Bir turist fotoqrafın xatirələrində oxumuşdum. Adam dolaşdığı Avropa ölkələrinin birində liman mənzərələrini çəkmək istərkən, balıqçı qayığında yuxulamış birini görür. Fürsəti qaçırmaq istəməyən fotoqraf bu mənzərəni tələsik çəkməyə başlayır. Balıqçı yuxulu-yuxulu gözlərini açıb, söz demədən acıqlı şəkildə siqaret qutusunu götürür. Turist deyir: “Hesab edirəm ki, bu gün çox balıq tutacaqsınız”. Balıqçı başını bulayır. “Amma mənə havanın çox yaxşı olacağını söylədilər. Balığa çıxmayacaqsınız?” “Xeyr, bu səhər çıxdım”. Turist təəccüblənir və ona ikinci dəfə balığa çıxacağı halda ikiqat qazanacağını, hər gün belə davam edəcəyi halda isə yaxın zamanda gəmi sahibi, hətta şirkət sahibi ola biləcəyini deyir. Zəhlətökən turistin sözlərindən bezən balıqçı “sonra nə?” deyə soruşur nəhayət. O: “Sonra pul dərdi çəkmədən limanda oturar, günəşin altında dincələr və dənizi seyr edərdiniz.” “Mən bunları onsuz da edirəm, kefimi qaçıran tək şey o fotoaparatınızın səsi!?- deyir balıqçı…
Amma, deyəsən, belə balıqçı obrazları xatirələrdə qaldı elə. Insanın yüz illərdir görünməmiş hərisliklə daha çox qazanmaq istəyi artıq öz bəhrəsini verməkdədir. Bunu yaxın günlər Davosda keçirilən Dünya Iqtisadi Forumunun mesajları da ortaya qoydu. Forumda çıxış edən OXFAM-ın icraçı direktoru Vinnie Byanyiman dünyanı şoka salan bir bəyanat verdi. Gələn il dünya əhalisinin 1%-nin sərvəti yerdə qalan 99% əhalinin sərvətindən çox olacaq. Dünyada 9 nəfərdən birinin doyunca yemək tapmadığını, bir milyard əhalinin isə gündə 1, 25 dollardan az qazancla yaşadığını deyən direktor iştirakçılara belə səsləndi: “Doğrudanmı, biz bir faizin sərvətinin doxsan doqquz faizdən artıq olduğu bir dünyada yaşamaq istəyirik?”
Forumun sürprizləri bununla da bitmir. Allahın verən günü yer üzündə ac-yalavacların, yoxsulların, qidasızlıqdan ölənlərin sayının ildən-ilə artdığını haray çəkib duran güclər daha bir vahiməli fakt açıqlayıb. Planetin 85 ən zəngin insanının sahib olduğu sərvətin ümumilikdə əhalinin 50 faizini təşkil edən 3,5 milyard insanın sərvətinə bərabər olduğunu… Bu, keçən ilin araşdırmaları əsasında təsdiq olunan göstəricidir. Başqa maraqlı bir fakt da odur ki, 2010-cu ildə sayı 388 nəfər olan həmin zənginlərin sayı hazırda 80 nəfərə enib.
Indi “dünya niyə bu gündədir” sualının cavabı aydın olur? Səfilliyin, aclığın, çarəsizliyin girdabında ölüm-dirim savaşı verən milyardlar var yer üzündə… Bunun təsəvvür olunması belə zor gəlir adama, deyilmi? Ümumiyyətlə, bizim qeyri-bərabərlik haqqında biliklərimiz hara qədərdir? Hesabı, riyaziyyatı, toplamanı, çıxmanı, vurmanı, bölməni necə bilirik biz? Hər şeyi öz çıxarına hesablayan azlığın bərabərlik işarəsi qoyduğu yerin böyük fərqli əskik tərəfində dayanıb, haqq aramağın nə olduğunu necə anlayırıq? Dünya qeyri-bərabərliyin yüzdə bir fərq səviyyəsinə boşuna gəlib çıxmayıb axı. Bu amansız, zalım, mərhəmətsiz bölgünün iştirakçıları arasında bizlər də yer almırıqmı? Biz də bu ölkənin milyardlarını kiçik bir azlığın əlinə verib, müti şəkildə bərabərliyin qarşı tərəfində susub durmadıqmı?
Yer üzündəki bu qeyri-bərbərliyin, bu acımasızlığın, bu fəlakətlərin səbəbkarları həm də bizlərik. Haqqımızı çalanlara, payımızı yeyənlərə, sahib olduqlarımızı əlimizdən qapıb alanlara meydan verdiyimizə görə. Uzağa getməyin, yaşadığınız ölkədə bir faiz fürsətçinin xeyrinə aparılan sərvət bölgüsünün mənzərəsi hər şeyi ortaya qoyur.