AŞ PA-da rüsvayçı duruma düşən hakimiyyət pərtliyini gülməli arqumentlərlə izah etməyə çalışır
Nurəddin Məmmədli: «Azərbaycandan demokratiya tələb edən bütün təşkilatlar ilk gündən ölkəmizin ərazi bütövlüyünü qəbul edirlər»
Avropa Şurasının son sessiyasında sərt tənqidə məruz qalan Azərbaycan hakimiyyəti atdığı addımlara bəraət qazanmağa çalışır. Neçə gündür hakimiyyətyönlü mətbuatda AŞ PA-nın ünvanına yağdırılan ittihamlar da bu baxımdan təsadüfi sayılmamalıdır. Elə AŞ PA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun son açıqlamaları da bu qəbildəndir. S.Seyidovun səsləndirdiyi fikirlər hazırda hakimiyyətyönlü medianın əsas “arqumentinə” çevrilib.
S.Seyidov bilirib ki, Ukraynanın AŞ PA-nın bütün tələblərinə əməl etməsi sonda bu dövlətin Krımı itirməsi ilə nəticələndi: “Belarus nə qədər cəhd göstərdi, dedilər insan haqları, demokratiya Avropa standartlarına uyğun gəlmir və onu bu quruma buraxmadılar. Rusiya sanksiyaya məruz qalıb çıxıb getdi. Azərbaycan işğal olunan torpaqlarına qeyri-qanuni gedənləri ölkəyə buraxmadığına görə sanksiyaya məruz qaldı. Gürcüstan da bizim vəziyyətdədir. Ukrayna isə Avropa Şurasının bütün tövsiyələrini yerinə yetirib, buna görə Krım əldən getdi. Yunanıstan, ümumiyyətlə, Avropa Ittifaqı və Avropa Şurası ilə vidalaşmaq istəyir”.
Amma S.Seyidov Krım münaqişəsi ilə Ukraynanın yerinə yetirdiyi öhdəliklər arasında hansı bağlılığın olduğunu izah etməyib. Digər tərəfdən, AŞ PA-nın son qətnaməsində Azərbaycana qarşı irəli sürülən iradlar tam formada əksini tapıb. Onların isə heç biri Azərbaycanın ərazi bütövlüyü üçün təhlükə törətmir. Əksinə, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edir. Azərbaycandan məhkəmə sistemini müstəqil etməsi, normal seçkilər keçirməsi, azad mətbuatın təmin edilməsi istənilir. Bu tələblərin isə heç biri Azərbaycanın ərazi bütövlüyünə təhlükə törətmir. Açıq görünür ki, hakimiyyət yenə Qarabağ kartından öz xeyri üçün istifadə etməyə çalışır.
AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, avtoritar rejimlərin beynəlxalq təşkilatlara münasibəti onların quruluşlarına yanaşmaya adekvat olur. Uzun illərdir ki, Azərbaycan hakimiyyətini nə ərazi bütövlüyü, nə də ölkənin rifahı və inkişafı maraqlandırdığını deyən N.Məmmədli bildirdi ki, hakimiyyət üçün yeganə kriteriya nəyin bahasına olursa-olsun iqtidarını uzatmaqdır: “Çox maraqlıdır ki, Azərbaycandan demokratiya tələb edən bütün təşkilatlar ilk gündən ölkəmizin ərazi bütövlüyünü qəbul edirlər. Bu təşkilatlar eyni zamanda torpaqlarımızın heç bir şərt irəli sürülmədən azad olunmasını tələb edirlər. Bu sırada ilk olaraq Avropa Birliyini, NATO Parlament Assambleyasını göstərmək olar. Bu təşkilatlar həmişə prinsipial mövqedən çıxış ediblər. Eyni zamanda həmişə tənqidə də məruz qalanlar məhz bu təşkilatlardır”.
Eyni zamanda Almaniyanın da bütün vasitələrlə Azərbaycanın ərazi bütövlüyünün müdafiəçisi kimi çıxış etdiyini deyən N.Məmmədli vurğuladı ki, dəfələrlə bununla bağlı rəsmi sənədlər qəbul edilib. Amma Azərbaycanın xeyrinə olan mövqeyin sərgilənməsinə baxmayaraq hakimiyyətin bütün bu təşkilatları, dövlətləri düşmən elan etdiyini söyləyən N.Məmmədli bildirdi ki, Qarabağın işğal olunmasında Rusiyanın rolu danılmazdır: “Rusiya hər iki dövləti nəzarətdə saxlamaq üçün Qarabağ münaqişəsini yaradıb, ərazi bütövlüyümüzü pozub, Xocalı faciəsini törədib. Amma Rusiya Azərbaycanın nəzərində ən yaxın dost dövlət kimi qəbul edilir. Eyni şeyləri Ukrayna haqqında da demək olar. Bir il yarım-iki il əvvəl Ukrayna Azərbaycanın əleyhinə qəbul olunan bütün sənədlərə qarşı çıxırdı. Azərbaycan hakimiyyətini xalqın rifahı, dövlətin gələcəyi yox, hakimiyyətə münasibət maraqlandırır”.
Ukraynanın indiki hakimiyyətinin isə ölkəmizdə demokratiyanın inkişafında maraqlı olduğunu deyən N.Məmmədli vurğuladı ki, Kiyev ölkəmizin Avropanın bir hissəsi olmasını istəyir. “Bu isə hakimiyyətin maraqlarına uyğun deyil. Çünki demokratikləşmənin arxasında insan haqlarının qorunması, normal seçkilərin keçirilməsi dayanır. Bu prinsiplər isə hakimiyyətin ən çox qorxduğu, qəbul etmədiyi dəyərlərdir”, deyə N.Məmmədli vurğuladı.
Xəyal