226 il əvvəl elan etdiyi insan haqları bəyannaməsi ilə dünyanı silkələyən Fransa bu gün terrorla sarsıdılır
Oxuyacağınız bu müddəalar günümüzdə din pərdəsinə bürünmüş terrorla sarsıdılan Fransada 226 il əvvəl qəbul edilmiş bəyannamədəndir. “İnsanın və vətəndaşın hüquqları haqqında Bəyannamə” dünyanı silkələyən 1789-cu il Böyük Fransa İnqilabının nəticəsi kimi daxil oldu tarixə. Bəyannamədə yazılır:
- İnsanlar azad və bərabər hüquqlarla doğulur və yaşayırlar.
- Xalq suveren hakimiyyətin mənbəyini təşkil edir. Fərdlərin heç bir birliyi, heç bir fərd xalqdan gəlməyən hakimiyyətə malik ola bilməz.
- Bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər.
- Heç kəs öz baxışlarına, hətta dini baxışlarına görə sıxışdırılmamalıdır.
- Fikir və mövqeyin azad ifadəsi insanın ən qiymətli hüquqlarından biridir.
- Dövlətin gücü ixtiyar sahiblərinin şəxsi maraqları üçün deyil, hamının mənafeyinə xidmət etmək üçün yaradılır.
- Cəmiyyətin hər hansı vəzifəli şəxsdən ona tapşırılmış idarəetmə sahəsinə dair hesabat tələb etmək hüququ var.
- Mülkiyyət toxunulmaz və müqəddəs hüquq olduğuna görə heç kəs ondan məhrum edilə bilməz.
Bu gün dünyanın bir hissəsində höküm sürən avtoritar rejimləri, cəhalət və hüquqsuzluq yayan idarəetmələri, həm də avtoritarizmə, hüquqsuzluq və ədalətsizliyə, insan hüquq və azadlıqlarının boğulmasına görə cücərib boy atan silahlı toqquşmaları, terrorları görəndə düşünürsən ki, insanlıq o tarixi sənədin qəbulundan ötən 226 ildə irəliyə doğru nə qədər yarımçıq addım atıb…