Bu, könüllü getməkdən daha çox vəzifə çevrilişinə oxşayır
Əslində, ölkənin barmaqla sayılan həqiqi alimlərindən olan Tofiq Hacıyevin Dilçilik İnstitutunun direktoru vəzifəsindən istefa verməsinə münasibətdə “getmək” sözü bir az yerinə düşmür. Bu, könüllü getməkdən daha çox adamı tutduğu yoldan çəkindirməyə, onu devirməyə, vəzifə çevrilişinə oxşayır. Hər halda görkəmli türkoloqun istefası ilə bağlı macəraya bənzər davranışlar, detallardakı gözlənilməzlik və müəmmaların dərhal nəzərə çarpması belə düşünməyə əsas verir.
Hazırda institut əməkdaşlarının 70-80 faizi məzuniyyətdədir. Direktor özü də məzuniyyətdə sayılır və hələ sentyabrın 4-də işə çıxmalıdır. Bəs onda bu qızmar yay günlərində heç bir ciddi fəaliyyətdə bulunmayan bir institutda niyə rəhbər dəyişirlər? Özü də hadisələr elə sürətli dönüş alır ki, istər-istəməz düşünürsən: əcaba, nə baş verib ki, belə tələm-tələsik, iki daşın arasında kadr dəyişikliyi aparılır?
Akademikin müəmmalı gedişini malalayan xəbərlərlə yanaşı, rəsmi açıqlamalara uyğun gəlməyən müxtəlif fərziyyələr də var. Bəzi saytlar yazır ki, böyük alimin istefasına səbəb institut daxilində intriqalarin şiddətlənməsi və akademiya rəhbərliyinin onun işlərinə müdaxilələr etməsi olub. Bildirilir ki, son vaxtlar T.Hacıyevdən tez-tez şikayətlər olurmuş və institutun keçmiş direktor müavini M.Mirzəliyeva ona qarşı açıq kampaniya aparırmış. Xanımın şikayətinin əsas motivi isə bu imiş ki, T.Hacıyev yaşlıdır və guya kollektivlə yola getmir. Bu, həqiqətə yaxın olan əsas fərziyyədir.
Başqa fərziyələr də səslənir. Məsələn, deyilir ki, akademikin iki nəfəri işdən çıxarması və bir də bu yaxınlarda dörd dildə çap olunmuş “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nda etnik fizioloji təkamüllə bağlı elmi fakt kimi xoş niyyətlə bəzi şəxslərin adlarını çəkməsi guya kimlərisə qəzəbləndirib.
Əlbəttə, bu versiyaların heç biri nüfuzlu bir alimin istefaya getməsi üçün səbəb ola bilməz. Niyəsini deyim: əvvəla, ondan başlayım ki, Dilçilik İnstitutu həmişə intriqa yuvası olub. Mən hələ 30 il əvvəl bu elm müəssisəsində namizədlik dissertasiyası müdafiə edərkən bunun canlı şahidi olmuşam. O vaxt qarşı duran tərəflərin hikkəsinə görə mənim müdafiəm ən azı bir il geri salındı. Onda hələ Sovet dövrü idi və indikindən daha şiddətli formada olan həmin münaqişəyə görə heç kimi işdən azad etməmişdilər.
Bu gün fəaliyyətsizliyinə görə hansısa əməkdaşı Elmi Şuranın qərarı ilə institutdan çıxarmaq da, yaxud elmi fakt olaraq kiminsə hansısa antropoloji quruluşa mənsubluğunu demək də heç vaxt istefa ilə nəticələnmir. Fikrimcə, burda məsələ daha qəliz, daha dərindir və həm də birbaşa müasir dilçilik elmimizin ən böyük simalarından biri olan Tofiq Hacıyevin şəxsiyyəti ilə bağlıdır.
* * *
Akademik Tofiq Hacıyev bu gün üzdə olan, adı N.Baskakov, A.Kononov, B.Serebrennikov, E.Tenişev kimi şöhrətli dilçi-türkoloqlarla yanaşı, çəkilən qüdrətli alimlərimizdən biridir. Çoxillik və davamlı araşdırmaları ilə dilçilik elmimizin və türkologiyanın inkişafına misilsiz töhfələr verib. Onun qədim dövrdən bu yana ədəbi dil tarixi, xüsusən “Dədə Qorqud”un, M.Füzulinin, Nəsiminin dili ilə bağlı apardığı tədqiqatlar bir sistem təşkil edir. XX əsr dilçiliyimizin aktual problemləri, “Əkinçi”dən bu yana formalaşmış mətbuat dili, o cümlədən, “Molla Nəsirəddin”in üslubu, ayrı-ayrı ədiblərin dili və üslubu ilə bağlı araşdırmaları, ədəbi norma haqqında nəzəri fikirləri dilçilik elmimizi yeni bir mərhələyə qaldırıb. Dərin elmi təfəkkürü, fərdi üslubu və araşdırma tərzi ilə fərqlənən, bütün türk dünyasında yaxşı tanınan, prof. T.Hacıyev həm də Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiridir, 30-a yaxın samballı əsərin və tərcümələrin müəllifidir.
Təbii ki, belə bir samballı alimin 2014-cü ilin aprelində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna direktor təyin olunması, çoxlarında böyük ümid yaratdı. Nə gözəl ki, direktorluq etdiyi bu qısa müddətdə Tofiq müəllim ona olan ümidləri doğrulda bildi. Milli dil siyasətinin önündəki kötükləri yerindən tərpətmək, kadrları yeniləmək, dil tarixinə dair tədqiqatlara yeni impuls və istiqamət vermək, xarici dillərlə qarşılıqlı münasibətdə transkripsiya və transliterasiya məsələlərini həll etmək, “Türkologiya” jurnalınının beynəlxalq nüfuzunu artırmaq, müxtəlif sahələrdə dil normalarının gözlənilməsi ilə bağlı aparılan monitorinqləri sistem halına salmaq və “Dövlət Proqramı”nda nəzərdə tutulmuş “qaynar xətti” ərsəyə gətirmək akademik T.Hacıyevin böyük xidmətləri siyahısına aiddir. Bəlkə bunlar kənardan çox da aydın sezilmir, amma içində millət sevgisi olanlar böyük alimin, çoxlarının dil və millət məsələsində mürgüyə getdiyi bir strateji elm ocağında hansı çətinlikləri dəf etdiyini, bu institutdakı sükunət buzunu necə əritdiyini gözəl anlayırlar.
Mənim Dilçilik institutuna gəlməyim də Tofiq müəlliminə görə olub. Düzü, maaş azlığı səbəbindən getmək istəmirdim, dil monitorinqləri çox vaxt və enerji alacaqdı, amma bu boyda insana “yox deməyə” də üzüm gəlmirdi. O, məni böyük bir həssaslıqla anlayırdı, axırda müqavimətimi qırmaq üçün ərkyana tərzdə “özünü naza qoyma gəl, dilimizlə bağlı yüz problem var, bir tərəfdən də sən kömək elə” deməsindən sonra əlacım kəsildi. Son bir il ərzində dilçiliyi inkişaf etdirmək haqqında “Dövlət Proqramı”nı reallaşdırmaq üçün onun rəhbərliyi ilə çox ciddi addımlar atılıb.
Tofiq Hacıyevin bu xidmətlərini yalnız qərəzli, elmdən bixəbər və nadan adamlar dana bilər. Bəs bu qədər qiymətli işlər görən, dilə dövlət qayğısının artdığı bir vaxtda təkcə Dilçilik İnstitutuna deyil bütövlükdə akademiya sisteminə nüfuz gətirən görkəmli bir alimi istefa verməyə nə məcbur edib? Hərə bir şey düşünər, hətta ara sözləri və şayiələrdə də həqiqət qığılcımları sayrışa bilər. Amma mən bu istefanın səbəbini Tofiq Hacıyevin şəxsiyyətində, onun türkçülüyündə, milli mahiyyətində və ictimai düşüncəsində görürəm. İndi sağımızın və solumuzun boz, mənasız və istedadsız adamlarla dolu olduğu bir vaxtda, deyəsən bilikli və şəxsiyyətli adamlar çoxlarının əl-ayağına dolaşır.
Mən istedadsız, çulunu sudan birtəhər çıxaran adamların vəzifəyə təyin olunmasının zərərini çox görmüşəm. Şəxsi xarakter etibarı ilə parlaq olmayanların irəli çəkilməsində, onların vəzifələrə dırmaşdırılmasında, bəlkə də bizim başa düşmədiyimiz bir fəlsəfə var: bütün hallarda bu adamların işığı az olur, ümumi işə xeyrindən çox zərəri dəyir. Tofiq Hacıyev kimi samballı adamların işığı isə çox yerə düşür və görünür kimlərinsə gözlərini qamaşdırır.
Bu, bir aksiomadır ki, işıqsız, müti və boz adamları rahat idarə eləmək olur, çünki onların daxili azadlıq hissi və müqaviməti zəifdir, bir az da kölə təbiətlidirlər. Amma Tofiq Hacıyev başqa adamdır, parlaq şəxsiyyəti və daxili azadlığı olan adamdır, millət və tarix qarşısında da məsuliyyətini dərk edir. Ağıllı və müdrikdir, barışmadığı, məqbul saymadığı bir şeyə birbaşa olmasa da, müəyyən formada etiraz etməyi bacarır. Belələri istedadsız vəzifə sahibləri və donuq məmur təffəkürü olanlar üçün həmişə diskomfort yaradır.
* * *
Ya zəlzələdən, ya vəlvələdən, olan oldu və Dilçilik İnstitutunda çalışdığı qısa müddətdə təkcə alimliyi ilə deyil, şəxsi-mənəvi keyfiyyətləri ilə də insanların rəğbətini qazanmış böyük alim tutduğu vəzifəyə asanlıqla, bir az da ironiya ilə “əlvida” deyərək getdi. O getməyini də bir bayrama çevirə bildi. Onu bu vəzifədə əvəz edəcək şəxsi – professor Möhsün Nağısoylunu istedadlı alim və dürüst insan kimi kollektivə təqdim edərək, özünəməxsus yumor hissi ilə bizlərdən ayrıldı.
El arasında bir söz var “papağını götürüb getmək”. Tofiq müəllim də Dilçilik İnstitutundan, heç bir asılılığı olmayan vəzifədən gülə-gülə ayrıldı, necə deyərlər papağını götürüb getdi. Və o, çoxlarına bir daha sübut etdi ki, yaşamaq və böyük nüfuz sahibi olmaq üçün əsas vəzifədən yapışıb qalmaq deyil, önəmlisi papağın olmasıdır. Vay o günə ki, adamın papağı olmasın.
Qulu Məhərrəmli