«İşçi Qrup»un vədləri niyə özünü doğrultmur?
Təəssüflər olsun ki, Azərbaycan bütün mənfi göstəricilərdə ön sıraları tutur. Azad mətbuata təzyiqlər, korrupsiya, insan haqlarının pozulması, seçkilərin saxtalaşdırılması, siyasi məhbuslar və.s məsələlərdə Azərbaycan beynəlxalq hesabatlara düşüb, dünya mətbuatının mövzusuna çevrilib və reytinqlərdə ön sırada gəlir.
Əsasən də siyasi məhbus məsələsinə görə Azərbaycan bütün dünyada “məhşur”laşıb. Bütün beynəlxalq təşkilatlar hakimiyyətdən siyasi məhbusları azad etməyi tələb edir. Hakimiyyət isə sübut etməyə çalışır ki, ölkədə siyasi məhbus yoxdur. Amma hər dəfə atılan addımlar özünüifşa ilə nəticələnir. Məsələn, cibinə narkotika atılıb həbs edilən müxalifə fəala, siyasi əfv ərizsə yazdırmaqla bu adamalrın siyasi məhbus olduğunu təsdiqləmiş olurlar. Artıq hakimiyyət də başa düşüb ki, bu həbslərin siyasi olduğunu danmaq mümkün deyil. Ona görə də bəh-bəhlə “Işçi qrup” yaratdılar. Bu qrupa isə hakimiyyətə qarşı loyal münasibət sərgiləyən, hakimiyyətin müdafiəçisi rolunda çıxış edən adamlar daxil edildi. Amma bu qrupun fəaliyyəti Ilham Əliyevin ifşasına səbəb oldu. Məlum oldu ki, siyasi məhbus siyahısında olanlar Ilham Əliyevin şəxsi düşmənləridi.
Qeyd edək ki, Işçi Qrupun həmsədrləri Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş üzrə şöbə müdiri Fuad Ələsgərov və Parlamentin beynəlxalq münasibətlər komitəsinin rəhbəri Səməd Seyidov seçilib. Hüquq müdafiəçisi Novella Cəfəroğlu da həmsədr kimi irəli sürülüb, amma öz namizədliyinə etiraz edib.
Vətəndaş cəmiyyətindən işçi qrupuna Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Eldar Zeynalov, Zalihə Tahirova, Əliməmməd Nuriyev, Sahib Məmmədov, Çingiz Qənizadə və Əli Hüseynli (sonuncu ikisi deputatdır) daxil olub.
Bundan başqa, qrupa Ilqar Cəfərov (Baş Prokurorluqdan), Çingiz Əsgərov (Prezident Administrasiyasının sektor müdiri və Azərbaycanın Strasburq Məhkəməsində səlahiyyətli nümayəndəsi), Rəfael Qvaladze (Konstitusiya Məhkəməsinin hakimi) daxil edilib.
Bundan əlavə əfv komissiyası da yaradılıb ki, PA rəhbəri Ramiz Mehdiyevdən tutmuş, xalq şairi Zəlimxan Yaquba qədər xeyli adam bu komissiyanın üzvüdür.
Deməli, həm Işçi qrup, həm də Əfv komissiyası hakimiyyəti razı salacaq tərkibdən ibarətdir.
Amma bu adamlar hər dəfə azadlığa çıxacaq siyasi məhbuslardan danışsalar da, müəyyən adlar çəksələr də, mətbuata azadlığa çıxacaq siyasi məhbusların sayı ilə bağlı açıqlama versələr də nəticə tərsinə olur. Yəni, “Işçi Qrup” azadlığa çıxmalı olan insanların siyahısını prezidentə təqdim etsələr də, nəticədə 1-2 adam azadlığa buraxılır. Deməli, “Işçi Qrup”, “Əfv Komissiyası” formal xarakter daşıyır.
Əvvəla, hakimiyyət öz müdafiəçilərini də arqumentsiz qoyur və prezidentin humanizmindən danışanlar pərt vəziyyətə düşür. Digər tərəfdən məlum olur ki, Işçi Qrupun hansı siyahı tərtib etməsi, “Əfv Komissiyası hansı adları zikr etməsi, Prezident Aparatının ”siyahı"sına təsir etmir.
Əgər siyasi məhbuslarla bağlı qurumun yekun rəyi heç nəyi dəyişə bilmirsə, deməli siyasi məhbuslar prezidentin şəxsi düşmənləri siyahısındadır və onların azadlığa buraxılması hakimiyyətin marağında deyil.
Əslində Işçi Qrupun yaradılması ölkədə siyasi məhbusların olmasının təsdiqi idi. Bu qrupun proqnozlarının doğrulmaması isə hər şeyin Ilham Əliyevdən qaynaqlandığının təsdiqi oldu.