Rusiya vətəndaşlarını Qarabağa yerləşdirir
Fuad Qəhrəmanlı: «Şimal bölgəsində yaşayan vətəndaşlara da rus pasportunun paylanması Kremlin Azərbaycana qarşı açıq aqressiv niyyətinin göstəricisidir»
Rusiya Ukrayna və Gürcüstanda sınaqdan çıxardığı separatizm modelini Azərbaycanda da tətbiq etməyə planlaşdırır. Bunu Rusiyanın atdığı bir sıra addımlar deməyə əsas verir. “Azərbaycan saat”ı proqramının son buraxılışında bu barədə ətraflı məlumat verilib.
Məlum olub ki, Rusiya Qusarda yaşayan Azərbaycan vətəndaşları arasında güclü təbliğat apararaq onları Rusiya pasportu almağa təhrik edir. Azərbaycan vətəndaşları sərhədi keçib Dağıstan ərazisində 150-200 min rubl arası rus pasportlarını əldə edə bilirlər. Amma Azərbaycanın başının üstünü alan təhlükə bununla bitmir. Araşdırmalar zamanı məlum olub ki, Şərqi Ukraynadan köçürülən milliyyətcə ruslara rus pasportları verilərək onlar ya Abxaziyada, ya da Qarabağda yerləşdirilirlər. Bu barədə Ukraynadan olan Boqdan adlı şəxs məlumat verir. Əvvəllər Ukraynanın Makiyevka şəhərində yaşayan bu şəxs şəhər ətrafında qızğın döyüşlər başlayandan sonra oranı tərk edib. Əvvəlcə Rostova, daha sonra isə Saratova gətirilən Boqdana Rusiya vətəndaşlığına keçməklə bağlı təklif son gəldiyi vilayətin rəhbərliyindən edilib. Ona təklif edilib ki, Moskvada Lyublina rayonunun Miqrasiya Xidmətində ona rus pasportu veriləcək. Amma pasportu aldıqdan sonra o, yaşamaq üçün ya Abxaziyaya, ya da Qarabağa köçürüləcək. Hər iki yerdə ona bütün şəraitin yaradılacağı vəd edilib. Bu prosesin artıq bir neçə aydır davam etdiyi məlum olub. Əslində, əldə olunan məlumatlar Rusiyanın Azərbaycanın istər işğal altında olan əraziləri, istərsə də şimal rayonları ilə bağlı bir sıra planlar cızdığını deməyə əsas verir.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, baş verənlər kifayət qədər narahatlıq yaradır. F.Qəhrəmanlının sözlərinə görə, atılan addımlar Rusiyanın Cənubi Qafqazdakı münaqişələrdə nə qədər maraqlı olduğunu göstərir. F.Qəhrəmanlının qənaətincə, əslində əldə edilən məlumatlar artıq Rusiyanın Cənubi Qafqazdakı münaqişələrdə bir tərəf kimi iştirak etməyə çalışdığını göstərir: “Rusiyanın xarici siyasətdə atdığı aqressiv addımlar bir çox hallarda qonşu ölkələrdə yaşayan rusların həyatının təhlükə altında olması ilə əlaqələndirilir. Rusiya aqressiv addımlarına vətəndaşlarına təhlükə yarandığı ilə bəraət qazandırmağa çalışır. Ukraynada separatçıların dəstəklənməsi də məhz bu ölkədəki yaşayan etnik rusların müdafiəsi pərdəsi altında həyata keçirilib. Belə görünür ki, Rusiya hazırda bu praktikanı genişləndirməyə çalışır. Azərbaycanın şimal bölgəsində yaşayan vətəndaşlara Rusiya pasportunun paylanması artıq Kremlin Azərbaycana qarşı açıq aqressiv niyyətlərinin göstəricisidir. Rusiya həmin ərazidə xeyli sayda insana pasport verməklə gələcəkdə bu bölgəyə müdaxilə üçün hüquqi və siyasi baza yaradır. Çünki şimal bölgəsində yaşayan vətəndaşlarımız rus pasportu aldığı halda onların Rusiya dövləti qarşısında bir vətəndaş kimi hüquq və vəzifələri ortaya çıxır. Rusiya dövləti də bu hüquqi münasibətlərdən istifadə edərək özü həmin vətəndaşların müdafiəçisi kimi çıxış edə bilər. Ona görə də bu məsələ ciddi narahatçılıq yaradır. Azərbaycan hakimiyyəti ciddi şəkildə bu məsələyə müdaxilə etməlidir. Şimal bölgəsində vətəndaşlarımızın ikili vətəndaş olmasının qarşısı alınmalıdır”.
Rusiya vətəndaşı olmuş şəxslərin də Qarabağa köçürülməsinin narahatlıq doğurduğunu deyən F.Qəhrəmanlı bildirdi ki, bu, Rusiyanın öz vətəndaşlarını bəhanə gətirərək Qarabağ münaqişəsinə müdaxilə etmək istəyini göstərir. F.Qəhrəmanlının sözlərinə görə, Ermənistanda gedən proseslər onu deməyə əsas verir ki, Yerevandakı avtoritar rejimin ömrü uzun olmayacaq: “Rusiya narahatdır ki, Ermənistanda ola biləcək dəyişikliklərdən sonra onun Qarabağ münaqişəsinə birbaşa təsir göstərmək imkanları məhdudlaşa bilər. Ona görə də Rusiya bu addımı atır və öz vətəndaşlarını Qarabağa göndərir. Bundan sonra isə artıq Rusiya öz vətəndaşlarının təhlükəsizliyini gündəmə gətirərək, Qarabağ münaqişəsinə birbaşa təsir göstərmək üçün zəmin yaratmış olur”.
Xəyal