Zahid Oruc: «Indiki situasiyada vəzifəsindən getmək dövlətə və millətə xidmət olar»
“Dünənə qədər səlahiyyət uğrunda dava gedirdi, amma bu gün məsuliyyəti üzərlərindən atmaq üçün savaş gedir. Əgər kimsə bundan narahatdırsa, vəzifəsindən getsin”. Bu fikirləri “Yeni Müsavat”a iqtidaröynlü deputat Zahid Oruc Binəqədi rayonunda 15 nəfərin ölümünə səbəb olan yanğın barədə danışarkən deyib.
O, daha sonra əlavə edib: “Ola bilsin ki, onların keçmişdə müsbət xidmətləri olsun. Bunu heç kəs şübhə altına almır. Indiki situasiyada vəzifəsindən getmək dövlətə və millətə xidmət olar. Doğrudanda vəzifədən getmək bu qədər dəhşətlidir? Bununla onlar var-dövlətlərini, həyatlarını itirmirlər. Məsuliyyət götürməyən məmur dövlətə, hakimiyyətə və millətə gərək deyil. Zamanında parlamentdə Vahid Tikinti Nazirliyinin yaradılması ilə bağlı təklif vermişdim. Cəmiyyətdə bu işlərə ehtimadın yüksək olması üçün… Insanlar bəzən quruculuğu qınaqla qarşılayırlar. Çünki kiminsə bunların fonunda külli-miqdarda pul mənimsədiyini düşünürlər. Yanğın hadisəsi hökumət strukturları arasındakı rabitəsizliyi, mənəm-mənəmliyi, qanunu tapdamalarını sübuta yetirdi”.
Zahid Oruc bundan əvvəlki açıqlamasında da təxminən eyni fikirləri səsləndirmişdi: “Məsuliyyətin bölüşdürülməsində yaxasını kənara çəkənlər, dünənə qədər səlahiyyət uğrunda amansız mübarizə aparırdılar. Hər bir sahibkar və ya fiziki şəxs potensial qanun pozucusu ola bilər. Çünki burjuaziya xarakterinə görə özünə xüsusi şərait yaratmağa çalışır. Lakin şərtləri və qaydaları hökumət müəyyənləşdirir. Baxın, hər nazirliyin çevrəsində bir tikinti qurumu var.
Istisnasız olaraq hamısında dövlətin külli miqdarda vəsaiti və ya xarici investisiyalar həmin strukturların birbaşa özünə ayrılır. Nəticədə əsas dövlət vəzifələrini yerinə yetirmək və Konstitusiya ilə əhaliyə xidmət üçün reqlamentləşdirilimiş funksiyaları həyata keçirməkdənsə, hamının ayrı qayğısı meydana çıxıb. Özlərinə yaxın tikinti-podratçı qurumları yaradıb düşünürlər ki, müvafiq vəsaitləri necə nəzarətdən kənar xərcləsinlər".
Deputat daha sonra əlavə etmişdi ki, hazırki vəziyyət hökumətdə dəyişiklərin nə qədər zəruri olduğunu ortaya qoyur: “Beynəlxalq Bankın talanan kredit pulları ətrafında yaranmış vəziyyət də hökumətdə dəyişikliklərin nə qədər zəruri olduğunu sübut edir. Bir sözlə, idarəretmə orqanları transformasiya və yeniləşmə kursu qarşısında olduğunun fərqindədirlər.
Ona görə getmək vaxtı çatmış insanlar bilir ki, prezidentin növbəti qərarı nə olacaq".