"Hakimiyyət son bir ildə repressiyaları daha da gücləndirib"
Türkiyənin “Hürriyyət” qəzeti Fransa prezidenti Ollandın Azərbaycana səfərindən yazıb. Qəzet, Ollandın İlham Əliyevlə görüşündə ölkədə insan haqlarının vəziyyətini gərgin müzakirə etdiyini yazıb. Bu barədə Olland jurnalistlərə açıqlamasında bildirib. Qəzet yazır ki, insan hüquqları təşkilatları Azərbaycan hakimiyyətini tənqidçilərini saxta ittihamlarla həbslərə məruz qoymaqda günahlandırır. Müxalifətə qarşı repressiyalar 2013-cü il prezident seçkilərindən sonra daha da güclənib. Bir neçə gün əvvəl isə "Sərhədsiz Reportyorlar" təşkilatı Ollanddan İlham Əliyevlə suiyasi məhbuslar məsələsini ciddi müzakirə etməyi tələb etmisdi. Fransanı ən çox narahat edən məsələlərdən biri bu ölkənin “Fəxri Legion” ordenini almış Leyla Yunusun həbsidir. Bundan əlavə Leyla Yunusun həyat yoldaşı da həbsxana həyatı yaşamağa məcbur edilib. Qəzet onu da bildirir ki, 2014-cü ildə Olland Bakıda olarkən Leyla Yunusla görüşmüşdü.
Mixael Vesper: «Jurnalistlərə hücumdan və mətbuata təzyiqlərdən ciddi narahatıq»
Almaniyanın “Der Tagesspiegel” qəzeti də Bakıda keçiriləcək Avropa oyunları ərəfəsində Azərbaycandakı repressiyalardan yazıb. Məqalədə deyilir ki, gənc hüquq müdafiəçisi Rəsul Cəfərov ötən ilin ortalarında Berlində olarkən bildirmişdi ki, Avropa Oyunları ərəfəsi “Idman insan üçün” kampaniyasına başlayacaq.
2012-ci ildə Azərbaycanda keçirilmiş “Eurovision” ərəfəsi “Demokratiya üçün oxu” kampaniyası ilə tanınmış Rəsul Cəfərov bu planını reallaşdıra bilmədi. Azərbaycan hakimiyyəti Rəsul Cəfərovu həbs etməklə onun arzusunu gözündə qoydu. Bir neçə gün bundan əvvəl Rəsul Cəfərov 6 il yarım müddətinə azadlıqdan məhrum edildi. Hüquq müdafiəçilərinin fikrincə, Azərbaycanda yüzə qədər siyasi məhbus var. Son bir il ərzində hakimiyyət repressiyaları daha da gücləndirib. Hakimiyyətin korrupsiya əməllərindən yazan Xədicə Ismayıl da həbs edilib.
Azərbaycandakı repressiyalar fonunda ölkəni tərk etməyə məcbur olmuş jurnalist Idrak Abbasov deyir ki, bu oyunlar Azərbaycan hakimiyyətinin reklamı üçün nəzərdə tutulub. Idrak Abbasov seçkilərin saxtalaşdırılmasından, insan hüquq və azadlıqlarının kəskin məhdudlaşdırılmasından və ölkə rəhbərinə olan şəxsiyyətə pərəstişdən danışır.
Qəzet qeyd edir ki, Azərbaycan tərəfi idmançıların bütün xərclərini üzərinə götürüb. Almaniya bu yarışlara 267 idmançı göndərəcək. Bu yarışların keçirilməsinin başlıca səbəbi Azərbaycan tərəfinin xərcləri üzərinə götürməsidir. Məsələ burasındadır ki, Avropa Olimpiya Komitəsi belə böyük vəsaiti əldə edə bilməzdi. Almaniya Olimpiya Komitəsinin rəhbəri Mixael Vesper deyir ki, biz Azərbaycanda insan hüquq və azadlıqlarının məhdudlaşdırılması, eyni zamanda jurnalistlərə olan hücumdan və mətbuata olan təzyiqlərdən ciddi narahatıq. Biz bu məsələləri Azərbaycan tərəfi ilə müzakirə etmək niyyətindəyik.
azadliq.info