Ədalət Partiyasının sədri sabiq müavinini geri qaytarır?
Seçkilərin keçiriləcəyi tarix müəyyənləşdirildikdən sonra ölkənin siyasi partiyaları “namizədlər siyahısı”nı elan etməyə başlayıblar. Ancaq namizədlərini hələ müəyyənləşdirə bilməyən partiyalar da var. Seçkiyə hansı siyahı ilə qatılacağı məlum olmayan belə partiyalardan biri Milli Məclisin deputatı İlyas İsmayılovun sədrlik etdiyi Ədalət Partiyasıdır.
Partiyanın sədri İlyas İsmayılov APA-ya açıqlamasında bu dəfə də seçkilərə iki çağırış deputatı olduğu 106 saylı Tovuz-Ağstafa-Qazax seçki dairəsindən qatılacağını bildirsə də, “Azadlıq”ın əldə etdiyi məlumatlara görə, onun bu prosesdə iştirakını yaxın qohumu olan keçmiş müavini, RF prezidenti Vladimr Putinin tələbə yoldaşı İlham Rəhimov əngəlləmək istəyindədir.
Bildirildiyinə görə, ümumiyyətlə, bu seçki həm də Ədalət Partiyasının gələcək aqibətini – İlyas İsmayılovdan sonra Ədalət Partiyasına kimin rəhbərlik edəcəyini müəyyənləşdirdiyindən, indidən bu partiyanın adı ətrafında maraqlı oyunlar oynanmaqda, müxtəlif kombinasiyalar qurulmaqdadır.
Partiya daxilində gedən proseslər haqda kifayət qədər məlumatı mənbənin “Azadlıq”a söylədiyinə görə, əslində İlyas İsmayılovla İlham Rəhimov arasında sonradan ciddi bir düşmənçiliyə çevrilən ilk ziddiyyət də məhz kimin deputat olması və gələcəkdə Ədalət Partiyasına kimin rəhbərlik etməsi üstündə hələ 2005-ci il seçkilərində başlayıbmış. Belə ki, 2005-ci ilin parlament seçkilərində hakimiyyət Ədalət Partiyasına cəmi 1 deputat yeri ayırıbmış və o vaxt 105 saylı Tovuz seçki dairəsindən namizədliyini irəli sürən İlham Rəhimovun parlamentə keçmək şansı daha yüksək imiş. Ancaq gözlənilmədən İlyas İsmayılov namizədliyini irəli sürdüyü Binəqədidən geri çəkilərək, Tovuzdakı 106 saylı dairəyə gedir və İlham Rəhimov da məcbur qalıb, namizədliyini onun xeyrinə geri götürür. Beləliklə, İlyas İsmayılov deputat seçilir. Bundan sonra acığa düşən İlham Rəhimov isə partiya ilə bütün əlaqələrini, həmçinin maddi dəstəyini kəsir. Ancaq onun bu hərəkəti İlyas İsmayılovu daha da qəzəbləndirir və İlham Rəhimovu nümayişkaranə şəkildə Ədalət Partiyasından çıxarırlar. Nəticədə, iki dost-qohum arasında başlanan ziddiyyət get-gedə amansız bir düşmənçiliyə çevrilir. İş o yerə çatır ki, İlyas İsmayılovun Rusiyada yaşayan və Ədalət Partiyasının əsas maliyyə dəstəkçisi olan oğlu Etimad İsmayılov da bu ziddiyyətin qurbanı olur: o, Moskvada FTX tərəfindən “çirkli pulların yuyulması” ittihamıyla həbsə atılaraq, 3 il məhbus həyatı yaşayır.
Etimad İsmayılov
Bu həbsdə İlham Rəhimovun əlinin olması haqda o dövr ölkə mətbuatında kifayət qədər materiallar gedib. Qısaca deyək ki, İlyas İsmayılov yalnız Azərbaycan hakimiyyətinin ən üst səviyyədə açıq müdaxiləsindən sonra oğlunu azad etdirə bilir, dostu-qohumu İlham Rəhimov isə Putinə “ağız açmaq istəmir”… Elə İlham Rəhimovun Etimad İsmayılovun həbsdən buraxılması üçün real addım atmaması da İlyas İsmayılovda əminlik yaradır ki, bu işdə məhz Putinin dostunun “öz barmağı” var.
Beləliklə, İlyas İsmayılova deputatlıqdan daha üstün gücə malik olduğunu nümayiş etdirən İlham Rəhimov bununla da yetməyib, Ədalət Partiyasının üzdə olan əksər isimlərini, eləcə də İlyas İsmayılovla yaxın dostluq etmiş şəxsləri müxtəlif maddi təminatlar müqabilində partiyadan çəkib öz ətrafına aparır və faktiki, öz yanında “ikinci Ədalət Partiyası” yaradır…
İlham Rəhimov
İndi İlham Rəhimov yenidən İlyas İsmayılova güc göstərməyə başlayıb. Məlumatlara görə, ciddi siyasi iddialara, eləcə də Azərbaycan hakimiyyəti ilə isti əlaqələrə malik olan İlham Rəhimov budəfəki seçkidə Tovuzdakı dairələrdən birindən namizədliyini irəli sürməyə çalışır. O, hakimiyyətdəki müəyyən dairələrə mesaj verib ki, deputat olacağı təqdirdə, Ədalət Partiyası onun nəzarətinə keçə bilər və bu halda partiyanın ənənəvi ant-Qərb xətti, həmçinin hakimiyyətə loyal kursu sabit qalar…
Bildirildiyinə görə, bu varianta dəstək ala bilməyəcəyi təqdirdə İlham Rəhimovun başqa bir şəxsi – “Yeni Müsavat”ın hökumətə xidmətləri qarşısında yenicə ənam almış baş redaktoru Rauf Arifoğlunu bu dairəyə itələyəcəyi gözlənilir.
Xatırladaq ki, bir müddət əvvəl “Azadlıq”a da Rauf Arifoğluna məhz İlyas İsmayılovun dairəsindən mandat vəd edildiyi haqda informasiya daxil olmuşdu…
Ancaq belə görünür ki, İlyas İsmayılov asanlıqla təslim olmaq, geri çəkilmək niyyətində deyil. Bu dəfə hakimiyyətin ona maneçilik törədəcəyindən ehtiyatlanan İlyas İsmayılov partiyanın öz düşməninin əlinə keçməməsi üçün maraqlı alternativə əl atıb: “Azadlıq”ın əldə etdiyi məlumata görə, o, vaxtilə Ədalət Partiyasından aralanmış keçmiş müavinini – hazırda Strateq.az saytına baş redaktorluq edən Elxan Şükürlünü yenidən partiyaya qaytarmaq və Ədalət Partiyasının xəttiylə deputat mandatı qazanmasına çalışır.
Son vaxtlar Strateq.az saytında İlyas İsmayılovun aşkar təbliğatının aparılması, eləcə də İlyas İsmayılovla Elxan Şükürlü arasında tez-tez Ədalət Partiyasında nümayişkaranə görüşmələrin olması da təsadüfi deyil. Deyilənə görə, İlyas İsmayılov İlham Rəhimovun partiyadakı adamlarına açıqca mesaj verir ki, özü mandat qazanmayacağı təqdirdə, məhz E.Şükürlünün adı üzərində duracaq.
Elxan Şükürlü
Qeyd edək ki, E.Şükürlü Ədalət Partiyasında olduğu müddətdə həmişə İlyas İsmayılovun ən yaxın adamı kimi tanınıb. Hətta o dərəcədə ki, İ.İsmayılov bir çox məsələlərdə oğlunun deyil, onun rəyini önəmli sayıb. Daha maraqlı detal isə odur ki, 2010-cu il seçkilərində Rauf Arifoğlu ilə rəqib düşən E.Şükürlü eyni zamanda İlham Rəhimovla da konfliktdə olub. O, İlyas İsmayılov-İlham Rəhimov ziddiyyətində Ədalət Partiyasından birincini müdafiə edən, eyni zamanda İlham Rəhimovla hər hansı anlaşmaya getməyən yeganə müavin sayılırdı. Ancaq İlyas İsmayılovun oğlu Etimadın həbsdən çıxmasından sonra aralarında yaranmış konflikt Elxan Şükürlünün Ədalət Partiyasından uzaqlaşmasıyla nəticələnib. Buna baxmayaraq, partiyadan aralandıqdan sonra da Şükürlü Azərbaycan siyasətində mövcud olan tendensiyanın əksinə olaraq, İlyas İsmayılovun əleyhinə çıxmayıb və keçmiş münasibətlərini qoruyub saxlayıb.
Deyilənə görə, əslində İlyas İsmayılovun oğlu ilə Elxan Şükürlü arasındakı konfliktin kökündə də Ədalət Partiyasına sədrlik uğrunda rəqabət, “xarakterlərin toqquşması” durub. İlyas İsmayılovun özündən sonra oğlunu öz yerinə hazırladığını görən E.Şükürlü Ədalət Partiyasından aralanmaq qərarı verib. Maraqlıdır ki, İlyas İsmayılovun oğlu bir ara xeyli fəallıq göstərsə də, sonradan qəfildən partiya həyatından tamam çəkildi. Hazırda Etimad İsmayılovun ailəsiylə birlikdə Türkiyəyə köçərək orada yaşadığı, bizneslə məşğul olduğu və əvvəlkitək partiyanın işlərinə qarışmadığı söylənir. Onun bu seçkilərə qatılıb-qatılmayacağı da sual altındadır…
İnformasiya şöbəsi