Ziya Məmmədov növbəti dəfə «Azərbaycan Dəmir Yolları»nın əsas şefi olduğunu nümayiş etdirdi
“Uralvaqonzavod” Azərbaycanın sifariş etdiyi vaqonların ilk hissəsini göndərir. “Qafqazinfo” Rusiya KIV-nə istinadən xəbər verir ki, dünən müqavilənin detallarını danışmaq üçün “Azərbaycan Dəmir Yoları”nın nümayəndələri şirkətin baş direktoru Oleq Sienko ilə görüşüblər.
Görüş bu yaxınlarda “Azərbaycan Dəmir Yolları”nın sifariş etdiyi müxtəlif model yük vaqonlarının alış-satışı ilə bağlı imzalanana müqavilənin reallaşdırılması çərçivəsində baş tutub. Artıq sifariş olunan vaqonların ilk hissəsi iki həftə sonra Azərbaycana göndəriləcək.
Azərbaycan nümayəndə heyəti yeni vaqonlarla tanış olub, həmçinin Oleq Sienko və millət vəkili Elton Məmmədov (nəqliyyat naziri Ziya Məmmədovun qardaşı – red.) göndərilməsi nəzərdə tutulan vaqonların biri üzərində şampan şüşəsi sındırıblar.
Bu görüşdə Elton Məmmədovun Azərbaycan tərəfdən əsas fiqur olması Ziya Məmmədovun “Azərbaycan Dəmir Yolları”na tam nəzarət etdiyini göstərir. Qeyd edək ki, Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları”na rəhbər gətirildikdən onun “Azal” rəhbəri Cahangir Əsgərov kimi Ziya Məmmədovla hesablaşmayacağı barədə mülahizələr irəli sürülürdü. Cavid Qurbanovun da belə bir niyyəti var idi. Lakin görünür, “Azəryolservis”in keçmiş rəhbəri niyyətini reallaşdırmaqda çətinə düşüb. Ziya Məmmədov hər fürsətdə “Azərbaycan Dəmir Yolları”nda əsas söz sahibi olduğunu nümayiş etdirir. Xatırladaq ki, bundan əvvəl də dəmiryolçuların mükafatlandırılması mərasimində nəqliyyat naziri şəxsən iştirak etmiş və bəzi dəmiryolçuları mükafatlandırmışdı.