmiyyətinin Inkişafı Assosiasiyası” seçkilərin “şəffaf” və “ədalətli” keçdiyinə dair hesabat yayıb”.
Məqalənin sonunda ölkədə söz azadlığının pozulmasından bəhs olunur: “Qərb mətbuatı Azərbaycan hakimiyyətinin söz azadlığını necə məhdudlaşdırdığını dəfələrlə vurğulayıb. Azərbaycan hakimiyyəti müstəqil və müxalifyönlü jurnalistləri rahatlıqla həbsə atdıra bilir…”
Xatırladaq ki, məqalədə adı çəkilən britaniyalı deputat Hankok bir müddət əvvəl də Rusiya kəşfiyyatına işləyən şəxslərlə əlaqələrdə ittiham olunaraq dünya mediasının hədəfinə tuş gəlmişdi. Lakin, “The Guardian”ın müəllifi Hyu Murun yazdığına görə, sonradan özünün “yaxşı” əlaqələrindən yararlanaraq, bu qalmaqalın böyüməsinin qarşısını ala bilib.
Indi onun Azərbaycan hakimiyyətinə lobbiçilik edən bir qurumun dəvəti və pul müqabilində Bakıya səfərinin belə yüksək səviyyədə etirazla qarşılanması iki məqama dəlalət edir – britaniyalı deputatın şəxsi reputasiyasının zədəli olmasına və Azərbaycan hakimiyyətinin beynəlxalq aləmdəki bərbad imicinə.
Siyasət şöbəsi