“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun da pay sahibi olduğu “Gəncəbank”ın adı növbəti dəfə məhkəmə qalmaqalında hallanır. Bu qurum bir müddət əvvəl Idarə Heyətinin sədri Pərvanə Novruzovanın hərəkətlərilə gündəmə gəlmişdi. Mediada, o cümlədən “Azadlıq”da Pərvanə Novruzovanın Gəncə sakini Natalya Kərimovanın başına açdığı oyunlar (bu ailənin evinin, obyektinin əlindən alınması, özlərinin isə ölkədən didərgin salınması və s.) haqda məqalələr dərc olunmuşdu.
Başına açılan oyunlara, şantajlara baxmayaraq, uzun illərdən sonra yenidən Azərbaycana qayıdıb hüquqlarının bərpası uğrunda mübarizə aparan Natalya Kərimova ilə Pərvanə Novruzova arasında çəkişmə davam edir. Natalya Kərimova ölkədən didərgin salındığı illərdə onun şəxsi mənzili ilə bağlı qiyabi qətnamə çıxarılaraq, ev Pərvanə Novruzovanın mülkiyyətinə keçirilmişdi. Natalya Kərimova ölkəyə qayıdandan sonra vəkilləri Ceyhun Yusifov və Əziz Qənbərov vasitəsilə məhkəməyə müraciət edərək, bugünlərdə nəhayət, illər öncə çıxarılmış həmin qətnamənin ləğvinə nail olub.
Amma bu son deyil, Natalya Kərimova deyir ki, vəkillərinin hüquqi yardımı ilə illər öncə əlindən alınmış bütün əmlakı geri qaytarılana, özünün və ailə üzvlərinin pozulmuş hüquqları tam bərpa olunana qədər mübarizəni davam etdirəcək.
Belə görünür ki, “Gəncəbank” ASC-nin sədri Pərvanə Novruzova hüquqi müstəvidə ona qarşı başlanan çəkişməyə cavab olaraq, Natalya Kərimovanın vəkillərilə “haqq-hesab çəkmək” qərarına gəlib. Bu barədə “Azadlıq”a məlumat verən vəkil Ceyhun Yusifov bildirib ki, onu və Əziz Qənbərovu Natalya Kərimovanın müdafiəsindən çəkindirmək məqsədilə onlara qarşı Kəlbəcər rayon məhkəməsində iddia qaldırıb. Pərvanə Novruzova vəkillərdən 100 min manat təzminat istəyir.
“Bizim göstərdiyimiz xüsusatlar Natalya Kərimovanın bir çox orqanlara etdiyi çoxsaylı şikayətlərə əsaslanır. Natalya Kərimova həmin halları bu gün də təsdiq edir.
Təəssüf ki, Pərvanə Novruzovanın əməllərinə vaxtında hüquq-mühafizə orqanları düzgün hüquqi qiymət verilmədiyindən, bu gün isə həmin əməllərinin üstü tam açıldığından elə zənn edir ki, vəkilləri məhkəməyə verməklə onları peşə fəaliyyətindən çəkindirə biləcək. Bu yanaşma tam absurd və yanlışdır. Pərvanə Novruzovanın bizi məhkəməyə verməsinin hüquqi əsasını sabun köpüyünə bənzədirəm. Hesab edirəm ki, vəkilləri məhkəməyə verməkdənsə, məhkumluğunun niyə yarandığına, barəsində cinayət təqibinin niyə başlanmasına, kimsəsiz Natalya Kərimovanın sözlə ifadəsi mümkün olmayan işgəncəyə məruz qoyulmasına, onun külli miqdarda dəyəri olan əmlaklarının zorla ələ keçirilməsinə aydınlıq gətirsəydi, daha doğru olardı", – deyə Ceyhun Yusifov bildirib.
Vəkil onu da qeyd edib ki, onlara “Gəncəbank” ASC-dən, o cümlədən konkret Pərvanə Novruzovadan şikayətçi olan çoxsaylı adamlar hüquqi yardım üçün onlara müraciət edir: “Bir çox təkzibedilməz faktları geniş ictimaiyyətə və hüquq-mühafizə orqanlarına açıqlamaq məcburiyyətində qalacağıq. Acınacaqlı məqamlardan biri də odur ki, ”Gəncəbank" kimi bankların fəaliyyətinə ictimai qınağın heç bir təsiri və nəticəsi yoxdur. Mərkəzi Bank və digər qurumlar mütləq qaydada onların fəaliyyətinə qanuna uyğun şəkildə təftiş aparmaqla müdaxilə etməlidir. Belə olan təqdirdə yəqin ki, “Gəncəbank” ASC fəaliyyətinin nədən ibarət olduğunu tam şəkildə dərk edər və vətəndaşların hüquqlarına hörmətlə yanaşar".
Informasiya şöbəsi