Regionda gözlənilən müharibə “Azadlıq”da müzakirə olundu
İran Qum yaxınlığında uranın zənginləşdirildiyi obyekti niyə gizli saxlayır?
Iran ətrafında yaranmış situasiya hər ötən gün daha da gərginləşir. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin son hesabatından sonra Qərbin Irana qarşı ciddi addımlar atmaq ehtimalı da artıb. Hazırda regionda cərəyan edən proseslər “Azadlıq”da təşkil olunan dəyirmi masanın müzakirə mövzusu oldu. Mövzu ətrafında fikirlərini bölüşənlər isə politoloq Zərdüşt Əlizadə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu və “Respublikaçı Alternativ” (REAL) Vətəndaş Hərəkatının Idarə Heyətinin üzvü Azər Qasımovdur.
Dəyirmi masa iştirakçıları əvvəlcə regionda yaranmış hazırkı durumla bağlı fikirlərini açıqladılar:
Niyə Iranın nüvə silahı olmamalıdır?
Z.Əlizadə:
– Məlumatlara görə, Amerikanın 3000, Israilin 200 nüvə bombası var. Mütəxəssislərin hesablamalarına görə, əgər Iran atom silahı əldə etsə, maksimum 2 bombası ola bilər. Istər-istəməz sual yaranır ki, niyə başqa dövlətlər nüvə silahına malik ola bilər, amma Iran yox? BMT-də belə bir qadağa yoxdur.
Digər tərəfdən, Iran nüvə silahının yayılmaması haqqında Konvensiyanı imzalasa da, Israil belə bir addım atmayıb. Israil bütöv bir dövləti işğal edərək, bir xalqı əsarət altında saxlayır. Iran isə heç bir dövlətin ərazisini tutmayıb. Iran Islam inqilabından sonra yalnız səkkiz il Səddam Hüseynin günahı üzündən Iraqla müharibə aparıb.
Deyirlər ki, Iran nüvə silahını Israilə qarşı tətbiq edə bilər. Iran dövlətinin mahiyyəti imkan verməz ki, belə bir addım atsın. Birincisi, Israildə ərəblərlə yəhudilər birgə və çox sıx yaşayırlar. Ikincisi, Israildə müsəlmanların müqqədəs məkanı olan Əl-Aksa yerləşir. Iran buranı heç zaman hədəfə almaz. Yəni, bütün bunlar Iranı vurmaq üçün sırf bəhanədir.
Iraqa müdaxilə baş verməmişdən əvvəl dəfələrlə beynəlxalq komissiya bu ölkədə olsa da, kütləvi qırğın silahı aşkarlamamışdı. Amma bütün bunlara baxmayaraq, ABŞ Iraqda bioloji silahın olduğunu iddia edərək, bu ölkəyə girdi. Bir neçə il bu silahın axtarışı getdi və sonda heç bir nəticə olmadı. Amma əvəzində 300 min insan həlak oldu, ölkə viran qaldı. Indi bütün bunlardan sonra mən niyə Amerika kəşfiyyatına inanmalıyam?
Bəs Iranı niyə vurmaq istəyirlər? Çünki dünyada həcminə görə 3-cü qaz, 4-cü neft yataqları məhz Irandadır. Digər tərəfdən, Iranın geosiyasi əhəmiyyəti də böyükdür. Iranda insan hüquqlarının pozulmasına gəlincə, Liviyada baş verənlərdən sonra insan hüquqları unudulmalıdır. Bəyan olunmuşdu ki, Qəzzafi 300 nəfəri öldürüb, amma sonda onu yıxmaq üçün 30 ÿmin adamı öldürdülər. Liviyaya qarşı əməliyyatlarda qeyri-demokratik Qətər, Səudiyyə Ərəbistanı kimi ölkələr iştirak edirdi.
Hazırda bütün dünyanı təftiş edib, bir mərkəzə tabe etməyə çalışırlar. O da unudulmamalıdır ki, Iran nə Əfqanıstan, nə Liviya, nə də Iraqdır.
Irandan sonra Türkiyə nüvə silahı əldə etməyə çalışacaq
E.Şahinoğlu:
– Zərdüşt bəy maraqlı sual verdi ki, niyə başqa dövlətlərə nüvə silahı əldə etmək olar, Irana olmaz? Burada beynəlxalq hüquqdan daha çox, real gerçəklikdən danışmaq lazımdır. Iranın siyasəti qeyri-müəyyəndir. Belə baxanda, Pakistan və Hindistanın da nüvə silahı var. Amma bu dövlətlərlə bağlı heç bir narahatlıq yoxdur. Lakin qorxurlar ki, Iran nüvə silahı əldə etsə, ondan istifadə etməyə çalışacaq. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hesabatı sıradan bir hesabat deyil, kifayət qədər ciddi sənəddir. Baş verənlərin fonunda Iranın özü də bəyan edir ki, Tehran nüvə silahı əldə etmək istəmir. Prezident açıqlamasında bildirib ki, Iranın belə istəyi yoxdur və bu, onların adət-ənənələrinə də ziddir. Amma belə istək yox idisə, BMT-də özlərinin də etiraf etdikləri kimi, Qum şəhərinin yaxınlığında uranın zənginləşdirildiyi mərkəzi niyə gizli saxlayırdılar? Görünür, Iranda da başa düşürlər ki, Qərb Tehranın nüvə proqramının hansı mərhələdə olduğunu anlayır.
Iran nüvə silahı əldə edəcəyi təqdirdə başqa dövlətləri vurmaq niyyətində olmadığı fikrilə də razı deyiləm. Iraq nümunəsini götürək. Düzdür, kütləvi qırğın silahı ilə olmasa da, hər halda, Iraq bir neçə bomba zərbəsilə Israil ərazisini vurmuşdu.
Z.Əlizadə:
– Amma ondan əvvəl Israil təyyarələri Iraq ərazisinə zərbə endirmişdilər və bu da həmin addıma cavab idi.
E.Şahinoğlu:
– Israili müdafiə etmək fikrim yoxdur. Amma Israil bu regionda ən demokratik ölkələrdən biridir. Pakistan və Hindistana gəlincə, Qərb bilir ki, onlarla ortaq məxrəcə gəlmək olar. Iranla isə bu mümkün deyil.
Burada bir məqam da diqqəti cəlb edir ki, Irandan sonra Türkiyə nüvə silahı əldə etməyə çalışacaq. Hazırda Türkiyənin də Israillə əlaqələrinin gərgin olduğu nəzərə alınmalıdır.
Iranın nüvə silahına malik olması Azərbaycana sərf eləmir
A.Qasımov:
– Hazırda müzakirə olunan problem beynəlxalq sistemlə bağlı məsələdir. Bu baxımdan Zərdüşt bəylə razıyam ki, bugünkü beynəlxalq sistem Ikinci Dünya Müharibəsi bitəndən sonra formalaşan sistemdir. Iraqa qarşı hərbi müdaxilə olan zaman Almaniya və Fransa ABŞ-ı dəstəkləmədilər. Yəni, Qərb özü o zaman parçalanmışdı. Bu zaman ABŞ prezidenti Buş belə bir fikir söyləmişdi ki, Ikinci Dünya Müharibəsindən qalan bu ədalətsiz sistem dəyişməlidir. Çünki sual olunurdu ki, nəyə görə Rusiya Təhlükəsizlik Şurasında olduğu halda, Braziliya, Hindistan burada təmsil olunmasın?
Hazırda beynəlxalq sistem bir çox problemləri çözə bilmir. BMT 1948-ci ildə qərar vermişdi ki, Israillə yanaşı, Fələstin dövləti də yaradılsın. Amma bu, olmadı. Müsəlman, ərəb dünyası, o cümlədən Iran üçün bu, böyük problemdir. Bu, məsələyə geosiyasi yanaşmadır. Amma baş verənlərə Azərbaycan maraqları kontekstindən yanaşsaq, hesab edirəm ki, sual bu cür qoyulmamalıdır: niyə Iranda da nüvə silahı olmasın? Regionda nüvə silahına malik dövlətin mövcudluğu Azərbaycanın marağında deyil. Çünki Azərbaycana Irandan müəyyən təsirlər var. Əgər Iranda nüvə silahı olsa, gələcəkdə Tehrana ABŞ-ın, Qərbin təzyiqləri mənasız olacaq. Eyni zamanda bu, Rusiyanın da maraqlarına uyğun deyil.
E.Şahinoğlu:
– O zaman siz düşünürsünüz ki, Irana qarşı təzyiqlərin arxasında məhz bu məqamlar dayanır?
A.Qasımov:
– Bəli. Təzyiqlər daha çox bununla bağlıdır. Hətta ərəb dünyasında da bunu istəmirlər. Zərdüşt bəy burada Iranın sülhpərvər obrazını cızdı…
Z.Əlizadə:
– Mən, sadəcə olaraq, soruşdum ki, Islam inqilabından sonra Iran kimə hücum edib?
“Iran Azərbaycan üçün təhlükəli dövlətdir”
A.Qasımov:
– Düzdür, fakt yoxdur. Vaxtilə Iraqla səkkiz illik müharibə olub. Belə baxanda, Iran bir dövlətə müdaxilə etməyib. Amma düşünürəm ki, Iranın sadəcə, belə bir imkanı olmayıb. Qərb həmişə onu nəzarət altında saxlayıb ki, Tehran hər hansı səhv addım atsın və Irana müdaxiləyə imkan yaransın. Ən azı, Iranın dövlət başçısının və dini rəhbərinin çıxışları bu ölkədəki rejimin sülhpərvər olmadığından xəbər verir. Bu iki şəxs hər zaman çıxışlarında “biz Israili tanımırıq və onu yer üzündən siləcəyik” bəyanatlarını verir. Amma demokratik dövlətlər, o cümlədən Amerika özünü belə aparmır. Hətta Amerikanın bundan əvvəlki, müharibəyə meylli prezidenti Corc Buş da belə bəyanatlar verməmişdi ki, “Iranı yer üzündən siləcək”. Iran rejimi dini doqmalar üzərində dayanır. Dini doqmalar isə rasional düşüncəni, məntiqi inkar edir. Bu baxımdan nəzərə almaq lazımdır ki, Iran Azərbaycan üçün təhlükəli dövlətdir.
Iran “Hizbullah” və “Həmas”ı dəstəkləməkdə haqlıdırmı?
– Irana qarşı konkret ittihamların irəli sürülməsində, Tehran rejiminin təhlükəli sayılmasında bu ölkənin uzun illərdir ki, terroru dəstəkləyən bir dövlət kimi tanınması nə dərəcədə rol oynayır?
Z.Əlizadə:
– Azərbaycan xalqının yaxşı bir məsəli var: adamın adı çıxınca, canı çıxsın. Iran Livanda “Hizbullah”a, Fələstində “Həmas”a dəstək verir. Bu təşkilatlar nə tələb edir? Onlar torpaqlarını geri istəyirlər. Deməli, bu təşkilatlar primitiv raketləri atan zaman bu terror sayılır, dişinə qədər silahlanmış Israil ordusu dinc fələstinliləri vuranda isə bu, labüd itki kimi qiymətləndirilir…
E.Şahinoğlu:
– Iranın bu təşkilatlara mənəvi dəstəyini anlamaq olar. Amma bir də var, Suriya üzərindən Iran bu təşkilatlara silahlı dəstələrlə yardım edir. “Həmas”ı yaxşı anlamaq olar ki, müstəqillik uğrunda mübarizə aparır. Halbuki, bu təşkilatın metodlarının hamısına bəraət qazandırmaq olmaz. Lakin “Hizbullah” haqqında bunu demək mümkün deyil. “Hizbullah” Livanda məskunlaşan bir təşkilatdır, onun Iranda da bir qolu var. Həmin qol bu yaxınlarda Azərbaycanı hədələmişdi. Iranın məhz bu təşkilatlara silah ötürməsinin, dəstəkləməsinin məqsədi anlaşılmır.
Z.Əlizadə:
– Fransa Liviyadakı üsyançılara silah ötürə bilər, amma Iran “Hizbullah” və “Həmas”a kömək edə bilməz… Qərbin ədalət meyarı budur ki, Qəzzafi getməliyli. Halbuki, Qəzzafi rəsmi rəhbər idi və Qərb onu qəbul edirdi. O zaman belə çıxır ki, Liviya üsyançılarına silah dəstəyi göstərmək, onları havadan dəstəkləmək olardı, amma Iran əsarət altında olan xalqın mübarizəsinə dəstək verə bilməz…
E.Şahinoğlu:
– Bir var, beynəlxaq hüquq, bir də var, reallıq. Gerçəklik ondan ibarətdir ki, Liviyada Qəzzafi rejimindən hamı bezmişdi. Fikir verdinizsə, Rusiya və Çin də Liviya hadisələri zamanı veto hüququndan istifadə etmək imkanına malik olduqları halda, bunu etmədilər.
Z.Əlizadə:
– “Bezmək” deyəndə ki, Rusiya fikirləşir ki, neft çıxan ölkələrdə vəziyyət gərginləşdikcə neftin qiyməti qalxır. Bu isə Moskvanın maraqlarına uyğundur. Çinə gəlincə, bəzi dövlətlər 15 il sonranı fikirləşdiyi halda, Çin yüz il sonranı düşünür.
A.Qasımov:
– Liviyada baş verənlərə Fransa və NATO müdaxilə edəndə müxalifətçilərə yardım edirdi. Bu, hansısa bir terrorçu təşkilata kömək deyildi…
Z.Əlizadə:
– Bəs Qəzzafi və onun yaxınlarının öldürülməsi müxalifətçilərin reallaşdırdığı terror olayı deyildi?
A.Qasımov:
– Rəsmi şəkildə heç bir qərar verilməmişdi ki, Qəzzafi öldürülsün. Amma “Həmas” və “Hizbullah”ın terror əməlləri var. Onlar tərəfindən etiraflar da olunub.
– Tutaq ki, ABŞ Irana qarşı ədalətsiz mövqe tutur. Bəs o zaman Iranın Azərbaycana qarşı tutduğu sərt, ədalətsiz mövqeni necə qiymətləndirmək olar? Axı Irana qarşı təzyiqlər Tehrana bəraət qazandırmır ki, Azərbaycana bu cür yanaşsın…
(ardı növbəti sayımızda)
Xəyal Şahinoğlu