"Yanğın təhlükəsi ilə üzləşmiş Vətəni xilas edək"
Milli Şuranın sədri, professor Cəmil Həsənli 30 may mitinqi ilə bağlı xalqa müraciət edib. Cəmil Həsənlinin "facebook" səhifəsindən paylaşdığı həmin müraciəti təqdim edirik:
"Dəyərli dostlar, Milli Şura olaraq mayın 30-da, şənbə günü gündüz saat 3-də “Məhsul” stadionunda mitinq keçirməyə qərar verdik. İndi artıq onun üzərində dayanmırıq ki, kütləvi aksiya üçün mayın 31-nə, bazar günü saat 17-yə müraciət etmişdik. Mitinqin vaxtını özbaşına dəyişdirməklə, Bakı Şəhər İcra Hakimiyyəti növbəti qanunsuzluğa yol versə də, Milli Şura icazəli, dinc mitinq keçirmək əzmini bir daha nümayiş etdirdi. Hakimiyyətin yeritdiyi yarıtmaz siyasətə, yüksək vəzifə sahibi olan məmurların qanunsuz əməllərinə, Azərbaycan həyatının acı mənzərəsinə çevrilmiş yanğın təhlükəsinə son deməyin vaxtıdır. Mayın 19-da baş vermiş faciə, hamımızı sarsıtdı. İçərisində 4 azyaşlı körpə olmaqla, 15 vətəndaşımız həyatını itirdi. Məmur cinayətkarlığı, tamahkarlıq, dövlət səviyyəsində baş vermiş məsuliyyətsizlik böyük insan tələfatı ilə nəticələndi.
Ölkənin başına bu faciəni gətirənlər, ölənlərin xatirəsinə matəm günü elan etməyi belə, lazım bilmədilər. Qoy, Milli Şuranın 30 may mitinqi həm də 19 may qurbanlarının anım günü olsun. Arxasında yüksək vəzifəli məmurların dayandığı 19 may fəlakəti açıq-aydın ört-basdır edilməkdədir. Hakimiyyət vəziyyətdən JEK müdirini həbs etməklə çıxmaq istəyir. Bu məqsədlə yaradılmış dövlət komissiyasının televiziyada nümayiş etdirilən toplantısı, ölkəmizin hansı fəlakət içində olduğunu ortaya qoydu. Bu gün Bakı şəhəri böyük söküntü meydançasına bənzəyir. Hər kvadrat metri 150 manata başa gələn “ölüm üzlükləri” gecə-gündüz sökülüb-tökülməkdədir. Büdcə talanması göz qabağındadır. Əldə etdiyimiz məlumatlara görə, hakimiyyətin harınlamış məmurları Monteneqroda aldıqları və inşa etdirdikləri villalarını Azərbaycandan daşıyıb apardıqları Gülbaxt daşları ilə üzləyir, öz xalqımızı isə “ölüm üzlükləri” ilə oda yaxmaqdan çəkinmirlər. Üzlü adamların tamahı ucbatından təxminən bir milyard manata başa gəlmiş “ölüm üzlükləri”nin divarlardan sökülməsi, Bakını müharibə dövrünü yaşayan miskin şəhər görkəminə salıb. Bunu da müharibə vəziyyətində olduğumuz ermənilər etməyib axi. Vətənimizin paytaxtını bu eybəcər vəziyyətə salanlar vətəndaş təpkisi ilə, xalq iradəsi ilə qarşılaşmalıdır. 30 may mitinqi məhz bunun ifadəsi olacaq.
3 gün öncə Bakı Dövlət Universitetini qırmızı diplomla bitirmiş əsgər Tapdıq Babaşov “nümunəvi” sayılan Fövqəladə Hallar Nazirliyinin hərbi hissəsində döyülmə və işgəncə nəticəsində öz həyatını itirdi. Dövlət öz əsgərini azğınlaşmış, harınlamış, quduzlaşmış, bir sıra hərbi hissələrdə yuva salmış cinayətkarlardan müdafiə edə bilmədi. 30 may mitinqi həm də əsgər ölümlərinə qarşı bir ümumxalq nümayişi kimi əsgər analarına dəstək xarakteri daşıyacaq. Bu mitinqə çıxmaqla, siz məmur özbaşınalığının qurbanı kimi öd içində həyatını itirmiş körpə fidanlarımızın, hərbi hissələrdə döyülüb öldürülmüş Tapdıq kimi vətənsevər gənclərimizin ruhu qarşısında öz vətəndaş borcunuzu yerinə yetirmiş olacaqsınız. Ölkəmiz başdan başa məhbus düşərgələrinə çevrilib. 19 may hadisəsi, FHN-nin hərbi hissəsində baş verənlər bir daha göstərdi ki, mütəşəkkil xarakter daşıyan əsl cinayətkar dəstə qalıb bir tərəfdə, saxta ittihamlar, qurama iddialar, məzhəkə məzmunu daşıyan məhkəmələrlə yüzə yaxın namuslu vətəndaş, siyasi lider, QHT təmsilçisi, fəal gənc, vətəndaşlıq mövqeyi olan mətbuat nümayəndəsi, imanlı müsəlman həbsxanalarda çürüdülməkdədir.
Bu yaxınlarda ölkəni bürüyən maliyyə böhranını Konstitusiya Məhkəməsi xalqın ziyanına həll etdi. Xarici valyuta ilə kredit almış on minlərlə vətəndaş hakimiyyətin soyğunçuluğunun qurbanı oldu. Maliyə böhranından çıxış yolu vətəndaşın soyulmasında görüldü. 30 may mitinqi hakimiyyətin yarıtmazlığı nəticəsində maliyyə böhranının girovuna çevrilmiş vətəndaşların müdafiə mitinqidir. Milli Şura olaraq mitinq qərarını biz verdik, onun kütləviliyini siz təmin edin. Gəlin, özünüzü xilas edin, uşaqlarınızı xilas edin, gələcəyinizi xilas edin! Ən nəhayət, hamımız birlikdə yanğın təhlükəsi ilə üzləşmiş vətənimizi xilas edək! Ölkəmizi bürümüş bu yanğından, xalqı bu vəziyyətə salmış nadanlıqdan, heç nə ilə məhdudlaşmayan özbaşnalıqdan, hüdudu olmayan məmur harınlığından, körpə balalarımızın bir daha odda yanmasından, hər gün qarşılaşdığımız ədalətsiz məhkəmələrdən, hər an qapıları döyən əsgər ölümlərindən, ölkəmizdə adi həyat tərzinə çevrilmiş korrupsiya, monopoliya və rüşvət şəbəkəsindən xilas olmaq üçün mayın 30-da saat 15-də “Məhsul” stadionuna gəlin və iradənizi ortaya qoyun. Əks təqdirdə gec olacaq".
***
“Ölü və kölə deyilsənsə mübarizə meydanında ol!”
“Milli Şuranın 30 may mitinqi zəruri məsələlərin müdafiəsinə çağrışdır. Bu mitinqi müdafiə etmək dövlətini, millətini, dinini sevən hər kəsin insanlıq, vətəndaşlıq, vicdan borcudur!
Dəyərlərin, insanlıq ləyaqətinin alçaldıldığı bir cəmiyyətdə zülmə, zalıma etiraz etməmək ya ölülükdü, ya da köləlik! Ölü və kölə deyilsənsə mübarizə meydanında ol!”.
Bunu Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü hacı Rövşən Əhmədli facebook səhifəsində 30 may mitinqinə çağırış olaraq yazıb.
R.Əhmədli daha sonra bunları qeyd edib: “Axı niyə səni kimsə “Talana, yalana son” deyə xilas olmağa səsləməlidir, Vətən övladı?!
Şərlənib həbs olunan, işgəncə altında saxlanan, zindanda əzabla öldürülən sənin qardaş və bacıların deyilmi? Hakimiyyət, var-dövlət hərislərinin diri-diri yandırıb külə döndərdiyi insanlar və ailələrin halı səni narahat etmirmi?
Zalım hakimiyyətə etiraz etmək əvəzinə, qorxunu ört-basdır etmək üçün yalançı bəhanələrdən əl çək ! Biz birlikdə güclüyük! Şərəf, izzət və ləyaqətimizi qorumağa hamılıqla səy göstərək!”.
“Ölkədəki özbaşınalıqlara son qoyulmasını tələb etmək üçün mitinqə gəlməyə borcluyuq!”
Milli Şura üzvləri, ölkənin sayılıb-seçilən ziyalıları mayın 30-da keçiriləcək mitinqlə bağlı xalqa səslənərək, əhalini öz taleyinə biganə qalmamağa, hökumətin elədiyi zülmə “dur” deməyə çağırıb.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli deyir ki, Azərbaycan xalqı biganəlikdən qurtulmalı, mayın 30-da “Xilas olaq!” şüarı ilə keçiriləcək mitinqə qatılmalıdır: “Milli Şura olaraq, ölkədə baş verən talançılıq siyasətinin durdurulması, işsizliyin aradan qaldırılması, iqtisadiyyatın liberallaşması, sahibkarlıq mühitinin təkmilləşdirilməsi istiqamətində tələblərimizi irəli sürəcəyik. Son devalvasiya insanlara böyük maddi zərbə vurdu. Insanların həyat səviyyəsi olduqca ağır duruma düşdü. Hökumət isə vəziyyətin düzəlməsi istiqamətində heç bir real addım atmadı. 30 may mitinqi vasitəsilə biz hökumətə növbəti çağırışlar edəcəyik. Azərbaycan hakimiyyəti ölkənin üzləşdiyi ağır iqtisadi böhrana adekvat addımlar atmalıdır. Təcili olaraq təxirəsalınmaz anti-böhran tədbirləri həyata keçirilməli, iqtisadiyyat libereallaşmalıdır”.
Gültəkin Hacıbəyli eyni zamanda, mayın 19-da baş verən yanğına toxunaraq qeyd edib ki, məmur harınlığınin nəticəsi olan bu faciə xalqı sarsıdıb: “Məmur harınlığının nəticəsi olan bu hadisədə 4-ü azyaşlı uşaq olmaqla, 15 nəfər vətəndaşımız həyatını itirdi. Bu faciə xalqımızı çox sarsıtdı. Bir qrup məmur yüzlərlə insanın yaşadığı binanı sintetik, poliuretan materiallarla üzləyərək, sanki onların həyatını girov götürüblər. Bunun nə dərəcədə təhlükəli olduğunu ən azı, bir müddət əvvəl Xətai rayonunda baş vermiş yanğın hadisəsindən sonra dərk etməliydilər. Amma bu onlara dərs olmadı, yenə də minlərlə insanı ölüm təhlükəsilə üz-üzə buraxdılar. Bu sözsüz ki, böyük bir cinayətdir”.
Gültəkin Hacıbəyli onu da qeyd edir ki, bu cinayəti törədən şəxsləri məsuliyyətə cəlb etmək əvəzinə, faciəyə bilavasitə aidiyyəti olmayan şəxslər cəzalandırılır. Bu da vətəndaşların haqlı narazılığına səbəb olur.
Gültəkin xanım həmçinin dinc şəraitdə baş verən əsgər ölümlərinə, Qarabağ qazilərinin intiharına da toxunub: “Son günlərin daha bir dəhşətli hadisəsi növbəti əsgər ölümü oldu. Savadlı bir gəncimiz hərbi xidmətdə özbaşınalığın qurbanı oldu. Onun anasının ürək parçalayan fəryadı bizləri rahat buraxa bilməz. Bu azmış kimi, Qarabağ qazisinin intihar xəbəri cəmiyyətdə böyük əks-səda doğurdu. Xalqımız bütün bu özbaşınalıqlara son qoyulmasını tələb etmək üçün 30 may tarixində baş tutacaq dinc mitinqə gəlməyə borcludur”.
“Meydana gələk ki, hakimiyyətin cinayətlərindən xilas olaq!”
Tanınmış hüquqşünas, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Qurban Məmmədov da bildirib ki, xalqımızın vəziyyətinin nə dərəcədə acınacaqlı olduğunu yerli və beynəlxalq ictimaiyyətə çatdırmaq üçün mitinqin keçirilməsi vacibdir. Eyni zamanda, bu acınacaqlı durumda yaşam mücadiləsi verən insanlar da mitinqə qatılaraq, talelərinə biganə olmadıqlarını nümayiş etdirməlidir: “Bir tərəfdən 21 fevral devalvasiyası ilə xalqımıza vurulan 34 faizlik maddi ziyan, digər tərəfdən evləri yandırılan və yanmaq təhlükəsi altında olan insanların ah-naləsi, işsizlik, sosial-iqtisadi çətinliklər Milli Şuranı bu qərarı verməyə məcbur etdi. Bu gün ölkədə yüzminlərlə gənc evsizlikdən, maddi-sosial problemlər ucbatından ailə qura, öz haqqını əldə bilmirsə, ölkədə ədalət anlayışı qeybə çəkilibsə, deməli, xalqımızın haqqını tələb etmək zamanı gəlib çatıb. Əgər xalq öz haqqına özü sahib çıxmasa, onun haqqına başqaları sahiblənəcək. Hər bir xalqın haqqı onun özünün imkan verdiyi həddə qədər tapdalanır. Biz millət olaraq bu yarıtmaz hökumətə imkan verməməliyik ki, övladlarımızı yandırsın, gənclərimizin haqqını oğurlasın, ailə başçılarımızı işsiz qoyub övladlarının yanında gözükölgəli etsin. 30 may tarixində hamılıqla meydana gələk ki, korrupsiyadan, rüşvətxorluqdan, məmur özbaşınalıqlarından, hakimiyyətin hər bir cinayətindən xilas olaq!”
“Hamılıqla ölkəmizə, vətənimizə sahib çıxaq!”
Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev vurğulayıb ki, əhali susduqca ölkədəki problemlər həll olunmayacaq, əksinə, böhran daha da dərinləşəcək: “Ölkədə ard-arda baş verən faciələrdən sonra xalqın narazılığı son həddə çatıb. Vətəndaşlar öz fikirlərini, etirazlarını ifadə etmək üçün imkan arayırlar. Bu baxımdan, Milli Şuranın 30 mayda mitinq keçirmək qərarını doğru hesab edirəm və düşünürəm ki, ”Xilas olaq" mitinqi kütləvi olmaqla, hakimiyyəti dayanmağa məcbur edəcək".
Azərbaycan vətəndaşlarının yaşayış səviyyəsinin günü-gündən ağırlaşdığını deyən Eldəniz Quliyevin sözlərinə görə, hakimiyyətin əhaliyə qarşı həyata keçirdiyi təzyiqlər bu rejimə qarşı bir etiraz yaradıb: “Hazırda ölkədə elə bir gərgin sosial-iqtisadi vəziyyət hökm sürür ki, hər an sosial partlayış ola bilər. Azərbaycan hakimiyyəti bütün bunları nəzərə almalı, vətəndaşların etiraz səsini eşitməlidir”.
Eldnəniz Quliyev qeyd edib ki, hakimiyyət qarşısında xalqın gücünü görməsə, təzyiqləri hiss etməsə, ənənəvi siyasətini dayandırmayacaq: “19 mayda baş vermiş faciəvi yanğın hadisəsi, ardınca əsgər ölümü, Qarabağ qazisinin intiharı cəmiyyətdə böyük aqressiya doğurub. Eyni zamanda, xalqın sərvətlərini talan edən, xalqa nifrətlə baxan qudurğan məmurlar vətəndaşlarımızı çıxılmaz duruma salıb. Milli Şura narazı, haqqını qorumaq istəyən vətəndaşlarımız üçün belə bir fürsət yaradır ki, hamılıqla bir araya toplaşıb etiraz səsimizi ucaldaq. Şərt deyil ki, aksiyalarda milyonlar, yüzminlər iştirak etsin. Onminlərlə vətəndaş bir araya gələrək birlik nümayiş etdirsə, hakimiyyət geri çəkilməyə məcbur olar və islahatlar həyata keçirər. Bu baxımdan xalqımız nəzərə almalıdır ki, dinc aksiyaya qoşulmaqla öz vətəndaşlıq borcumuzu yerinə yetiririk. Ona görə dəÿ30 may saat 15.00-da hamılıqla meydana gələk ki, ölkəmizə, vətənimizə sahib çıxaq!”.