AKP-nin Gülənin nəzarətində olan Səadət Partiyası ilə ittifaq planlaşdırdığı bildirilir
7 iyun seçkisində 13 ildən sonra ilk dəfə təkbaşına iqtidar olmaq şansını itirən AKP üçün həlledici mərhələlərdən biri geridə qalıb. Koalisiyasız iqtidara gedən yolda əsas maneə dəf edilib və Türkiyə erkən seçkiyə qərar verib. Artıq ölkədə müvəqqəti seçim hökuməti qurularaq fəaliyyətə başlayıb.
AKP üçün Türkiyəni erkən seçkiyə aparmaq nə qədər çətin oldusa, bundan sonrakı prosesləri nəzarətdə saxlamaq və 1 noyabr seçkisində partiyanın hədəflədiyi qələbəni təmin etmək ən azı o qədər çətin olacaq. Türkiyədə son günlər keçirilən rəy sorğuları seçkinin nəticələrinin AKP üçün ürəkaçan olmayacağını göstərir. Amma bu nəticələrə istinad edib seçki günü yaşanacaqlar barədə yekun söz demək hələ çox tezdir. Proseslərin gedişi göstərir ki, qarşıdakı parlament seçkilərində hər cür sürpriz yaşana bilər. Bu sürpriz AKP-nin xeyrinə də ola bilər, ziyanına da.
Pensilvaniyaya barış mesajı?
Sürprizlərdən biri də hələ seçkiyə iki ay qalmış ortaya çıxıb. Türkiyə mətbuatının yazdığına görə, təkbaşına iqtidar planını gerçəkləşdirmək üçün arayışlara başlayan Ərdoğan Səadət Partyası ilə ittifaq üzərində düşünür. Uzun illər mərhum Nəcməddin Ərbakanın rəhbərlik etdiyi bu partiya Fətullah Gülənə yaxınlığı ilə tanınır. Əgər iki partiyanın ittifaqı barədə yazılanlar doğrudursa, bu, Ərdoğanın qarşıdakı seçkidə AKP-nin qələbəsini təmin etmək üçün Gülənlə barışığa belə, getməyə hazır olduğunu göstərir. Belə bir ittifaq baş tutmasa belə, xəbərin mətbuatda yayılması Pensilvaniyaya ünvanlanmış barışıq mesajı da ola bilər. Təbii ki, bunlar ehtimallardır. Mətbuatın iddiası isə belədir ki, AKP-Səadət ittifaqı üçün «düyməyə basılıb». Tərəflər arasında vasitəçiliyi isə Səadət Partiyasının keçmiş lideri Rəcai Kutan üstlənib.
Maraqlıdır ki, AKP-yə yaxın olan «Vəhdət» qəzetinin yazarlarından biri AKP-Səadət cütlüyü ilə bağlı məqalə hazırlayıb. Məqalədə bu məsələ ilə bağlı son qərarı Səadət Partiyasının hazırkı sədri Oğuzxan Əsiltürkün verəcəyi qeyd olunub.
Seçkidən əvvəl AKP-nin nəzarətində olan KİV-lərdə Səadət Partiyasının ünvanına «paralelçi» («Paralel dövlət» qurmaqda ittiham olunan Fətullah Gülənin adamları) olduqları, partiyanın Gülənin nəzarətinə verildiyi ilə bağlı çoxsaylı ittihamlar səsləndirilirdi. Amma proseslər AKP-nin planlaşdırdığı kimi getmədiyindən, Ərdoğan 7 iyunda təkbaşına iqtidar olmaq şansını itirdiyindən və ən əsası da indi üzdə olan partiyaların heç birilə hökuməti bölüşmək istəmədiyindən «Səadət»in qurtuluş ola biləcəyi iddia olunur.
Mətbuatın yazdığına görə, Səadat Partiyasının avqustun 27-də İdarə Heyətinin qəfil toplantısını çağırması da məhz bu məsələ ilə bağlı olub.
Hər mitinqə görə 10 min təzminat
Hadisələrin bu qızğın vaxtında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan MHP sədri Dövlət Baxçalıya qarşı iddia qaldırıb. Ərdoğan Baxçalını son seçki kampaniyasında keçirdiyi 10 təbliğat mitinqində onun barəsində həqiqətə uyğun olmayan iddialar səsləndirməkdə ittiham edir. Və partiya sədrindən 100 min lirə mənəvi təzminat istəyir. İddia ərizəsində bildirilir ki, Baxçalı işlətdiyi ifadələrdə söz azadlığının sərhədlərini aşıb, həmçinin Ərdoğanın dini hisslərini təhqir edib. Vəkillər məlum ifadələrlə Türkiyə prezidentinin şərəf və ləyaqətinin, şəxsiyyətinin alçaldığını bildirirlər. Onların sözlərinə görə, MHP sədri qanuna zidd və haqsız ifadələrə yol verib. Bu yolla da Rəcəb Tayyib Ərdoğanın xalq arasındakı nüfuzunu zədələməyə çalışıb. İddia tərəfi hər mitinqdə işlətdiyi məlum ifadələrə görə cavabdehdən 10 min lirə təzminat tələb edir. Bu da ümumilikdə 100 min lirə edir. Qeyd edək ki, təbliğat mitinqlərində Baxçalı əsasən Ərdoğan və oğlunun adının rüşvət qalmaqalına qarışmasını gündəmə gətirirdi.
Gültəkin