Avtoritarizm tərəfdarlarına daha bir zərbə. Bu dəfə demokratiya zəfəri Çin sərhəddindən – uzaq Şərqi Asiyadan gəldi. Myanmarda (keçmiş Birma) parlament seçkilərində hərbi xunta tərəfindən 15 il ev dustaqlığına məhkum edilmiş, Nobel mükafatı laureatı Aung San Suu Kyinin lideri olduğu Demokratiya Uğrunda Liqa 75 faizə qədər səs toplayaraq qalib gəldi. 60 milyon əhalisi olan Myanmar böyük təbii resurslara malikdir, lakin bacarıqsız və korrupsioner idarəetmə və iqtisadi sanksiyalar üzündən dünyanın ən kasıb ölkələrindəndir.
Myanmar demokratları çox ağır mübarizə yolu keçməli oldular. Aung San Suu Kyi və onun partiyası hələ 1990-cı ilin mayında keçirilmiş seçkilərdə də 80 faizə qədər səs toplayaraq möhtəşəm qələbə qazanmışdı. Lakin o zaman hərbçilər bu qələbəni tanımadılar. Seçkinin nəticəsini ləğv etdilər. İrimiqyaslı repressiyalar həyata keçirərək demokratik dəyişikliyi qan içində boğdular. ABŞ və Avropa Birliyi uzun müddət Myanmara qarşı ciddi iqtisadi sanksiyalar tətbiq etdi. Nəhayət, hökumət anladı ki, dünyadan təcrid olaraq və xalqa düşmən kəsilərək (hətta Çin kimi bir nəhəng arxa dursa da) əbədi idarə etmək olmaz. 2010-cu ildən başlanmış tədrici islahatlar ölkənin dünyaya açılmasına və bu bazar günü 25 ildən sonra demokratik seçkinin keçirilməsinə gətirib çıxardı.
Tam 25 il ərzində “onsuz da xeyri yoxdur”, “müxalifət qalib gələ bilmir, müxalifət dəyişməlidir”, “o boyda ordu bu hökumətin arxasındadır, biz nə edə bilərik ki?”, “bunların arxasında nəhəng Çin durur, Çin özü çökməsə xeyri yoxdur”, “heç lideriniz evindən bayıra çıxa bilmir, o sizi necə qələbəyə aparacaq?”, “bunlar yeyib doyub (oradakı rejim də korrupsionerdir), yenisi ac gələcək” fitnələrinə uymadan, yoruldum, bezdim demədən mübarizələrinə davam edən Myanmar demokratları elə ilk demokratik seçkidə çox güclü görünən rejimin kürəyini yerə vurub, parlaq qələbə qazandı.
Bu baş verənlərdən bizim ölkə üçün də hansı nəticələr çıxdığını daha detallı yazmağa ehtiyac var?