Terror insanlıq tarixində birmənalı olaraq lənətlənən bəladır. Harda, necə, hansı şəraitdə yaranmasından asılı olmayaraq, günahsız insanlara ölüm gətirir. Dünyada bu kabusun qurbanı olan məsum insanların sayı milyonlarla hesablanar indi. Hələ ondan geri qalan yaralar, dağıntılar, boşluqlar başqa bir ağrılı məsələdir. Amma nə yazıq ki, çox zaman terror hansısa çirkin maraqlardan, intriqalardan, boşluqlardan qidalanıb qol-qanad açır elə. Bəlli bir yerdən silahlandırılır, təlimatlandırılır və idarə olunur. Ancaq bu heç də onun qarşısıalınmaz bir təhlükə olduğu anlamına gələ bilməz, təbii. Maraqlı bir nümunə gətirəcəyəm. Almaniya təcrübəsindən. Keçən il Münix şəhərində İŞID-a qarşı təşkil olunmuş bir nümayişdə PKK bayrağını qaldıran alman millət vəkilinin toxunulmazlığı alınmışdı. Solçu millət vəkili Nicole Gohlkenin toxunulmazlığının alınması ilə Münix prokurorluğu ona cinayət işi qaldırmaq barədə açıqlama vermişdi. Çünki Almaniyanın qanunlarına görə PKK rəsmən qadağan olunmuş təşkilatlar siyahısına salınıb və bu qanunu pozanların bəlli bir cəzası var. Hətta o milyonların səsini almış bir deputat olsa belə…
Əslində, məsələni Türkiyədəki son hadisələrdən başlamaq lazım gəlirdi. Lakin terrorun kökünü qazmaq üçün bir hökumətin iradəsinin nə qədər önəmli olduğunu vurğulayıb, mətləbə keçmək istədim. Qardaş ölkədə parlament seçkilərinin sonunda “demokratiyanın salyut”unu yaşayan, sevincindən papağını göyə atan və hətta meydanlarda emosiyalarını cilovlaya bilməyib sındıra-sındıra “Daşlı qala” oynayanların maskalanma sürəci uzun çəkmədi. Ölkənin məlum bölgəsində qanlı hadisələr yenidən dirçəldi. Bir ay əvvəl həmin o PKK-nın siyasi qanadını təmsil edənlərin parlamentdə siyasi qanad çıxarıb sülh göyərçininə dönəcəklərini iddia edənlərin səsi batıb indi. Amma bununla keçməz. Həmin o adamların yaxasından yapışıb hesab sormaq lazımdır. Son hadisələr zamanı həyatını itirən onlarla insana görə. Xidməti borcunu yerinə yetirən əsgərləri və polisləri terror gülləsinə qurban etdiklərinə görə bir hesab verməlidir o adamlar. Almaniyanı nədən həm də ilk başdan xatırlatdım, bilirsiniz? Çünki bir alman qadağan edilmiş terror təşkilatının nə vaxtsa üzvü olmuş adamın parlamentə gəlib girə biləcəyini ağlının ucundan belə keçirməz. Bunu həqarət, aşağılanma, təhqir sayar özü üçün. Bir alman minlərlə əsgərinin qanını tökmüş, anaları ağlar qoymuş terrorçunu bəsləyib hökumətin baş kürsüsünə çıxarmağı yaraşdırmaz özünə. Həmin adamlar yüz üz dəyişsələr belə. Baxın, o HDP-də PKK ilə hansısa formada bağlılığı olmayan neçə nəfər tapa bilərsiniz? Dünən bütün TV-lər həmin partiyanın həmsədrinin qardaşı Nurəddin Dəmirtaşın atışmalarda yaralandığını yazıb. Allah xatirinə, hansı demokratikləşmə sürəcindən, hansı siyasətdən söhbət gedir? Yazıq deyilmi Türkiyəyə, o gəncəcik şəhidlərə, gözüyaşlı qalan analara, yetim körpələrə?
Qanlı hadisələrdən sonra Türk polisi fərqli şəhərlərdə əməliyyatlara başlayıb. Terrorla bağlılığı olan 750 nəfərdən artıq adamın həbs olunduğu deyilir. Bu həbslər nəyisə dəyişəcəkmi, bilmirəm. Amma bir onu bilirəm ki, qardaş ölkə bu terror məsələsində ən qəti addımlarını atmalıdır. Kimsəyə güzəştə getmədən, yumşaqlıq göstərmədən, əlini boş tutmadan. Seçkidən sonrakı iki ay müddətində hələ də hökumətini qura bilməyən Türkiyənin durumu buradan xeyli dumanlı görünür. PKK-nın siyasi qolu olan bir qrupdan siyasi partiya olarmı? Mənim fikrimcə, heç olmaz. Görürsünüz ki, olmur da… Bir də, yeri gəlmişkən… Üç gün əvvəl yenə alman mətbuatı Almaniya Federal Prokurorluq orqanları tərəfindən PKK-nın lider şəxslərinin həbs olunduğu xəbərini açıqlayıb. İndi nə etmək, terror qollarını kəsmək üçün elə mütləq alman olmaq lazımdırmı?