elnurastanbeyli@gmail.com
(I yazı)
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həm də regionda demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının təmin olunmasında ən böyük maneədir” – bunu Ilham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dünən Ombudsmanların XIII Bakı Beynəlxalq Konfransında çıxışında bildirib.
Əslində, cənab Həsənovun bu dediklərində bizim üçün yeni, qəribə, təəccüblü heç nə yoxdur. Yaptokratiya Azərbaycanla bağlı hər taleyüklü məsələnin qarşısına Qarabağ məsələsini çıxarmağa çoxdan vərdiş edib. Torpaqların işğalı rejim üçün çoxdan qalxan rolu oynayır. Nə vaxt korrupsiyadan danışsan, monopoliyalardan, məmur harınlığından yazsan, seçkiləri niyə saxtalaşdırdıqlarını, insanları haqsız yerə, siyasi sifariş və intiqam hissi ilə niyə həbsə atdıqlarını soruşsan, dərhal qayıdırlar ki, “bizim Qarabağ kimi dərdimiz var”.
Qarabağ kimi dərdimiz olduğunu heç kim inkar eləmir. Amma bunu da qəbul etmək lazımdır ki, çağdaş dünyada bütün problemlər kimi, ərazi münaqişələrinin, hərbi işğalların həll yolu hüququn üstün olduğu, ədalətin, azadlıqların təmin edildiyi bir ölkəyə çevrilməkdən keçir. Yalnız hüquqi-demokratik dövlət qurulması Azərbaycanı öz torpaq bütünlüyünü təmin edə və qoruya biləcək qədər güclü, qüdrətli edə bilər. Yalana qaz verə-verə, həqiqətləri malalaya-malalaya, doğru deyənlərə, yazanlara qənim kəsilə-kəsilə siz başqalarını bu münaqişədə haqlı tərəf olduğunuza necə inandıra bilərsiniz? Siz öz vətəndaşlarınızla zor, zopa dili ilə danışa-danışa, dünyanı necə inandıra bilərsiniz ki, Qarabağ işğaldan azad edildiyi təqdirdə oranın erməni əhalisi heç bir təzyiq, təhdid, təhlükə hiss etməyəcək?
Indi özünüzün də çıxıb illərdir “reketliklə” məşğul olduğunu etiraf etdiyiniz MTN-in qondarma ittihamlarıyla “ermənipərəst” deyə damğalamağa çalışdığınız yaşlı, xəstə bir qadına – Leyla Yunusa həbsxana divarları arasında bunca zülm, zillət yaşadıb, sonra da dünyanı Qarabağdakı ermənilərə hər cür can və mal güvənliyi verəcəyinizə arxayın sala bilərsinizmi?
Gəlin vətənşüvənliyi bir kənara qoyaq, bir az da praqmatik, ağıllı, soyuq başla düşünək: Azərbaycanı Qarabağın erməni əhalisi üçün də cəlbedici vəziyyətə gətirməyin, onların buradakı inkişafa ağzı sulanaraq baxmalarının və yersiz inadını qırmalarının, yanlışdan döndərilmələrinin hüquqi-demokratik dövlətə çevrilməkdən başqa yolu varmı?
Uzun sözün qısası, demokratiyanın önünü tıxamaq, insan hüquqlarına və azadlıqlarına sayğılı bir dövlət və cəmiyyət qurmaqdan yayınmağa çalışmaq əsla Qarabağ kimi bir dərdimizin olması ilə əsaslandırıla bilməz. Qarabağ problemi Azərbaycanın çağdaş, mədəni, modern bir dünya ölkəsinə çevrilməməsi üçün bəhanə kimi istifadə edilə bilməz. Əksinə, Qarabağın işğalçı caynağından qurtuluşunun ən qısa, ən kəsə, ən ağrısız, ən real yolu məhz Azərbaycanda hüququn, azadlıqların, ədalətin, həqiqətin təntənəsidir. Belə bir təntənənin bu ölkəni hər kəsin nə qədər güclü, sayğın, cazibədar edəcəyinə şübhə etmək üçün zamanın ruhundan bixəbər olmaq lazımdır.
Putinin imperialist ruhlu rejiminin demokratiya yolunda önəmli məsafələr qət edən Gürcüstana, Ukraynaya aşırı nifrətinin gerçək səbəbi də əslində budur: o ölkələr ki, çağdaşlaşmağa çalışırlar, o ölkələr ki, bəşəri dəyərlərə qovuşmaq istəyirlər, bu, Qarabağ da daxil olmaqla, yaşadığımız coğrafiyadakı bütün münaqişə ocaqlarının bir nömrəli alovlandırıcısı Kremlin işinə yaramır. Putin rejimi başa düşür ki, istiqlal və hürriyyətin zəfəri onun qaladığı savaş tonqallarını söndürə, beləcə, Kremlin yüzillərdir davam edən imperialist niyyətlərini həyata keçirmək üçün ən əsas təsir vasitəsi əlindən çıxa bilər.
Yaxşı, indi deyin görək: Azərbaycanın torpaq bütünlüyünün pozulmasında həlledici faktorun Kreml olduğu məsələsində hər birimiz həmfikirkən niyə Azərbaycanın idarə olunmasında Kreml dəsti-xəttindən istifadə olunur? Niyə Kremlin demokratiyaya qarşı təcrübədən çıxardığı metodlar burada da, həm də bəzən daha kəskin formada tətbiq edilir? Necə deyərlər, “bu nə pəhrizdir, o nə alça turşusu?!”