«Ciblərinə bir az pul qoysan, hansı havaya desən oynayarlar»
Gözəl Bayramlı: «Avropa Şurası seçkilərin hansı formada keçirilməsinə dair öz rəyini bildirməlidir»
Parlament seçkilərindən sonra Avropa Şurasından Azərbaycana qarşı sərt reaksiyalar gözləntisi özünü qismən doğrultsa da, istənilən həddə olmadı. Əksər AŞ PA müşahidəçiləri seçkiləri müdafiə edən bəyanat verdilər. Strateq.az-ın suallarını cavablandıran sabiq və “qiyamçı” səfir Arif Məmmədovun fikrincə, demokratik qüvvələr AŞ PA-dan ümidlərini kəsməlidirlər:
“Çünki AŞ PA-da toplanan deputatların bir qismi öz ölkələrində belə heç bir nüfuzu olmayan insanlardır və bizim hakimiyyət elə onlara arxalanır. Çoxları 2-3 ildən sonra təqaüdə çaxacaqlar. Ciblərinə bir az pul qoysan, hansı havaya desən, oynayarlar. Seçkilərlə bağlı bütün beynəlxalq qurumlar yalnız ATƏT-in rəyini əsas götürürlər”.
Bu barədə fikirlərini “Azadlıq”a söyləyən AXCP sədrinin müavini Gözəl Bayramlının fikrincə, Avropa Şurasının müşahidə missiyasında bir neçə nəfər, xüsusilə də Almaniyadan olan müşahidəçilər seçkilərlə bağlı məlum rəyi imzalamayıb. Seçkilərlə bağlı onların tamam başqa fikir sərgilədiyini deyən Gözəl xanım, 1 noyabrda baş tutan seçkinin xalqın iradəsini ifadə etmədiyini, saxtakarlıqla keçirildiyini bildirir:
“Bu məsələyə Avropa Şurasının rəyindən asılı olaraq mövqeyini bildirmək olar. Ümumiyyətlə, Azərbaycan beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə bu dəfə də əməl etmədi. Hətta həmin öhdəliklərdən biri olan seçkilərin saxtalaşdırılmaması, demokratik seçkinin keçirilməsi, hakimiyyətin xalqın iradəsindən formalaşdırılması məsələsinə də əməl olunmadı. Güman edirəm ki, beynəlxalq təşkilatlar ölkədə keçirilən seçkiyə adekvat qiymətini verəcək. Bir neçə beynəlxalq təşkilat seçkinin demokratik şəraitdə keçirilmədiyi, saxtakarlıqla baş tutduğu barədə öz rəylərini artıq veriblər. Avropa Şurası da xalqın iradəsinə hörmət edərək hakimiyyətin ələ aldığı bir neçə deputatın rəyinə deyil, sözün əsl mənasında seçkilərin hansı formada keçirilməsinə uyğun öz rəyini bildirməlidir”.
Nigar