Müzəffər Baxışov: «Dərman sahəsinə nəzarət edən və bu sahəni inhisarda saxlayan şəxslər baş verənlərə görə birbaşa cinayət məsuliyyəti daşıyırlar»
Tarif Şurasının dərman qiymətlərinin tənzimlənməsi haqqında qəbul etdiyi qərar 250 adda dərmanın qiymətini endirdi. Dərmanların yeni qiymətləri 15 sentyabr 2015-ci ildə qüvvəyə minəcək. Həyati əhəmiyyət daşıyan preparatlara aid olan digər dərmanların qiymətləri avqustun 10-dan sonra təsdiq ediləcək.
Təsdiq edilmiş siyahıya görə, dərmanların 20%-nin qiyməti 3 dəfə, 40%-nin qiyməti 2 dəfə azaldılıb. Ümumilikdə dərmanların 90%-nin qiyməti ucuzlaşdırılıb.
Rəsmi məlumatlara görə, 2014-cü ilin yanvar-iyul aylarında Azərbaycan 140 milyon dollar dəyərində dərman idxal edib. Bu aya 20 milyon dollar edirsə, deməli, il ərzində Azərbaycan 240 milyon dollar dəyərində dərman idxal edir.
2015-ci ilin yanvar ayının 21-də Milli Məclisin deputatı, “Avromed” şirkətinin idaretməsini həyata keçirən Cavanşir Feyziyevin müsahibəsi yayılıb. Həmin müsahibədə deputat bildirib ki, əhali il ərzində dərmana 700 milyon dollar xərcləyir.
Amma burada bir məqamı nəzərə almaq lazımdır ki, elə dərmanlar var ki, vaxtilə qiyməti 40-60 manat olub. Hazırda isə yeni qaydaya uyğun olaraq onlar 5-6 manat arası satılmalıdır. Belə olan halda sual yaranır. Deməli, inhisara alınan bu sahədə dərmanların real qiyməti dəfələrlə aşağı olub. Fevralın 21-də devalvasiya qərarından sonra bir sıra marketlər inzibati yolla tətbiq edilən qadağanı pozduqlarına görə cərimələnmişdilər. Amma dərmanların qiymətinin uzun müddət yüksək olmasına görə kim cəzalandırılacaq? Çünki məhz yüksək qiymətlərə görə bir çox ağır xəstələr düzgün müalicə kursu keçə bilməyib. Dərmanları ala bilmədiyindən bir çox xəstənin səhhəti daha da pisləşib, bəziləri həyatını itirib. Bəs bütün bunlara görə kimlər məsuliyyət daşımalıdır? Bütün bunlarla bağlı hər hansı hüquqi addım atıla bilərmi?
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, dərmanların ölkəmizdə baha olmasına səbəb hökm sürən inhisardır. Dərmanların qiyməti baha olduğuna görə onları ala bilməyən şəxslərin səhəttində problemin yaranmasının, hətta bəzilərinin dünyasını dəyişməsinin fakt olduğunu deyən M.Baxışov vurğuladı ki, bütün dünyanın Azərbaycanda inhisarın ləğv edilməsinə çalışması təsadüfi deyil: “Tarif Şurasının qərarından sonra 250 adda dərmanın qiyməti dəyişdiriləcək. Ona görə bütün demokratik dövlətlər Azərbaycanda normal cəmiyyətin yaranmasına çalışırlar. Qiymətlər elə səviyyədə olmalıdır ki, bütün insanlar həmin dərman vasitələrindən əldə edə bilsinlər. Dərman sahəsinə nəzarət edən və bu sahəni inhisarda saxlayan şəxslər baş verənlərə görə birbaşa cinayət məsuliyyəti daşıyırlar”.
Xəyal