"Əsil ləyaqət budur, hörmətsiz satılmışlar və satılmaq istəyənlər!”
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, ədliyyə generalı Vidadi Mirkamal facebook səhifəsində satqüınlıq və ləyaqətli yaşam mövzusunda fikirlərini paylaşıb. Mövzunun aktuallığını nəzərə alıb, Vidadi bəyin yazdıqlarını təqdim edirik.
"İnsan hansı cəmiyyətdə yaşamagından, hansı zümrəyə, hansı cəbhəyə mənsub olmağından asılı olmayaraq, öz ləyaqətini qorumağı bacarmalıdır. Belələrini həmin şəxslərin hətta rəqibləri də dəyərləndirir. Azərbaycan iqtidarı da satqınları deyil, satqınçılığı qiymətləndirir və onun muzdunu verir. Amma müəyyən dövrə qədər. Sonra isə həmin satqınları lazımsız əşya kimi kənara atır. Əsil müsibət də bundan sonra başlayır. Artıq bir dəfə yeyilib qaytarılmış həmin nadürüstlər daha artıq qətiyyət və əzmlə uzun illər bir yerdə olduqları silahdaşlarının üstünə gəlir, hətta onları şərləməkdən, böhtan atmaqdan və sonda təhqir etməkdən çəkinmirlər. Təki köhnə satılmış statusunu bərpa etsin və iqtidardan ianə alsın.
…Makedoniyalı İsgəndər Afinanı alandan sonra afinalı Fokiona 100 talant pul göndərir. Fokion təəccüb edib, elçidən soruşur:
– Nə üçün hökmdarınız bütün afinalılardan məhz məni mükafatlandırmışdır?
– Çünki o, yalnız sizi ləyaqətli və namuslu hesab edir.
Fokion hədiyyəni makedoniyalılara qaytararaq deyir:
– Qoy onda hökmdar mənim təkcə onun zəndində deyil, əsil həqiqətdə də namuslu adam kimi qalmağıma mane olmasın…
Bax, əsil ləyaqət budur, hörmətsiz satılmışlar və satılmaq istəyənlər!”