Eldəniz Quliyev, Azərbaycan Ziyalılar Birliyinin sədri
Təəssüf ki, bir çox siyasi partiya rəhbərləri bu və ya digər mühüm hadisələrə münasibət bildirərkən əsasən, müsahibə janrına üstünlük verirlər. Bu da başadüşüləndi. Çünki müsahibə çox vaxt müsahibi bəzi mürəkkəb və mübahisəli məsələlərdən sığortalayır; çətinə düşəndə “mən belə deməmişəm, bunu jurnalist səhv traktovka edib” və sair kimi bəhanələr gətirmək olur.
Ancaq şübhə etmirəm ki, AXCP lideri Əli Kərimli istisnadı. O, bir dəfə də olsun, ölkə və xalq üçün müstəsna əhəmiyyət kəsb edən məsələlərdən, kəskin problemlərdən yan keçməyib, hətta bəzən riskli mövzulardan, bir çox siyasətçilərin ikicə kəlmə açıqlama verməkdən belə, boyun qaçırdığı qlobal siyasi situasiyalardan da çəkinməyib. Yazıb. Danışıb. Həmişə də mütərəqqi düşüncə, humanist mövqe, intellektual yanaşma və əsl siyasətçiyə xas olan analitik dünyagörüş sərgiləyib.
Bu baxımdan, bir neçə gün əvvəl onun ictimai müzakirəyə təqdim etdiyi “Hakimiyyətə və dini kəsimə mühüm müraciət” adlı analitik məqaləsini də sözün əsl mənasında, unikal yazı adlandırmaq olar. Əli Kərimli bu yazı ilə neçə vaxtdır ki, ölkə ictimaiyyətini düşündürən, narahat edən bir çox mühüm məsələlərə aydınlıq gətirdi. Vacib əhəmiyyət kəsb edən neçə-neçə ciddi, eləcə də ritorik suallar nəhayət ki, cavablandırıldı. Həm də ağıllı və praqmatik, məntiqli, ən əsası, obyektiv şəkildə.
Milli demokratik düşərgənin inanclı kəsimlə münasibətləri necə qurulmalıdır? Bu münasibətlərdə lüzumsuz konfrantasiyaya getmədən ortaq məxrəcə gəlmək mümkündürmü? Dünyəvi dövlət özündə nəyi ehtiva etməlidir?
AXCP sədrinin bu məsələlərlə bağlı lakonik mövqeyi əslində, proqram xarakterlidir: “…müasir, demokratik, hüquqi dövlət qurmaq istəklərimiz heç bir halda milli və dini kimliyimizdən imtinanı nəzərdə tutmamalıdır. Tam əksinə, milli və dini kimliyimiz respublika prinsipləri ilə birlikdə Azərbaycan dövlətçiliyinin əsas sütunları olmalıdır”.
Məqalə boyu yalnız və yalnız sağlam, humanist fikirlərə istinad edən Əli bəyin yazdıqları “bu gün nə etməliyik?”, “sabahımızı necə qurmalıyıq?”, “konstruktiv müqavimət hissini hansı vasitələrlə yaratmalıyıq?”, “cəmiyyətin immun sisteminin bərpası üçün hansı addımlar atılmalıdır?”, “demokratik və əsl tolerant məmləkət nəyin bahasına yaranır, inkişaf edir?” və s. suallara cavab tapmağa imkan verir.
Məqalədə bütün bu məsələlərə işıq salmaqla yanaşı, bir çox “müsahibəşünas” nihilist siyasətçilərə örnək ola biləcək qətiyyət və əzm də var.
Əli bəy, gözəl və dəyərli yazıya görə təşəkkürlər!