Fuad Qəhrəmanlı: «Dövlət Departamentinin son bəyanatı təsdiqlədi ki, hakimiyyətin ABŞ-la münasibətlərin normallaşması ilə bağlı təbliğatı real deyil»
Xəbər verdiyimiz kimi ABŞ Dövlət Departamenti Azərbaycanın hazırda mühacir həyatı yaşamağa məcbur olan tanınmış media rəhbərləri, "Azadlıq" qəzetinin baş redaktoru və "Azərbaycan saatı" teleproqramının müəllifi Qənimət Zahidə və "MeydanTV"nin rəhbəri Emin Milliyə qarşı qohumlarının həbsi ilə təzyiq göstərilməsinə münasibət bildirib. Departamentin Mətbuat Idarəsi bu hadisələrlə bağlı bəyanatla çıxış edib. Bəyanatda kifayət qədər sərt mesajlar yer alıb:
“Biz Azərbaycanda dinc sivil cəmiyyət fəaliyyətlərinə qoyulan məhdudiyyətlərdən, jurnalist və vətəndaş cəmiyyəti fəallarının həbsindən dərin narahatlıq keçiririk. Biz Azərbaycan hökumətinə təkid edirik ki, öz vətəndaşlarının universal hüquqlarına hörmət etsin, vətəndaşların ədalətli mühakimə hüquqlarını təmin etsin və onlara öz baxışlarını sərbəst ifadə etməyə imkan versin. Azərbaycan öz gələcək sabitliyini və firavanlığını daha açıq cəmiyyətə şərait yaratmaqla təmin edə bilər. Azərbaycan hökuməti ilə sivil cəmiyyət arasında işlək təmaslar ölkənin gələcəyi üçün mühümdür və ABŞ bunu dəstəkləyir”.
Azərbaycanda siyasi baxışlarına görə təqib məsələsini dəfələrlə Azərbaycanın yüksək rütbəli rəsmiləri qarşısında qaldırdıqlarını vurğulayan bəyanat müəllifləri qeyd edirlər ki, Azərbaycan hakimiyyəti müstəqil mətbuatı qorumaq barədə üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırılıb.
“XIN-dən ənənəvi cavab”
Azərbaycan Xarici Işlər Nazirliyininÿ(XIN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ÿABŞ Dövlət Departamentinin ÿAzərbaycanla əlaqədar açıqlamasına münasibət bildirib. Münasibətdə hakimiyyətin bir qayda olaraq ünvanına söylənən tənqidlərə cavab olaraq müraciət etdiyi ritorika yer alıb. H.Hacıyev deyib ki, ABŞ Dövlət Departamentinin regionda baş verən bir sıra narahatlıq doğuran halları, o cümlədən dinc nümayişçilərin qəddarcasına döyülməsi və həbsi kimi kobud insan hüquqları pozuntularını görməməzliyə vuraraq, konkret cinayət tərkibi daşıyan hər bir halı siyasiləşdirməklə, Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi güdən “dərin narahatlığı” ikili standartların növbəti bariz nümunəsidir. Faktlar və reallıq tam başqa cür olsa da H.Hacıyev iddia edir ki, demokratik dövlət olan Azərbaycanda qanunun aliliyi tam təmin edilib və heç kim siyasi fəaliyyətinə və baxışlarına görə təqib olunmur.
“ABŞ-la münasibətlər normaldırsa…”
Amma baş verən olay bir sıra maraqlar baxımından əhəmiyyətlidir. Öncə onu vurğulamaq yerinə düşər ki, hakimiyyətin nəzarətində olan mətbuat uzun müddətdir onun təbliğatını aparır ki, ABŞ-la münasibətlərdəki gərginlik arxada qalıb. Obama administrasiyasının nümayəndələrinin Bakıya intensivləşən səfərləri isə münasibətlərin yoluna qoyulması kimi təqdim edilir. Amma istər ABŞ-ın ölkəmizdəki səfiri Sekutanın verdiyi bəyanat, istərsə də keçmiş səfir Kozlariçin “facebook”da yazdığı status onu deməyə əsas verir ki, ABŞ-la münasibətlərin gələcəyi rəsmi Bakının demokratik dəyərlərə yanaşmasından asılıdır.
Obamanın son sərt çıxışı və avtoritar liderlərə etdiyi xəbərdarlıq da sübut edir ki, Amerika demokratik prinsiplərin qorunmasını hər şeydən üstün tutur. Bundan başqa, Obamanın dilindən bir daha o da vurğulandı ki, ABŞ ömürlük prezident kürsüsündə oturmaq istəyənləri qəbul etmir.
“Geri qalmış avtoritar rejimlərin zehniyyətinə xas cavab”
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, iqtidar mediası uzun müddət onun təbliğatını aparırdı ki, guya Qərblə hansısa razılaşma mövcuddur. F.Qəhrəmanlının sözlərinə görə, o təlqin edilməyə çalışılırdı ki, bu razılaşmanın nəticəsi kimi insan hüquqları, demokratiya arxa plana keçəcək. Təhlükəsizlik, iqtisadi və enerji məsələləri üzrə isə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı iki ölkə arasında razılaşma var: “Bu təbliğatın məqsədi Azərbaycan ictimaiyyətində bir məyusluq yaratmaq idi. Amma bu təbliğat özünü doğrultmadı. Bu baxımdan Dövlət Departamentinin son bəyanatı Qənimət Zahidə, Emil Millinin qohumlarına qarşı aparılan repressiyalarla bağlı kəskin mövqe ifadə etməsi də onu təsdiq etdi ki, hakimiyyətin bu təbliğatı tamamilə reallığa söykənmir. ABŞ Azərbaycanla münasibətlərdə demokratiya və insan haqlarını prioritet olaraq saxlamaqdadır. Hakimiyyətin demokratiya və insan haqlarına münasibəti aqressiv olduğu halda belə kəskin ritorikadan istifadə olunması onu göstərir ki, ABŞ öz mövqeyindən geri çəkilməyib. Azərbaycandakı proseslər, insan hüquqlarının pozulması ilə bağlı vəziyyət gərginləşdikcə, buna adekvat olaraq ABŞ-ın xarici siyasətinin üslubu sərtləşir. Bu baxımdan Departamentin son bəyanatı əslində müəyyən mənada vəziyyətə adekvat yanaşmadır. ABŞ bu bəyanatda Azərbaycanın insan hüquqları ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb edir”.
F.Qəhrəmanlı onu da vurğuladı ki, Azərbaycanda baş verənlər, repressiyalar heç zaman ölkədaxili məsələ olmayıb. Artıq beynəlxalq birliyin də Azərbaycandakı repressiyaları ciddi problem saydığını deyən F.Qəhrəmanlı bildirdi ki, ABŞ-ın bu mövqeyi kifayət qədər ciddi qəbul olunmalıdır. Bu yanaşma müəyyən formalarda Azərbaycanın xarici siyasətinə öz təsirini göstərmiş olacaqdır: “Azərbaycanın Dövlət Departamentinin bəyanatını ”ABŞ Azərbaycanın daxili işlərinə qarışır" kimi dəyərləndirməsi kökündən yanlışdır. Çünki müasir dünyada, qlobal siyasətdə demokratiya, insan hüquqları məsələsi heç bir ölkənin daxili işi sayılmvr. Bu gün Fələstində, Çində və digər ölkələrdə baş verənlər bu ölkələrin daxili işi sayılmır. Beynəlxalq ictimaiyyəti bu ölkələrdə insan hüquqlarının pozulması narahat etdiyi kimi, Azərbaycanda da cərəyan edən hadisələr beynəlxalq ictimaiyyəti narahat edir".
F.Qəhrəmanlı vurğuladı ki, hakimiyyətin demokratik dəyərlərin tapdanması ilə bağlı iradlara “bu bizim daxili işimizdir” cavabı avtoritar zehniyyətin məhsuludur. “Çünki müasir dünyada bu cür yanaşmalar qəbul olunmur. Bu geri qalmış avtoritar rejimlərin zehniyyətinə xas üslubdur. Ona görə hakimiyyətin özünü bu yol ilə müdafiə cəhdi çox uğursuzdur”, deyə F.Qəhrəmanlı bildirdi.
Hikmət