May ayında Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş yanğından sonra ölkə prezidenti binalardan tezalışan üzlüklərin sökülməsi ilə bağlı göstəriş vermişdi. I Avropa Oyunları ərəfəsində bu proses sürətlə aparıldı, binalardakı tezalışan üzlüklər qısa zamanda çıxarıldı və onlar ya daş üzlüklərlə əvəz olundu, ya da sadəcə rəngləndi.
Bakının bəzi rayonlarında bir sıra binaların penoplast, poliüretan üzlükləri hələ də qalır və onlar sökülmür.
Milli Məclisin deputatı Vahid Əhmədov Modern.az-a açıqlamasında bildirib ki, binalardakı odadavamlı materialdan olmayan üzlüklər sökülməlidir.
“Çünki Azərbaycan dövlət başçısının bununla əlaqədar xüsusi göstərişi var. Binəqədidə yanan bina ilə əlaqədar cinayət işi başa çatmayıb. Həbs olunanlar ancaq xırda vəzifəli işçilərdir, yüksək vəzifəlilər hələ ki məsuliyyət cəlb olunmayıb. Bütün binalarda tezalışan üzlüklər sökülməlidir. Binəqədi rayonunda bunun fəsadını gördük, orada 16 nəfər öldü və bundan nəticə çıxarılmalıdır”.
Deputat vurğulayıb ki, binalardan sökülməyən üzlüklərlə bağlı icra başçıları məsuliyyət daşıyır.
“Müəyyən ola bilər ki, bunu icra edən təşkilatların material problemi var və ya vəsaitləri yoxdur. Yəqin ki, problem öz həllini tapacaq. Hesab edirəm ki, hansı rayonda binaların tezalışan üzlükləri sökülüməyibsə, o rayonun icra başçıları buan görə məsuliyyət daşlıyırlar. Buna ölkənin birinci şəxsi səviyyəsində baxılıb və deyilib ki, bütün binalarda tezalışan üzlüklər çıxarılmalıdır”.
Qeyd edək ki, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında 16 mərtəbəli yaşayış binasında üzlüklərin oda davamsız olması səbəbilə güclü yanğın nəticəsində 16 nəfər ölmüşdü.