Peter Moore yazır ki, 1860-cı illərdə hava proqnozunu ixtira edən şəxs şübhələr və hətta məsxərələrlə üzşləşməli olsa da, elm onun tərəfində idi. 150 il bundan əvvəl tanınmış dənizçi və Meteoroloji Idarənin banisi admiral Robert FitzRoy öz həyatına son qoydu. Qəzetlərdən biri bu ölüm barədə “gözlənilməz və sarsıdıcı fəlakət” yazmışdı. Bu gün FitzRoyu əsasən Charles Darwinin səyahət etdiyi “Beagle” gəmisinin qaradinməz kapitanı kimi tanyırlar. Lakin sağlığında FitzRoy dənizçiliyinə görə yox, gündəlik qaydada havanın necə olacağı barədə verdiyi məlumatlara və ya onun öz təbirincə deyilsə, “proqnozlarına” görə məşhur idi.
FitzRoy 1854-cü ildə sonralar Meteoroloji Idarə kimi tanınancaq qurumu yaradanda, hava proqnozu deyilən bir şey mövcud deyildi. Əvəzində mövcud olan Ticarət Şurasının Meteoroloji Departamenti gəmilərin üzmə vaxtını qısaltmaq məqsədilə külək xəritələri çəkməklə məşğul idi.
Proqnozların olmadığı vaxtlarda balıqçılar, fermerlər və açıq havada işləyənlər özlərinin “hava müdrikliyinə” – buludların vəziyyətinə və bəzi heyvanların davranışına bel bağlayırdılar. Fermerin örüşündəki öküz, bankaya salınmış qurbağa, kola qonmuş qaranquş guya havanın necə olacağını elm adamından əvvəl biləcəkmiş.
Buna baxmayaraq 19-cu əsrdə bir neçə nəzəri nailiyyət əldə edilmişdi. Bunlardan biri də qasırğaların necə hərəkət etdiyi barədə biliklər idi. Məsələn, bəlli idi ki, qasırğa, küləklərin aşağı təzyiq sahələri ətrafında saat əqrəbinin əksinə fırlanması nəticəsində yaranır.
Bankadakı qurbağa hava haqqında nə bilir?
Hava xəritələri atmosfer hərəkətini göz önünə gətirməkdə əvəzsiz vasitə idi. Nüfuzlu nəzəriyyələrdən birinə görə qasırğalar isti və soyuq hava kütlələrinin qeyri-sabit cəbhəsində yaranırdı. Bu, bir növ zəlzələlərin tektonik sınma xətləri boyunca baş verməsinə bənzəyirdi.
Lakin bütün bunlara baxmayaraq, əsksəriyyət üçün hava xaotik bir hadisə idi. 1854-cü ildə millət vəkillərindən biri parlamentdə deyəndə ki, tezliklə elm Londonda iyirmi dörd saat ərzində havanın necə olacağını söyləməyə imkan verəcək, bütün zal qəhqəhəyə qərq olmuşdu.
Lakin FitzRoy dənizdə və Viktoriya Britaniyasının sahillərində kütləvi itirilən insan hayətlarından sarsılırdı. Təkcə 1855-1860-cı illərdə Britaniyanın sahil sularında 7402 gəmi batmış, 7201 insan həyatını qeyb etmişdi. FitzRoy inanırdı ki, proqnozla bu ölümlərin bir çoxunun qarşısını almaq mümkün ola bilərdi.
1859-cu ildə “Royal Charter” qızıl gəmisi Anqlsi sahillərində batandan sonra ona qasırğa tufan xəbərdarlıqları dərc etmək səlahiyyəti verildi.
FitzRoy xəbərdarlıqları artıq o vaxtlar mövcud teleqrafla ötürə bilirdi.
Teleqraf şəbəkəsinin genişlənməsi FitzRoya özünün London ofisində oturaraq real vaxtda sahillərdəki hava şəraiti barədə məlumatları toplamaq imkanı verirdi. Əgər o tezliklə tufanın gözlənildiyini düşünürdüsə, bu barədə birbaşa lazımi porta məlumat ötürə bilirdi.
“The Times” qəzetinin 1 avqust 1861-ci il tarixli sayında dərc olunmuş proqnoz
-Londonda havanın temperaturu 62 F (16, 7 C) olacaq, hava aydın olacaq, cənub-qərb küləyi əsəcək
-Liverpulda temperaturu 61F, hava buludlu olacaq və zəif cənub-qərb küləyi əsəcək
-Nairndə, Portsmutda və Doverdə hava sıx buludlu olacaq. Sonuncuda havanın hərarəti xoş bir şəkildə və Lissabonda olduğu kimi 70F-ə çatacaq.
Proqnoz həm də Kopenhagen, Helder, Brest və Batyon üçün verilir.
FitzRoyun tufan proqnozları 1860-cı ildə başlamışdı və növbəti ildə artıq qarşıdan gələn iki gün üçün mümkün hava proqnozu verilirdi.
FitzRoy üçün hava proqnozları onun tufan xəbərdarlıqlarına əlavə iş idi. Lakin o, bütün hallarda atmosfer məlumatlarını topladığı üçün düşünürdü ki, hava proqnozu da verə bilər – küləksiz, yağışlı, isti və tufanlı və sair şəklində. Peyğəmbərliklər və öncəgörmələrdən fərqili olaraq, – yazırdı FitzRoy, – proqnozlar elmi hesablama və nəticələrə əsaslanır.
Admiral FitzRoy
Illər boyu ictimaiyyət almanaxlarda fala bənzəyən proqnozları oxumuşdu, lakin bu, hökumət tərəfindən sanksiyalanmış ilk proqnozlar idi. Ilk dəfə 1861-ci ildə “The Times” qəzetində dərc olunandan və başqa qəzetlər də bunu xəbər başlığı kimi verəndən sonra proqnozlar tezliklə çox populyar oldu.
Proqnozlar populyarlaşdıqca bu barədə qəzetlər ən müxtəlif zarafatlar, atmacalar da dərc edirdilər.
Hava proqnozları artıq təkcə balıqçıları yox, Viktoriya cəmiyyətinin başqa sahələrini də maraqlandırırdı. Yarmarka, gəzinti və çiçək sərgilərini təşkil edənlərin bu proqnozlara xüsusən ehtiyacları vardı. Proqnozlarla atsürmə məşqləri keçənlər də maraqlanırdılar. Bir sözlə insanlar evdən hansı geyimdə çıxmaq lazım olduğunu bilmək istəyirdilər.
Lakin əllə aparılan hesablamalar, lazımi cihazların olmaması bəzən ziddiyyətli proqnozların ortaya çılxmasına səbəb olurdu.
“The Age” qəzeti zarafata salırdı, “azacıq yağış yağacaq” o deməkdir ki, günəşli bir hava da mümkündür və çətirləri evdə qoymaq olar".
Bəzən FitzRoyun özü də bu zarafatlara qəzetlərdə cavab yazırdı. Məsələn, “çətiri evdə qoyduqları üçün şlyapaları xarab olmuş cənablara və sair…”
Bütün hallarda populyarlıq artırdı. FitzRoyun adını daşıyan cıdır atı, gəmi vardı. Və hətta bir dəfə əlahəzrət kraliçanın özü Uayt adasına getmək istəyərkən öz elçisini FitzRoyun ofisinə göndərib proqnozu öyrənmək istəmişdi.
Lakin yüngül atmacalardan başqa FitzRoy daha ciddi problemlərlə üzləşirdi. Bəzi siyasətçilər bu işə teleqraf pulu xərcləməyə dəyib-dəymədiyini sual edirdilər. Elmi dairələr də bu metodlara inana bilmirdi. Balıqçıların əksəriyyəti proqnozlardan razı olsa da, bir də görürdün, birisi öz uğursuz ovunun acığını proqnozun üstünə töküb.
Siqnallar
* B – Barometr
* E – Kölgədə açıq termometr
* D – Temperatur fərqi
* W – Küləyin istiqaməti
* F – Küləyin gücü (Admiral Beaufort-un şkalasında)
* X – Ötən proqnozdan bəri güclənmə
* C – Bulud (1-9)
* I – Hava tipi (b “ mavi səma; r ” yağış və s)
* H – Yağmurun müddəti
* S – Dəniz təlatümü
Belə şikayətlərdən biri “Cork Examiner” qəzetində dərc olunmuşdu: “Dünən saat ikidə biz admiral FitzRoyun cənubdan əsən qasırğa küləyi barədə teleqraf xəbərdarlığını aldıq. Dahi meteoroloq bu məlumatı poçtla da göndərə bilərdi. Çünki qasırğa xəbərdarlıqdan bir gün əvvəl başlayıb 12 saat çəkmişdi”.
Vəziyyətdən çıxmaq üçün FitzRoy daha çox işləyir, Britaniya havasını şifrələməyə çalışırdı. O bir kitab da çap etmişdi, mühazirələr oxuyurdu. Lakin 1865-ci ildə, onun tənqidçiləri bar-bar bağırırdılar və o tükənmiş bir vəziyyətdə əvvəlki depressiv əhvalına qayıdırdı.
O Londonun qərbindəki evindən, cənubdakı Norvuda köçdü ki, bir müddət dincəlsin, lakin heç cür özünə gələ bilmirdi. Onun həyatının son proqnozu 1865-ci il aprelin 29-da artıq özü həyatda yox ikən dərc olundu. Son proqnoz London üzərində tufan proqnozunu vermişdi.
Ertəsi gün FitzRoy yatağından qalxaraq kilsəyə getməyə hazırlaşdı. O əyini geyinmək üçün qonşu otağa keçməzdən əvvəl qızını öpdü. Sonra isə “qapını arxadan bağlayıb” intihar etdi.
O vaxtlar belə görünürdü ki, FitzRoyun proqnoz layihəsi uğursuzluğa düçar olub. Lakin bu gün onun ictimai hava proqnozu xidmətinə olan baxışları, hökumət tərəfindən, hamımız üçün maliyyələşdirilir və bir növ gündəlik həyat tərzimizə çevrilib.
Onun üç nəfər işçi ilə yaratdığı depatamentin indi 1500 nəfərlik heyəti, 80 milyon funt sterlinqlik illik büdcəsi var. Onun xatirəsinə ən yaxşı töhfə isə 2002-ci ildə verilib. BBC-nin məşhur dənizçilik proqnozu rayonlarından birinin adı Finisterre-dən FitzRoya dəyişdirilib.
Meteoroloji Idarənin hazırkı baş elmi işçisi baronessa Culia Slingo belə izah edir: “FitzRoy doğrudan da zəmanəsini qabaqlamışdı. O səhv etmirdi, qəribəliyi də yox idi, o, sadəcə olaraq uzun bir yolun başlanğıcında idi. Elə bir yol ki, bu gün də Meteoroloji Idarədə davam edir”.
Peter Moore “Hava eksperimenti” (The Weather Experiment) kitabının müəllifidir.