Hakimiyyət Britaniya hökumətini niyə qərəzli hesab edir?
YAP hakimiyyətinin “oturuşmuş” bir prinsipi var. Belə ki, istər ölkədə, istərsə də xaricdə kimsə YAP hakimiyyətini tənqid edirsə, ölkədəki neqativ halları dilə gətirirsə həmin şəxslər dərhal “qara siyahı”ya salınır. Əslində təkcə şəxslər deyil ən mötəbər beynəlxalq təşkilatlar da Azərbaycanla bağlı tənqidi hesabatlar yayanda həmin təşkilatları dərhal erməni lobbisi ilə əlaqələndirirlər. Yəni, fərqli fikrə, tənqidə qarşı bu hakimiyyət olduqca dözümsüzdür və bunun nəticəsidir ki, ölkədə 100-ə yaxın siyasi məhbus var.
Bugünlərdə isə hökumət mətbuatı Böyük Britaniyanı söyməyə başlayıb. Yenə də “bizə paxıllıq edirlər”, “inkişafımızı gözləri götürmür”, “Azərbaycana qarşı ikili standartlardan çıxış edirlər” kimi çürümüş ittihamlar meydan sulayır. Səbəb də budur ki, Böyük Britaniya hökuməti səfər etməyin tamamilə təhlükəli və qismən təhlükəli olduğu ölkələrin siyahısını açıqlayıb. Həmi siyahıya görə Azərbaycan “qismən təhlükəli” ölkələrin sırasına daxil edilib. Qeyd edək ki, hesabatda 18 dövlət səfər etməyin tamamilə təhlükəli olduğu, 45 dövlət isə səfər etməyin qismən təhlükəli olduğu ölkələr siyahısına daxil edilib. Azərbaycan, Türkiyə, Rusiya, Ermənistan, Ukrayna və Israilin adı səfər etməyin qismən təhlükəli olduğu ölkələr sırasındadır. Səfər etməyin tamamilə təhlükəli olduğu ölkələr əsasən Afrika ölkələridir. Bu siyahıya Asiyadan Fələstin, Əfqanıstan, Iraq, Yəmən də daxil edilib.
Göründüyü kimi siyahı genişdir və burda hər hansı qərəzdən söhbət gedə bilməz. Amma hökumətin bu “qismən təhlükəli” ifadəsinə aqressiyası ümumiyyətlə absurddur.
Təkcə MTN-də baş verənlər göstərdi ki, bu ölkədə təhlükəsizliyə nəzarət etməli olan qurumun özün təhlükə mənbəyidir. Ölkə başçısı özü etiraf etdi ki, bu adamlar reketçiliklə, dələduzluqla məşğul olurmuşlar. Bir ölkədə MTN generalı gizli həbsxana saxlayırsa, vətəndaşları şantaj edib həbsə atırlarsa, insanların halal qazancı əlindən alınırsa, vəzifədən sui-istifadə edib qətllər törədilirsə, həmin ölkə əlbəttə ki, təhlükəli hesab edilməlidir. Bir ölkədə ki, otellərə kamera yerləşdirib insanların şəxsi həyatına müdaxilə edilirsə, insanlar siyasi mövqeyinə görə yaxınları ilə şantaj olunursa, müstəqil və obyektiv məhkəmə sistemi yoxdursa, dərman preparatlarının tərkibi dəyişdirilirsə, insan həyatının dəyəri ucuzlaşıbsa, həmin ölkə çox təhlükəlidir. Və nəhayət bir ölkədə ki, korrupsiya meydan sulayırsa, pul bütün dəyərlərdən üstün olubsa, həmin ölkə insan həyatı üçün çox təhlükəlidir.
Ona görə də hökumətyönlülər Böyük Britaniyanın ittiham etmək əvəzinə, yaratdıqları “əsər”ə nəzər salsınlar. Artıq Azərbaycan gerçəklərini bütün dünya görür və bilir. Artıq dünyanı “inkişaf”, “tollerantlıq” nağılları ilə aldatmaq mümkün deyil. Birdə ki, gecə-gündüz ölkə telekanallarında anti-Avropa kampaniyası aparılırsa, inanclı insanlara qarşı çirkin təbliğat maşını işə düşübsə, bu ölkə Avropalı üçün də, özünü müsəlman hesab edənlər üçün də təhlükəli görünməlidir.
Bu hakimiyyət hələ şükr etməlidir ki, Azərbaycanı “qismən təhlükəli” ölkələr siyahısına salıblar.
Fakt budur ki, yürüdülən siyasət Azərbaycanı dünyadan təcrid edir və təhlükə adasına çevrir.
İlham