Quraqlıq olacaq, nə etməli?
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov
Yay mövsümündə, xüsusən iyul, avqust aylarında havaların isti keçməsi və bunun nəticəsində quraqlığın olması təbii bir prosesdir. Aqrar sahədə çalışan fermerlər, mütəxəssislər bunu bilməmiş deyillər. Belə hallar hər il təkrarlana bilər. Onu da nəzərə almaq lazımdır ki, qlobal iqlim dəyişikliyi baş verir. Bu da öncədən havanın necə olacağına dair proqnoz verməkdə çətinlik yaradır. Son zamanlar havaların kəskin dəyişməsi, şiddətli istilər, yaxud intensiv yağışların yağması halları ondan xəbər verir ki, iqlimlə bağlı baş verə biləcək təbiət hadisələrinə həmişə hazır olmalıyıq. Azərbaycan Respublikası əsas etibarilə arid zonada yerləşir və ölkədə şirin su ehtiyatları məhduddur. Ölkənin su potensialının 70 faizi qonşu ölkələrdən Azərbaycan ərazisinə daxil olan suyun hesabına formalaşır. Bütün bu çatışmazlıqlara baxmayaraq Azərbaycanın mövcud olan 32,2 milyard kubmetr su resursu, içməli və suvarma suyuna olan ehtiyacı tam ödəməyə imkan verir. Ancaq bütün bunları nəzərə almaqla hökumət quraqlığa davamlı bitki sortlarının yetişdirilməsi, mövcud su potensialından səmərəli istifadə edilməsi istiqamətində zəruri addımlar atmalıdır.
Onu da qeyd etməliyəm ki, mövsümdə yağış sularını vaxtlı-vaxtında anbarlarda, hovuzlarda toplayıb, potensialımızı artıra bilərik, sonradan səmərəli istifadə etməklə suya olan ehtiyacımızı sıxıntı keçirmədən ödəyə bilərik. Yəni, bu istiqamətdə probem yoxdur. Sovet dövründə su ehtiyatı yaratmaq üçün əksər sovxoz və kolxozlarda su anbarları var idi. Təəssüflər olsun ki, indi həmin su anbarlarını ələ keçirən dövlət məmurları orada göl balıqçılığı ilə məşğul olur.
Bu sahədə görüləcək işlər hələ çoxdur. Ölkədə mövcud olan təsərrüfatların suvarma suyuna olan ehtiyacının davamlı şəkildə ödənilməsi üçün kompleks tədbirlər həyata keçirilməlidir.
Avqust ayında havaların isti keçdiyi və yağıntının da az olduğunu hər il görürük. Ona görə də problemdən çıxış yolu kimi quraqlığa dözümlü bitki sortların yaradılması istiqamətində işlər aparılmalıdır. Azərbaycanda Sovet dönəmində quraqlığa dözümlü bitki sortları yetişdirilirdi. Təəssüflər olsun ki, ölkədə seleksiya və genetika ilə bağlı işlər demək olar ki, qapanıb. AMEA-nın Genetika və Seleksiya İnstitutu artıq neçə illərdir ki, kənd təsərrüfatına hər hansı bir töhfə vermir. Nə bitkiçilikdə yeni sort, nə heyvandarlıqda yeni bir cins yaradılıb.
Ölkədə suvarılan sahələr 1 milyon 300 min hektara yaxındır. Mövcud potensialdan səmərəli istifadə edib, suvarma işlərini elə qurmaq lazımdır ki, fermerlərin suya olan tələbatı davamlı şəkildə ödənilsin. Həmçinin çalışmaq lazımdır ki, əkin sahələri ətrafında qoruyucu meşə zolaqları salınsın. Bu qoruyucu meşə zolaqları əkin sahələrini həm şaxtalı havadan, həm də kəskin istilərdən qoruya bilir. Belə olarsa, bitkilər şiddətli isti və kəskin soyuq havaların zərərli təsirinə bir o qədər də məruz qalmaz.
Bölgələrə səfər zamanı əvvəllər yamyaşıl olan dağların indi boz səhraya çevrildiyinin şahidi oluruq. Həmin ərazilərdən heyvanların örüş sahəsi kimi aşırı istifadə olunması dağları bitki örtüyündən məhrum edib. Dağ ətəyində meşələrin salınması, dağda kolluqların, təbii otlaqların bərpa edilməsi istiqamətində də işlər aparılmalıdır ki, quraqlığın heyvandarlıqla məşğul olan fermerlərin təsərrüfatına vuracağı ziyan güclü olmasın. Amma təəssüf ki, hələ də torpaqların deqradasiyaya, erroziyaya məruz qalması hallarını müşahidə etməkdə davam edirik.