Xəbər verdiyimiz kimi, Türkiyə mətbuatı Qnarik Alaverdiyan adlı erməni qızın türk professor Hasan Oktaya göndərdiyi məktubu dərс edib. “Ermənilərsiz Ermənistan” başlığı altında dərс olunan məktubda Ermənistan gerçəklikləri çılpaqlığı ilə göstərilib.
Aprelin 21-də isə Türkiyənin “haberhergun.com” saytı azərbaycanlı yazıçı Zümrüd Yağmurun həmin məktuba cavabını dərc edib. Zümrüd Yağmur yazır:
Ölülərin idarə etdiyi ölkə…
İllərdir Azərbaycan və Ermənistan arasında sürən münaqişədə hər iki ölkənin vətəndaşı artıq bir şəkildə qurban olduğunu anlayır. Türkiyənin “Hər gün” saytında yayımlanan bir məqalə bu baxımdan diqqətimi çəkdi. Qranik Alaverdiyan adlı bir erməni qadını Ermənistanda aclıq və səfalətdə yaşayan xalqın iqtidarlar tərəfindən aldadıldığından yazır. Üstəlik məqalə müəllifi bu yalanların Qarabağ üzərindən söyləndiyini yazıb işğal etdikləri torpaqları bu gün yaşadıqları fəlakətə səbəb kimi göstərir.
Təbii, məqalədə Qarabaq torpağının ermənilərə aid olmaması kimi yüksək bir etiraf olmadığı kimi, Ermənistanın qonşu dövlətlərə çəkdirdiyi acıdan və etdiyi haqsızlıqlardan yazılmayıb. Bəlkə də bunu gözləməyə dəyməz. Sonucda bunu yazan qadın Zori Balayan kimilərinin erməni cəmiyyətinə axıtdığı zəhərli ideyadan azad ola bilməz. Rusiyanın əlində maşa halı ilə hər kəsin artıq canını bir şəkildə sıxdığını etiraf edə bilməyən ölkənin vətəndaşı olmaq xoş deyil, amma nə yazıq ki, ermənilər zaman-zaman ancaq iqtisadi sorunlar üzündən narazılıq etsələr də, hələ də siyasi çəhətdən bölgəyə yaşatdıqları problemləri etiraf edib bundan vaz keçmək niyyətidə deyillər.
“Təzminat bəklərkən əkmək bəklər hala gəlmək” adlı məqalənin müəllifi də Ermənistanın bu gün yaşadığı iqtisadi sorunlardan yazır. Ancaq bu qədər… Təbii ki, məqalə müəllifi o qədər geniş ürəkli ola bilmir və onu da etiraf etmir ki, məhz ölkəsinin yaratdığı problemlər üzündən bölgədə iki ölkə, Azrbaycan və Türkiyə bu gün fərqli, amma ciddi sorunlarla üz-üzədir.
Amma nə olursa olsun milli hisslər və Azərbaycan türklərinin hər şey bir yana, Xocalıda yaşadığı faciəni, yüzlərlə insanın qətlini, 8 ailənin tamamən yer üzündən silinməsini belə bir anlığa bir kənara qoymağa çalışaq. Yaxud yazılanlara “ilahi ədalət” də deyib keçməyək. Q. Alaverdiyanın anası evində acı-acı ağlarkən “Qarabağda da ailəsəni itirmiş yüzlərlə qadın ağlayır” deyib bütün bunları yaşamağı ermənilərin haqq etdiyini də düşünməyək.
Allahın işlərinə qarışmadan soyuqqanlı şəkildə soruşaq?
Doğurdanmı iki xalqa lazım idimi əsrlərin düşmənçiyi?… Bu gün bölgədəki ölkələrin baş bəlasına çevrilmək, düşmən obrazında kimsənin güvənmədiyi, Rusiyanın əlaltısı rolunda olmaq Ermənistana nə verdi?
Azərbaycan bu savaşda nələr itirdi?
Düzdür, bu gün Azərbaycanın durumu Ermənistanla eyni deyil. Amma bu Azərbaycanda iqtidarda olan İlham Əliyevin daha mili və xalqa yönəlik bir siyasət yürütməsi ilə bağlı bir məsələ deyil. Əksinə, bu gün Azərbaycanda iqtidarda olan insanlar Ermənistan rəhbərliyindən daha artıq antimilli siyasət həyata keçirir. Sadəcə, Azərbaycanın təbii sərvəti olan neft bu ölkəni Ermənistanın halına düşməkdən xilas edib, o qədər. Amma illərdir dünyaya neft satan bir ölkənin də halı deyil indiki Azərbaycanın halı… Azərbaycan bu gün daha çox sərvət, daha çox milyardalar toplama uğrunda savaş meydanını xatırladır. Azərbaycan iqtisadiyyatı əslində, ola biləcəyi yerdən qat-qat aşağı səviyyədədir. Halbuki, Azərbayanda keçən əsrin 90- cı illərində Elçibəyin başçılığı ilə qurulan demokratik hakimiyyət qalmış olsaydı, indi Azərbaycanda durum fərqli və daha ürək açan idi.
Ermənistanın Azərbaycana vurduğu ziyanı düşünəndə ağıla talanmış, işğal olunmuş Qarabağ gələ bilər. Amma deyil, Qarabağ Azərbaycanın bir parçasıdır və ermənilərin nə deməsindən asılı olmayaraq da bu ölkənin xalqı başqa bir faktla razılaşmayacaq. İlham Əliyev iqtidarı da bunu bilir və illərdir hətta torpaqlarımızın işğal olunmasında böyük rolu olan Rusiyanın yanında yer almış olsa da Qarabağın taleyini Ermənistanın xeyrinə həll etməyə çəsarət etmir. Hər nə qədər iqtidarda olduqları dönəmdə Azərbaycanda xalqı əzib siyasi düşüncədən məhrum etməyə çalışıb hətta müəyən məqamlarda buna nail olmuş görünsələr də, Qarabağ məsələsində hələ də risk edə bilmədikləri göz önündədir.
Azərbaycana dəyən zərbəyə qayıdarsaq…
Bu savaşda Azərbaycana dəyən ən böyük zərbə qurulmuş demokrat hakimiyyətin iqtidardan getməsidir. Çünki məhz Qarabağ çəbhəsindəki gərginliklər nəticəsində yaranmış siyasi stuasiyada Azərbaycanın demokratik qüvvələri hakimiyyəti Heydər Əliyevə vermək məcburiyyətində qaldı.
Beləcə, Azərbaycan diktator bir rejimin tabeliçiliyinə keçərək inkişaf etmiş dünyadan qoparıldı.
İllər keçir və hər iki ölkənin durumu ortada… Üç Qafqaz ölkəsindən ikisi Rusiyanın təsiri altında antidemokratik quruluşla sürünməkdədir. Amma Rusiyanın çaynağından özünün xilas etmiş Gürcüstan bütün iqtisadi çətinliklərə baxmayaraq, gələcəyə ümidlə baxır. Demək ki, Ermənisan bu mənasız savaşı başlamaqla təkçə Azərbaycana ziyan vurmadı, həm də özünü müasir və inkişaf etmiş dünyadan məhrum edib Rusiyanın maşası olmaq obrazından çıxa bilmədi.
Amma nə olursa da, bu gün Ermənistan iqtisadi problemlərin əlində qalsa da, əhali ölkəni tərk etsə də, yenə də bu ölkəni dirilər deyil, ölülər idarə edir. 1915-ci ilin qondarma soyqırımda güya ki, “öldürülən” ölülər. Və bu “ölülərin” ölkəyə heç bir yararı olmadığını sadə insanlar etiraf edib desələr də, ölkənin siyasi və elmi elitası görünür bu “ölülərin” ölkəyə yaydığı yalan üfunətindən xoşhal olduqlarından onlardan əl çəkmək istəmirlər.
Belə olan halda söz xalqa düşür. Qarabağda ölən, savaşmağa məcbur edilən, aldadılan, “Böyük Ermənistan” xəyalları ilə zəhərləndirilib fəlakətə sürüklənən erməni xalqına..
Yuxarıda adı çəkilən məqalənin müəlifinin dediyi kimi, bir azdan ermənisiz qalan Ermənistanda genosid abidəsini ziyarət etməyə insan tapmayacaqlar. Kim Qardaşyanı da Ermənistana hər zaman gətirmək olmaycaq yəqin…
Ac insanlara torpaq deyil, çörək lazımdır.
Azərbaycan xalqına iki ay sonra keçiriləcək Avropa Oyunları Olimpiyadası lazım olmadığı kimi…
Bakının bəzəkli və işıqlı küçələrində işsiz insanlar özünü xoşbəxt saya bilmədiyi kimi, Yeravanın da qaranlıq küçələridə ac insanlar Qarabağdan gətirilən torpaqdan yeyib doymayacaq.
Nə də özü çökməkdə olan Rusiya Ermənistanı doyuracaq.
Son haşiyə…
Qarabağa gəlincə, məncə erməni tarixçiləri ciddi düşünməlidirlər. Türkiyə artıq necə illərdir ki, Ermənistana 1915- ci il hadisələrini araşdırmaq üçün işbirliyi təklif edir. Amma bu təklifə qarşılıq ala bilməyib, nədən, çünki işə ciddi araşdırma qatılarsa, bu yalanın işfa olunacağından əmindirlər. Qarabağla da bağlı vəziyyət eynidir və erməni tarixçiləri də yəqin ki, bundan yaxşı xəbərdadır.
Bu gün Türkiyəyə qarşı qoyulan iddialara gəlincə… İnanın, bu yalan sabah yenə də Ermənistanın əleyhinə çevriləcək. Ermənistanın ac insanınısa Vatikan və ya Avropa Birliyindəki hansısa ölkə, Rusiya yedirməyəcək.
Ümid yenə də Türkiyəyədir və məncə, Ermənistan bu son ümd işığını da özü üçün söndürməməlidir.