Həbs etməkdə olduğu kimi, azad etməkdə də yarışa girin
Bir neçə gün öncə Türkiyədə Gülən şəbəkəsinə qarşı növbəti əməliyyatlara start verildi. Nəticədə 32 nəfər həbs olundu. Eyni zamanda Fətullah Gülənin əsas informasiya dayağı hesab olunan “Zaman” qəzeti və “Samanyolu” telekanalının rəhbərləri də həbs olundu.
Bu həbslər bütün dünyada müzakirə mövzusuna çevrildi və dünya mətbuatının səhifələrinə yol tapdı. Təbii ki, beynəlxalq təşkilatlar, o cümlədən Avropa birliyi bu həbslərə etiraz bildirdi və həbsləri qanunsuz hesab etdi.
Ötən gün məlum oldu ki, Istanbul məhkəməsi “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlının azad edilməsi ilə bağlı qərar çıxarıb.
Göründüyü kimi Ərdoğan dünyaya meydan oxuyub həbslərə imza atsa da, Avropa Birliyini tənqid etsə də, eyni zamanda vəziyyəti düzgün qiymətlənidirərək əks addım da atır.
Bütün bunları xatırlatmaqda məqsədimiz Ərdoğanın bu addımını humanistlik kimi qiymətləndirmək deyil. Sadəcə ən yaxın tarixdən nümunə gətirərək Azərbaycan hakimiyyətinin nəzərinə çatdırmaq istəyirik ki, Türkiyə hakimiyyəti də qınaqlardan müəyyən faiz nəticə çıxara bilir. “Zaman” qəzetinin baş redaktorunun həbsdən azad edilməsi Ərdoğanı kiçiltmədi.
Qeyd edək ki, Azərbaycanla müqayisədə Türkiyə dəfələrlə güclü, böyük və oturuşmuş ölkədi. Belə bir ölkədə həbs olunmuş şəxsi azad etmək qərarı verilirsə, bu Azərbaycan hakimiyyəti üçün ibrət dərsi olmalıdır.
Digər tərəfdən Azərbaycandakı həbslərin qondarma olması, gülünc ittihamlar əsasında həyata keçirilməsi daha aydın görünür. Məhkəmə proseslərində bu həbslərin sifarişli olması bir daha təsdiqlənir.
Azərbaycan hakimiyyəti isə bu qədər açıq ifşadan sonra geriyə addım atmaq, yanlışını düzəltmək istəmir. Əksinə, gözdən pərdə asmaq üçün azad etmək qərarına gəldiyi şəxslərə “əfv ərizəsi” yazdırmağa çalışır.
Bunların düşüncəsinə görə həbslər qorxu yaradır. Əgər belə olsaydı 2-3 siyasi məhbusdan sonra, mübarizə dayanardı. Hansı ki, bu gün ölkədə 100-dən artıq siyasi məhbus var.
Bir sözlə, Ərdoğan özündə iradə tapıb kimlərisə azad edə bildi. Həm də dövlət çevrilişi etməkdə günahlandırdığı şəbəkənin üzvünü azad etdi.
Azərbaycan hakimiyyəti isə “xuliqan”, “dələduz”, “vergidən yayınma” ittihamı ilə şərlənərək həbs olunan adamları, vətən xaini kimi təqdim etməyə çalışır.
Yəni, Əliyev hakimiyyəti repressiya dalğasını gücləndirəndə “həbslər bütün dünyada var” arqumenti ilə silahlandığı kimi, həbsdən azad edilmə nümunələrini də öyrənsə yaxşı olar.
Akif