Mehman Əliyev: «O zaman Türkiyə xüsusi xidmət orqanları baş redaktorun qətlini sifariş verənin və onu törədənlərin adını açıqlamışdı»
“Haqqin.az” saytının rəhbəri, vaxtilə “Monitor” jurnalında Elmar Hüseynovla birlikdə çalışan Eynulla Fətullayev Milli Təhlükəsizlik Nazirliyinin keçmiş idarə rəisi, general-mayor Akif Çovdarovun həbs olunmasını nəzərdə tutaraq “Elmarın qatili qandallandı” deyib.
Həmin dövrdə Elmar Hüseynovun qətlini araşdırmaq məqsədilə yaradılan Ictimai Komissiya üzvlərindən olan Şahbaz Xuduoğlu Modern.az saytına açıqlamasında bunu təsdiqləyib: “Elmarın qətlində Gürcüstan vətəndaşları iştirak etmişdi. Ehtimal var idi ki, həmin şəxslər Azərbaycana gətirilsin. Amma bu mümkün olmadı. Biz də apardığımız araşdırmalar nəticəsində belə qənaətə gəlmişdik ki, Elmarın izlənməsinə Akif Çovdarov başçılıq edib. Amma nə qədər ki, istintaq bu barədə rəsmi fikir söyləmirdi, sübut etmək çətin idi”.
Şahbaz Xuduoğlu deyib ki, ilk gündən Elmarın qətlinə rəhbərlik edilməsində Akif Çovdarovun adı hallanırdı: “Bizim də ehtimallarımız var idi. Ola bilər ki, Elmarın qətli yenidən gündəmə gəlsin, istintaq təzələnsin və Çovdarov bununla bağlı dindirilsin. Bu mümkündür, amma bunu istintaq orqanı həyata keçirməlidir”.
“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qarşısında tapançadan atılan 7 atəş nəticəsində qətlə yetirilib.
2006-cı il avqustun 14-də isə cinayətkar qrupa başçılıq etdiyini deyən Azərbaycan Daxili Işlər Nazirliyinin Cinayət-Axtarış Idarəsinin keçmiş əməkdaşı Hacı Məmmədov Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmədə Elmar Hüseynovu onun dəstəsinin öldürdüyünü bildirib. Lakin Hacı Məmmədovun dedikləri istintaqda təsdiqini tapmayıb.
Bəs E.Hüseynovun qətli yenidən gündəmə gətirilə və obyektiv araşdırıla bilərmi?
Mövzu ilə bağlı vaxtı ilə E.Hüseynovun araşdırma qrupuna daxil olan “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyevin mövqeyini öyrəndik. O hesab edir ki, E.Hüseynovun qətli yenidən gündəmə gətirilməlidir. M.Əliyev bildirdi ki, E.Hüseynov qətlə yetirilərkən Türkiyə xüsusi xidmət orqanlarının əməkdaşları Azərbaycanda araşdırma aparmışdı. Həmin vaxtı E.Hüseynovun qətlini törədən və onu sifariş verən barədə müvafiq orqanlara onların məlumat verdiyini deyən M.Əliyev vurğuladı ki, qətlin açılması hakimiyyətdən asılı məsələdir. O zaman Türkiyə xüsusi xidmət əməkdaşlarının araşdırmasının hansı nəticələri ortaya qoymasına gəlincə, M.Əliyev bildirdi ki, irəli sürülən versiya ilə A.Çovdarovla bağlı deyilənlər də üst-üstə düşə bilər.
Xəyal