Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin məhkəmə prosesi davam etdirilib. Məhkəmədə zərərçəkmiş qismində Samayə Məmmədova, Mehman Qədimov ifadə verib.
Səmayə Məmmədova ifadəsində "Xudafərin" MMC- dən ev aldığını, bina tam hazır olmadigindan mənzilin təhvil verilmədiyini bildirib. Vəkillərlə sual-cavab zamanı məlum olub ki, S. Məmmədova zərərçəkən şəxs qismində tanınsa da, ümumiyyətlə ibtidai istintaq zamani dindirilməyib. Həmin ərəfədə həyat yoldaşı rəhmətə getdiyindən, prokurorluqda özü deyil, oğlu Murad Fərəcov ifadə verib. Amma buna baxmayaraq, Səmayə Məmmədova istintaq dövründə zərərçəkmişlərin siyahısına daxil edilib.
Məhkəmədə zərərməkmiş şəxs kimi dindirilən Mehman Qədimovun dindirilməsi zamanı da müəyyən prosessual pozuntular ortaya çıxıb. Belə ki, istintaq zamanı Mehman Qədimovu dindirsələr də, mənzil onun həyat yoldaşı Ülviyyə Qədimovanın adına olduğundan, bu xanım zərərçəkmiş şəxs kimi tanınıb. Vəkil Osman Kazımov bunu ciddi qanun pozuntusu kimi qiymətləndirib. Prokuror isə bildirib ki, butun bu məsələlərə sonda munasibət bildirəcək.
Hər iki şəxs mənzillərinin təhvil verilməsini istəyiblər.
Məhkəmə aprelin 23-də davam edəcək.