AXCP sədri elə mövzudan yazdı ki…
AXCP sədri Əli Kərimli növbəti facebook qeydini cəmiyyətdə çoxlarının bilərəkdən, ya bilməyərəkdən tez-tez təkrarladığı zərərli bir fikrə həsr edib. Söhbət guya hakimiyyətə kim gəlir-gəlsin korrupsiyanın qalacağı fikrindən gedir. AXCP sədri konkret misallarla bunun nə qədər yanlış olduğunu sübut edir və qəsdən dövriyyəyə buraxıldığını yazır:
“Məmməd Əmin Rəsulzadə hakimiyyətdən devrildikdən, ölkəsi işğal olunduqdan sonra həyatının xeyli hissəsini mühacirətdə birotaqlı evdə kirayədə yaşamalı oldu. Həmin dövrdəki baş nazir Nəsib bəy Yusifbəyli baş nazir ola-ola atasından borc alırdı. Azərbaycanın xalq tərəfindən seçilmiş ilk və hələlik son prezidenti Əbülfəz Elçibəyin də borc içində dünyasını dəyişdiyi bilinən faktdır. Xalqımızın seçdiyi, xalqın içindən çıxmış dövlət rəhbərlərimiz heç vaxt korrupsioner və rüşvətxor olmadılar. Hamının bildiyi bu faktları indi ona görə xatırladıram ki, İlham Əliyev və ailəsi ilə bağlı hansısa korrupsiya faktı, iddiası ortaya çıxan kimi bir dəstə adam ortaya düşüb “guya başqası olsa, belə etməyəcək?”, “kim gəlir-gəlsin, heç nə dəyişməyəcək, bu millət düzələn deyil” tipli mənasız açıqlamaları ilə insanların əsəblərini korlamasınlar. Dövlətin zirvəsindəki korrupsiyadan danışmağa bir çox insanların qorxmasını başa düşürəm. Amma Allah eşqinə, belələri susub çəkilsinlər bir kənara, millətə niyə böhtan atırlar?”.