Ekspertlərə görə, Mərkəzi Bankın nikbinliyi əsassızdır
Məhəmməd Talıblı: «Mərkəzi Bankın rezervlərinin əriməsi ikinci devalvasiya üçün əsas faktordur»
Manatın ikinci devalvasiyasının qaçılmaz olduğunu əksər beynəlxalq və yerli ekspertlər vurğuladığı halda Mərkəzi Bank tam fərqli fikirdədir. Mərkəzi Banka görə, cəmiyyətdə narahatlıq doğuran manatın devalvasiyasının ikinci dalğası barədə şayiələrə baxmayaraq, milli valyutanın məzənnəsi sabit qalır.
MB valyuta ehtiyatlarının azalmasına rəğmən, bankın bazarı zəruri həcmdə dollar kütləsi ilə təmin etmək üzrə gördüyü tədbirlər manata olan etibarın yüksəldilməsinə yönəldilib. Belə bir açıqlama ilə MB rəhbərliyi çıxış edib: “Gözlənilən devalvasiya barədə şayiələrdən yaranan psixoloji təzyiq sayəsində bazarda vaxtaşırı müşahidə edilən ajiotaj ABŞ valyutasına tələbatın artmasına da gətirib çıxarır. Lakin bir müddətdən sonra mübadilə məntəqələrinin işi öz məcrasına qayıdır. Əvvəllər olduğu kimi, mübadilə məntəqələri qarşısında ya dolları yenidən manata dəyişən, ya da ehtiyaca (xaricə səfərlər, bank kreditlərinin ödənilməsi ilə bağlı) görə valyuta alan bir neçə nəfəri görmək olar.
Lakin il ərzində xarici valyutada defisit müşahidə olunmayıb, çünki AMB ilə yanaşı, Azərbaycan Respublikası Dövlət Neft Fondu da valyuta bazarına dollar çıxarır”.
MB-dən “Trend”ə ünvanlanan açıqlamada ölkədəki maliyyə sabitliyini beynəlxalq institutların da təsdiq etdiyi vurğulanıb: “Beynəlxalq maliyyə institutlarının 2015 və 2016-cı illər üçün Azərbaycan iqtisadiyyatının artımı üzrə proqnozları bunun təsdiqidir. Həmin proqnozlar artım istiqamətində yenidən nəzərdən keçirilib. Beynəlxalq Valyuta Fondu (BVF) oktyabrda Azərbaycanda iqtisadi artım proqnozunu 4 faizədək (əvvəl nəzərdə tutulmuş 1,8 faizdən) yaxşılaşdırdığı halda, Avropa Yenidənqurma və Inkişaf Bankı (AYIB) ötən gün 2015-ci ildə ölkə iqtisadiyyatının gözlənilən artım tempini Şərqi Avropa və Cənubi Qafqaz regionunda ən yüksək adlandırıb. AYIB Azərbaycan üçün iqtisadiyyatın artım proqnozunu 2015 və 2016-cı illərdə daha əvvəl nəzərdə tutulmuş 1,5 faizdən müvafiq olaraq 3 faizədək və 2,5 faizədək artırıb”.
Bu arada elə MB-nin bu cür nikbin proqnozunun fonunda nüfuzlu beynəlxalq təşkilat dolların gələcək kursu ilə bağlı proqnozunu açıqlayıb.
Dünyanın ikinci böyük valyuta treyderi “Deutsche Bank”a (Deutsche Bank AG) görə, dolların bahalaşaraq zirvə nöqtəsinin (pik) görüldüyünü demək üçün çox tezdir.
“Deutsche Bank”dan Alan Ruskin, ABŞ Mərkəzi Bankı Fedin faiz dərəcələrini qaldıracağına görə, “ralli” edən dolların, ləngiyən bir sürətdə də olsa yuxarı istiqamətli potensialını qoruduğunu bildirib.
Avro qarşısında bu il 10 faiz bahalaşan dollar, 2014-ci ildə 14 faiz dəyər qazanmışdı.
Ruskinə görə, yuxarı istiqamətli potensialın səbəbi dolların, Fed-in mərhələli olaraq faizləri artırarkən digər mərkəzi bankların faizləri aşağı salaraq təşviq siyasətinə başlamalarıdır.
“Euromoney”in sorğusuna görə, “Deutsche Bank”, “Citigroup Inc”dən sonra dünyanın ikinci böyük valyuta treyderidir (Marca).
Belə olan halda, ölkə reallıqları da nəzərə alınarsa, MB-nin nikbinliyinə əsas varmı? Həqiqətənmi hər ay valyuta rezervlərini tükədən MB ölkədə manatın kursuna və maliyyə proseslərinə nəzarət edir?
Iqtisadçı Məhəmməd Talıblının fikrincə, MB-nin nikbin proqnozlarının heç bir əsası yoxdur. M.Talıblının sözlərinə görə, hazırkı situasiya nəzərə alınarsa, MB-nin ikinci devalvasiya qərarı istisna olunmur: “Ikinci devalvasiya ilə bağlı müəyyən gözləntilər var. Bu gözləntilər də səbəbsiz deyil. Burada dünya bazarında neftin satış qiymətinin aşağı düşməsinin fonunda beynəlxalq qurumların müəyyən gözləntiləri var. Ikinci bir tərəfdən, neftin qiymətinin aşağı düşməsi ilə bərabər Mərkəzi Bankın valyuta ehtiyatları əriyir. Belə bir vəziyyətdə Mərkəzi Bankın rezervlərinin əriməsi ikinci devalvasiya üçün əsas faktordur”.
Hökumətin stabillik dedikdə əslində bazardakı nisbi sabitliyi nəzərdə tutduğunu deyən M.Talıblı vurğuladı ki, real sabitlik makroiqtisadi göstəricilərin stabil olduğu zaman söylənilə bilər. Eyni zamanda sürətli iqtisadi artımlar olmasa da, inersiya ilə müəyyən inkişafı olan iqtisadiyyatı sabit iqtisadiyyat adlandırmaq mümkündür: “Hökumət ikinci devalvasiyanın olmamasını sabitlik göstəricisi kimi qiymətləndirir. Amma bu, sabitlikdən daha çox özündə müəyyən risk doğuran faktorları ifadə edir”.
Xəyal