Milli Şura iyulun 24-də keçirdiyi növbəti sessiyasında “Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” proqramının müəllifi Qənimət Zahidə qarşı son təzyiqləri pisləyən bəyanat qəbul edib. Bəyanatda deyilir:
“Yerli və beynəlxalq ictimaiyyətin tələblərinə baxmayaraq, Əliyev rejimi vətəndaş cəmiyyətinə qarşı repressiyalarını davam etdirir. Sözdə demokratiyadan, mətbuat azadlığından, insan haqlarının qorunmasından bol-bol danışan hakimiyyət əməlləri ilə bunun əksini edir, fərqli düşünən insanları, oppenentlərini, müstəqil ictimai- siyasi qurumları susdurmağa çalışır. Növbəti belə cəhdlərdən biri “Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan saatı” proqramının rəhbəri Qənimət Zahidə qarşı həyata keçirilməkdədir.
Belə ki, son günlər onun Şamaxıda yaşayan qardaşı övladları və digər qohumları təqib və təzyiqlərə məruz qalıblar. Polis bölməsinə aparılıb həbs olunublar. Təəssüf doğuran haldır ki, ölkənin tanınmış və nüfuzlu jurnalistlərindən biri olan, hazırda mühacir həyatı yaşayan Qənimət Zahidə qarşı həyata keçirilən bu repressiyalar 18- ci əsr feodal düşüncə tərzinin məhsulu olmaqla yanaşı əsası 1875- ci ildə Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzetinin nəşri ilə qoyulan milli mətbuatımızın 140 illiyinə təsadüf edir.
Mətbuat günü ərəfəsində dövlət başçısı onun yürütdüyü anti- milli siyasəti, ölkədə tuğyan edən repressiyanı mədh edən jurnalistlərə mükafat, fəxri adlar verir, həqiqəti söyləyən qələm sahiblərini susdurmaq üçün onların qohumlarını həbs etdirib girov saxlayır. Milli Şura hesab edir ki, tanınmış yazar Qənimət Zahidin qohumlarına qarşı həyata keçirilən repressiyalar onun rəhbəri olduğu “Azərbaycan saatı” verilişi ilə bağlıdır. Çünki bu veriliş Turksat yayım tezliyi vasitəsi ilə ölkə ərazisində yayımlanan, tamaşaçılara Azərbaycan həqiqətlərini çatdıra bilən yeganə müstəqil kanaldır. Əliyev rejimi tənqidə qarşı o qədər dözümsüzdür ki, 10- dan artıq telekanalın, 100- dən artıq qəzet və informasiya agentliklərinin sutkanın 24 saatı ərzində hakimiyyətin diqtəsi ilə söylədiyi şər və böhtanlara, yalanlara qarşı həfətədə 2 dəfə 1 saat həqiqətləri deyən “Azərbaycan saatı”- nın mövcudluğunu qəbul edə bilmir. “Azərbaycan saatı” proqramı ölkədə tüğyan edən repressiyalar, qanunsuzluq, korrupsiya, monopoliya, əhalinin ağır sosial- iqtisadi durumu, seçki saxtakarlığı barədə hazırladığı maraqlı və obyektiv verilişlərlə geniş tamaşaçı auditoriyası qazanmaqdadır. Bütün sahələri olduğu kimi azad efir məkanını da monopoliyada və nəzarətdə saxlamağa çalışan hakimiyyət hər hansı müstəqil televiziya kanalının və ya verilişinin olmasını həzm edə bilmir. Milli Şura Qənimət Zahidə və onun qohumlarına qarşı həyata keçirilən təqib və təzyiqləri pisləyir, bu hücumların dayandırılmasını, jurnalistin həbs olunan qohumlarının həbsdən azad olunmasını, müstəqil mətbuat orqanlarının fəaliyyətinə şərait yaradılmasını tələb edir”.