Azərbaycanın itkiləri digər ölkələrlə müqayisədə niyə daha çoxdur?
Neftin dünya bazarındakı qiymətinin bir müddət əvvələ qədər kəskin formada enməsi neft ixrac edən ölkələrlə yanaşı, sıradan ölkələri də ciddi şəkildə vurdu. Dövlət başçısı Ilham Əliyev keçirdiyi son müşavirədə bu istiqamətdə bir sıra müqayisələr apararaq Azərbaycanın yaşadıqlarının təsadüfi olmadığının altını cızmağa çalışdı. Yəni həm iqtisadiyyatda yaşananlar, həm də manatın fevralın 21-də kəskin devalvasiyaya uğraması dünyadakı proseslərin nəticəsidir.
I.Əliyev vurğuladı ki, ötən müdət ərzində Qazaxıstanın milli valyutası 20, Türkmənistanın pulu 20, Gürcüstanınkı 30 faiz dəyər itirib. Türkiyənin pulu isə 2013-2015-ci illərdə 40, Iranınkı 113 faiz dəyər itirib. Rusiya rublunun düşməsinə digər faktorlar, sanksiyalar da təsir edib. Nəticədə rubl 80 faiz aşağı düşü. Avro 25, Norveç 34 faiz dəyər itirib.
Bəs bu fərqlər nəylə bağlıdır? Nəyə görə digər neft ixrac edən ölkələrdən fərqli olaraq Azərbaycanın üzləşdiyi problem daha dərindir? Neftin dünya bazar qiymətinin enməsi Mərkəzi Bankın ehtiyatlarını 15 milyarddan 9 milyarda saldı.
Iqtisadçıların fikrincə, Orta Asiya ölkələri və Rusiya da neft resursları ilə zəngindirlər. Amma Rusiya istisna olmaqla digər dövlətlərdə neftin qiymətinin enməsi ağrılı proseslərə səbəb olmadı. Rusiyanın isə neftin qiymətinin enməsinin fonunda yaşadıqları daha çox üzləşdiyi sanksiyalarla bağlıdır. Amma neftin dəyərdən düşməsi də Rusiyanın problemlərini artırır. Baxmayaraq ki, neftdən daxilolmalar bu ölkədə 40-60 faiz arası dəyişir.
Azərbaycanın bu prosesləri daha ağrılı keçirməsi ölkə iqtisadiyyatının, büdcə gəlirlərinin tam formada neft dollarlarından asılı olmasıdır. Təkcə Neft Fondundan transfertlər 60 faizə yaxınlaşır. Neftin qiymətinin aşağı düşməsi büdcə gəlirlərimizdə özünü göstərib. Çünki hər dörd manatından 3-ü məhz neftdən gələn gəlir hesabına əmələ gəlir. Növbəti illər üçün də hazırda müşahidə edilən tendensiya büdcə gəlirləri ilə bağlı ciddi problemlər vəd edir. Neftin qiymətindəki dalğalanmalar ölkə iqtisadiyyatını ciddi təlatümlərə salır. Bunun olmaması üçünsə fərqli sektorlardan büdcəyə daxil olmaların artırılmasına ehtiyac var. Ekspertlərə görə, 2002-ci ildən sonra Azərbaycan iqtisadiyyatında neftin rolu birmənalı olaraq möhkəmlənib. Azərbaycan hazırda Neft Fondundan transfertlər olmazsa, nəinki büdcə, heç cari xərcləri ödəyə bilməz. Ona görə də Azərbaycan həm investisiya, həm də cari xərclərin ödənilməsi üçün Neft Fondundan daxil olan transfertlərə söykənir.
Neft sektoruna arxayın siyasətin yürüdülməsinin qeyri-neft sektorunun inkişafdan qalmasına gətirib çıxardığını deyən ekspertlər hesab edir ki, biyönümlü iqtisadi inkişafın fəsadları ağır formada özünü göstərməkdədir. Məhz bu təsirin nəticəsidir ki, neft valyutası olan manat dünya bazarındakı qiymət enməsinə dözmədi və 34 faiz dəyər itirdi. Mərkəzi Bankın valyuta ehtiyatlarına dəyən sarsıdıcı zərbədə yürüdülən yanlış siyasətin nəticəsi sayılmalıdır.
Hikmət