Ölkə rayonlarında qeydiyyatda olan avtomobillərin Bakıya girişinə qoyulan məhdudiyyət Avropa Oyunlarından sonra da davam edəcək. Bu barədə DIN Dövlət Yol Polisi Idarəsinin nümayəndəsi Kamran Əliyev jurnalistlərə bildirib.
Nazirlər Kabineti yol hərəkəti qaydalarına dəyişikliklər hazırlayır. K.Əliyevin sözlərinə görə, bu məsələ yol hərəkəti üzrə hökumət komissiyasında müzakirə olunur.
Gözlənildiyi kimi, Nazirlər Kabinetinin qərarı yaxın günlərdə qəbul ediləcək. Yeniliklər vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınmaqla, eyni zamanda Bakıda nəqliyyat sıxlığının minimuma endirilməsinin vacibliyi ilə əlaqədar qəbul ediləcək.
Bəs belə bir qadağanın tətbiqi nə dərəcədə qanunidir. Belə bir qadağa əlavə rüşvət mənbəyinə səbəb ola bilərmi? Digər tərəfdən o da nəzərə alınmalıdır ki, rayon qeydiyyat nömrəli avtomobillərin sahiblərinin əksəriyyəti Bakı sakinləridir. Və ya tərsinə.
Əlbəttə, rayonlardan Bakıya avtomobillərin girişinə qoyulan qadağa şəhərdəki avtomobil sıxlığına müsbət təsir etdi. Bu baxımdan şəhər sakinlərinin mövqeyini anlamaq olar. Amma bu heç də o demək deyil ki, əyalətlərdə yaşayan vətəndaşların konstitusion hüquqları məhdudlaşdırılmalıdır. O da nəzərə alınmalıdır ki, belə bir qadağa rəsmiləşərsə, rayon qeydiyyatı ilə olan avtomobillərin sahibləri kütləvi nəqliyyat vasitələrini Bakıda yaşayan qohumlarının adına keçirə və bununla da qanundan yan keçə bilərlər.
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, K.Əliyev bilməlidir ki, Nazirlər Kabinetinin nəzdində yaranmış Yol Təhlükəsizliyi Komissiyasının elə bir səlahiyyəti yoxdur ki, insan hüquqlarına aid məsələləri tənzimləsin. M.Baxışovun sözlərinə görə, bu komissiya elə bir qərar qəbul edə bilməz ki, Azərbaycan vətəndaşı, əcnəbilər idarə etdikləri avtomobillərlə Bakı şəhərinə daxil ola bilməzlər: “Konstitusiyanın 25-ci maddəsinin tələblərinə görə, hamı qanun qarşısında bərabərdir. Masallı rayonunda yaşayan vətəndaşımızla Bakıda yaşayan vətəndaşımızın hüquq və vəzifələri eynidir. Yəni kimsə Masallı rayonunda yaşayan vətəndaşımıza onun öz xüsusi mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsilə Bakı şəhərinə girişinə qadağa qoya bilməz. Belə bir qadağanı ”Azərbaycan Respublikasında vətəndaş və insan hüquqlarının tənzimlənməsi haqqında" 22 dekabr 2002-ci ildə qəbul edilmiş Konstitusiya Qanunun 3-cü maddəsinə görə, Milli Məclis bu və ya digər zərurətdən asılı olaraq tətbiq edə bilər. Məsələn, Milli Məclis “Yol Hərəkəti Haqqında” qanuna belə bir dəyişiklik edə bilər ki, 1995-ci il Rusiya istehsalı olan avtomobillərin və ya yüksək tonnajlı yük maşınlarının şəhərə girişi qadağandır".
M.Baxışovun sözlərinə görə, qadağa ümumi xarakter daşımalıdır. Qadağa vətəndaşın əyalətdə və ya şəhərdə yaşamasından asılı olmayaraq tətbiq edilməlidir. Belə bir qadağanı qəbul etmək səlahiyyəti isə yalnız parlamentə aiddir: “Bəzi yaltaqlar telekanallarda çıxış edərək bəyan edirlər ki, baş verənlərə dözümlü yanaşmaq lazımdır. Qanunsuzluğa necə dözümlü yanaşmaq olar. Bu, Azərbaycanın regionlarında yaşayan vətəndaşların hüquqlarının kobud pozuntusudur. Konstitusiyanın 25-ci maddəsinə görə sosial vəziyyətinə görə, şəxslər arasında ayrı-seçkilik qoyula bilməz. Azərbaycan qanunlarla deyil, qaydalarla idarə olunur və bunu Kamran Əliyev də görür. Heç bir səlahiyyəti olmadığı halda bəyan edilir ki, Nazirlər Kabinetinin nəzdində yaranmış Yol Təhlükəsizliyi Komissiyası belə bir qərar verə bilər”.