Rusiyanın Suriya ilə bağlı sülh planı açıqlandı
Rusiyanın Suriya ilə bağlı sülh planının detalları məlum olub. BBC-nin məlumatına görə, BMT-də paylanan sənəddə Suriyada Konstitusiya islahatının keçirilməsi təklif olunur. Rusiya Suriya hökumətinin və müxalifətinin Konstitusiya islahatı üçün razılığa gəlməyini istəyir. Sənədə görə 18 ay davam edəcək islahatdan sonra ölkədə prezident seçkiləri keçiriləcək. Bu da o deməkdir ki, Rusiya prezidenti Suriya lideri Bəşər Əsəd üçün təxminən 2 illik möhlət istəyir.
Sənəddə qeyd olunur ki, şənbə günü Suriya münaqişəsinin müzakirəsinə dair Vyanada keçiriləcək həlledici danışıqlarda Suriya müxalifəti də iştirak edəcək.
Moskvanın 8 bəndlik təklifinə Suriya müxalifətindən operativ reaksiya gəlib. Müxalifət Rusiyanın sülh planı ilə razılaşmadığını bəyan edib.
Suriya Milli Koalisiyasının üzvü Monzer Ağbık “Reuters”ə bildirib ki, Suriya xalqı heç vaxt Əsəd diktaturasını qəbul etməyib və bundan sonra da etməyəcək: “Rusiya oyun oynamağa çalışır. Bu oyuna Cenevrədən başlayıblar”.
Koalisiya üzvü Hadi əl-Bahra isə qeyd edib ki, hazırkı şəraitdə Suriyada ədalətli seçki keçirilə bilməz: “Seçki necə ədalətli keçə bilər ki, Suriya vətəndaşları xüsusi xidmət orqanları tərəfindən təqib olunur və onlardan qorxurlar”. Koalisiya üzvlərindən Mişel Kilo isə sülh planını Rusiyanın Əsədi hakimiyyətdə saxlamaq niyyəti kimi qiymətləndirib: “Əgər Rusiya Suriyada seçki keçirilməsi ilə bağlı digər ölkələri də razı sala bilsə, bu fəlakət olacaq. Suriya ilə bağlı istənilən plan vətəndaşların iradəsini əks etdirməli, kənardan sırınmamalıdır”.
Suriyalı müxaliflər hesab edir ki, Bəşər Əsəd hakimiyyətdə qalsa, ölkədə sülhü bərqərar etmək mümkün olmayacaq.
Sülh planında o da qeyd olunur ki, xalq tərəfindən seçilmiş prezident silahlı qüvvələrə, xüsusi xidmət orqanlarına və xarici siyasət sahəsinə nəzarət edəcək. Islahat prosesinə bütün maraqlı tərəflərin qəbul edəcəyi namizəd rəhbərlik edəcək.
BMT-nin xüsusi məsələlər üzrə səfiri Steffan de Mistura isə hesab edir ki, Suriya hökümətiylə müxalif qrupların birləşmiş nümayəndə heyəti arasında keçid hökümətinin formalaşmasını nəzərdə tutan siyasi proses başladılmalıdır. Bu proses 2012-ci ilin Cenevrə razılaşması əsasında həyata keçirilməlidir.
Mistura dünya güclərini 4 il davam edən müharibəyə son qoya biləcək yol xəritəsi hazırlamağa çağırıb.
Səfir BMT Təhlükəsizlik Şurasında keçirdiyi brifinqdə bildirib ki, Vyana görüşünün yaratdığı fürsət itirilməməlidir.
Gültəkin