Ölkə başçısı 200 manatın ümidinə qalan elm adamlarından nə tələb edir?
Ölkə başçısı demək olar ki, əksər tədbirlərdə iştirak edir və maraqlı nitq söyləyir. Hər dəfə fövqəladə çıxışlar edən prezidentimiz bizi təəccübləndirməyi bacarır. Bu dəfə də ölkə başçısı Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş yığıncaqda geniş nitq söyləyib və alimlərə çağırış edib. Yeri gəlmişkən, Zaqatala və Şəki çıxışlarından fərqli olaraq, Elmlər Akademiyasında ölkə başçısı daha obyektiv çıxış edib. Yəni, Şəkidə uğurlu inkişafdan danışsa da, Elmlər Akademiyasında sonu görünməyən böhrandan danışıb. Görünür, sadə vətəndaşdan fərqli olaraq alimlərə qeyri-real statistikalardan danışmaq çətindir.
“Bu gün dünyada yeni bir dövr yaşanır. Bunu televiziyadan və kütləvi informasiya vasitələrindən hər bir vətəndaş görür ki, həm bölgədə, həm dünyada inkişaf, əfsuslar olsun, müsbət istiqamətdə getmir. Yeni təhlükələr, təhdidlər, risklər, qarşıdurmalar, müharibələr yaranır. Əfsuslar olsun ki, gələcəklə bağlı proqnoz verərkən nikbinlik üçün heç bir əsas yoxdur. Belə bir şəraitdə hər bir ölkə, əlbəttə, ilk növbədə daxili resurslara arxalanmalı, öz təhlükəsizliyini daha da böyük dərəcədə təmin etməli, dünyada yaşanan maliyyə və iqtisadi böhran zamanı öz iqtisadi modelində müəyyən düzəlişlər aparmalıdır. Eyni zamanda, bu gün dünyada yaşanan iqtisadi böhran hələ ki, davam edir, sonu görünmür” – deyə ölkə başçısı bildirib.
Deməli, neftin qiyməti 120 dollar olanda alimlərin məsləhətinə, iqtisadi modelə düzəliş etməyə ehtiyac yox imiş. Elə ki, böhranın sonu görünməz olub, ölkə başçısı ac-yalavac alimlərdən kömək ummağa başlayıb. Yəni, demək istəyib ki, biz uzun illər neft milyardlarından məst olmuşuq, indi böhran bizi oyadıb.
Daha sonra ölkə başçısı ölkə vətəndaşlarının sayının artmasından danışıb və bu artımın gətirəcəyi çətinliklərə diqqət çəkib: “Ölkə iqtisadiyyatı inkişaf etməyə başlayandan, sabitlik tam bərqərar olandan sonra demoqrafik vəziyyət yaxşılaşdı. Bu gün Azərbaycan əhalisi sürətlə artır, bir neçə ildən sonra 10 milyon səviyyəsinə çatacaqdır. Əlbəttə ki, bu, bizim böyük sərvətimizdir. Ancaq bu vəziyyət, eyni zamanda bir çox məsələlərin həllini diktə edir. Artan əhali artan iş yerləri deməkdir. Iş yerlərinin açılması üçün həm dövlət investisiyaları, həm də xarici investisiyalar qoyulmalıdır. Indi bizim gəlirlərimiz azalır, bu, təbiidir, neftin qiyməti 100 dollardan 50 dollara, ondan da aşağı səviyyəyə düşübdür. Biz çalışmalıyıq ki, Azərbaycana daha çox xarici sərmayə cəlb edək. Ümumiyyətlə, hesab edirəm ki, bizim alimlərimiz demoqrafik vəziyyətlə bağlı daha da fəal işləməlidirlər. Əgər biz bunlar barədə fikirləşməsək, gün gələcək ki, bu, böyük problemlərə gətirib çıxaracaq. Ona görə biz indidən bütün bu demoqrafik inkişafı əsas götürərək, bütün istiqamətlər üzrə yeni strategiyamızı buna uyğun şəkildə müəyyən etməliyik. Elmi araşdırmalar sadəcə olaraq araşdırmalar üçün deyil, ölkə iqtisadiyyatının təhlükəsizlik potensialının güclənməsinə yönəlməlidir. Hesab edirəm, vaxt gəlib çatıb ki, müstəqillik dövrünə həsr edilən sanballı elmi əsər də yaradılsın”.
Bəli, ölkə başçısı deyir ki, qarşıda bizi aclıq gözləyir və “analoqsuz inkişaf” şüarı ilə doymaq mümkün deyil.
Amma bu yazıda məqsədimiz ölkə başçısının alimlərdən gözləntisinə münasibət bildirməkdi.
Görəsən, 150-200 manatın girovluğunda yaşayan alimdən, necə böyük işlər gözləmək olar? Axı hökumət hansı haqla alimlərdən kömək istəyir? 20 ildən artıqdır ki, alimlərin dövlətin dəstəyinə ehtiyacı var. Amma vəzifəli şəxslər öz adlarına sifarişli kitablar yazdırır, fəxri adlar alır, alim kimi cəmiyyətə təqdim olunur. Əsl alimlər isə köhnə kostyumda, beli bükülmüş vəziyyətdə ömürlərini başa vururlar.
Niyə neftin qiyməti 120 dollar olanda elmi işçilərin əmək haqqı artırılmadı, niyə gənclərin elmə həvəsini artırmaq üçün stimulverici sərəncamlar imzalanmadı? Elmlər Akademiyasını bazara çevirəndən sonra, alimdən kömək gözləməyə dəyərmi? Ramiz Mehdiyev etiraf etmişdi ki, PA-da işə götürmək üçün savadlı kadr tapa bilmirik.
Ən dəhşətlisi isə budur ki, büdcə xərclərində elmin inkişafı üçün hər 100 manatdan 8 qəpik nəzərdə tutulur. Bəli, büdcə xərcləri sırasında ən az vəsait elm və təhsilin payına düşür.
Demək istəyirik ki, ölkə başçısı alimlərdən böhranlı vəziyyətdən çıxış planı hazırlamağı tələb edərkən, alimlərin və elmin hansı vəziyyətə salındığını da unutmasın. Bu gün elmin və alimin bu vəziyyətdə olması, məhz bu hakimiyyətin “xidmət”idir.
Samir