Rövşən Əhmədli: «Hakimiyyətin bu gün istifadə etdiyi üsulun uğursuzluğa düçar olduğunu tarix çoxdan sübut edib»
Mehriban Vəzir: «Bu gün ölkəmizdə hakimiyyətin sərgilədiyi siyasəti heç orta əsrlərdə ədalətli hökmdarlar sərgiləməyiblər»
Azərbaycan hakimiyyətinin ölkədə rəqiblərini, ictimai-siyasi fəalları, tənqidçi jurnalistləri susdurmaq məqsədilə tətbiq etdiyi repressiv üsullar kimsəyə sirr deyil. Hakimiyyət son vaxtlar bu istiqamətdə daha bir “ilk”ə imza atdı.
Xeyli vaxtdır ki, siyasi fəallara, tənqidçi jurnalistərə təzyiq məqsədilə onların qohumları repressiyaların hədəfinə çevrilib. Əslində, bu hakimiyyətin öz rəqiblərini, ictimai-siyasi fəalları qohumları vasitəsilə cəzalandırması yeni hadisə deyil. AXCP sədri Əli Kərimlinin qaynı, “Azadlıq” qəzetinin əməkdaşı Natiq Ədilovun qardaşı bu motivlə uzun müddətdir ki, həbsxanada saxlanılır. Bu baxımdan, hakimiyyətin Qənimət Zahidə, Emin Milliyə qarşı eyni üsuldan istifadə edərək, onların tənqidçi jurnalist fəaliyyətinə görə qohumlarını şərləyib həbs eləməsi yenilik deyildi. Amma hakimiyyət bu dəfə bir qədər də irəli gedərək, həmin şəxslərin qohumlarından “imtina məktubu” toplayır. “Meydan TV”nin rəhbəri Emin Millinin qayınını narkotiklə şərləyərək həbs edəndən sonra, jurnalistin qohumlarından (əmiqızı, əmioğlu, əmi gəlini və s.) imtina bəyanatı alıblar. Hakimiyyətin bu cür ağlasığmaz üsullara əl atması Azərbaycan ictimaiyyətində ikrah hissilə qarşılanmaqla yanaşı, beynəlxalq aləmi də təəccübləndirib.
Hakimiyyətin ötən əsrin 37-ci illərindəki repressiyaları yada salan bu addımları ölkədəki demokratik düşərgənin təmsilçiləri tərəfindən də etirazlarla qarşılanıb. Bununla belə, ictimai-siyasi xadimlər hesab edir ki, hakimiyyətin xalqı qorxutmaq siyasəti, qohum-qardaşı üz-üzə qoyması heç bir nəticə verməyəcək.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Hacı Rövşən Əhmədli deyir ki, inancından asılı olmayaraq, hər kəs tarixdə baş verənlərdən ibrət dərsi götürməlidir: “Xalqa bu zülmü yaşadanlar Allahın verdiyi ibrət dərslərindən düzgün istifadə etməyi bacarmırlarsa, ən azı, tarixin verdiyi dərslərdən lazımi nəticə çıxarmalıdır. Tarix bugünkü repressiyalara çox şahidlik edib. 37-ci il repressiyaları zamanı insanlar, hətta öz soyadlarından belə imtina etməyə məcbur olmuşdular ki, işgəncə aparatından salamat qurtulsunlar. Nəticə etibarilə,ÿinsanlara zülm edən diktatorlar tarixin səhifələrinə mənfi bir obraz kimi həkk olunublar. Bu gün hakimiyyətdə köhnəlmiş zehniyyətin mövcudluğu təbii ki, təəssüf doğurur. Hakimiyyət tarixdə baş verən repressiv siyasətdən nəticə çıxarmaq əvəzinə, bu gün onun ən eybəcər formasını tətbiq etsə də, bu taktika onları xilas etməyəcək”.
Rövşən Əhmədlinin sözlərinə görə, insanlara münasibətdə onların ən ali hisslərini sındırmaqla, daim basqı altında saxlamaqla nəyinsə dəyişəcəyinə ümid edənlər yanlış yoldadır: “Bu addımlarla xalqın mübarizə əzmini sındırmaq mümkün olmayacaq. Çünki onların sərgilədiyi bu üsulun uğursuzluğa düçar olduğunu tarix çoxdan sübut edib”.
Milli Şuranın üzvü, publisist Mehriban Vəzir də deyir ki, hakimiyyət ən geridə qalmış üsullarla siyasi fəalları susdurmağa çalışır: “Haqq-ədalət uğrunda mübarizə aparan insanlara qarşı hansı təzyiqlər həyata keçirildiyi bəllidir. Lakin daha çox təəssüf doğuran məqam odur ki, bu gün hakimiyyət ən geridə qalmış, sınaqdan keçirilmiş üsullardan istifadə edir. Bu üsullar isə artıq çoxdan arxada qalıb. Dünya birliyi bu mərhələni keçmişdə qoyub, xəcalətini çəkib, üzrünü də istəyib.ÿAmma bu gün bizim ölkədə hakimiyyətin sərgilədiyi siyasəti heç orta əsrlərdə ədalətli hökmdarlar sərgiləməyiblər”.
Mehriban Vəzir vurğulayır ki, hakimiyyətin öz xalqına qarşı əzazil münasibəti fonunda yaşanan bu müsibətlər, ağrı-acılar geridə qalacaq: “Bunu da unutmayaq ki, bu xalqın siyasi cəhətdən nəbzini tamamilə durdurmaq, fəalları sıradan çıxarmaq heç bir repressiya ilə mümkün olmayıb. Məşhur bir kəlamda deyildiyi kimi: kim haqqın işığını söndürmək istəsə, öz bığını və saqqalını ütər”.
Emil