Dəyərli İntiqam bəy!
Belə önəmli bir gündə sizi uzaqdan-uzağa, həbsxana divarları arasında salamlamaq çox ağırdır, şübhəsiz. Siz ədalətin gücünü tam itirdiyi bir ölkədə ləyaqətini sona kimi qoruyan azsaylı hüquq təmsilçilərimizdənsiniz. On illərdir bu ölkədə baş verən görünməmiş qanunsuzluqların ən canlı şahidi siz özünüzsünüz. Elə bu gün əsassız həbs cəzasına məhkum edilməyiniz də deyilənlərin əyani sübutudur.
Bu əlamətdar gündə – doğum gününüzdə insanın qəlbindən daha gözəl sözlər söyləmək keçir. Siz sözün əsl anlamında bir insanın həyatı boyunca qazana biləcəyi ən dəyərli tərifləri haqq etmiş bir şəxsiyyətsiniz! Siz yaşadığınız ölkədə ədalətin vəkili olaraq özünü bütün yüksək keyfiyyətlərilə sübut etmiş bir hüquq keşikçisisiniz! Bəlkə də, haqqın çeynəndiyi bu ölkədə hüquq keşikçisi adına hamıdan artıq siz layiqsiniz! Uzun illərdir Azərbaycan insanının müdafiəsi üçün istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə gördüyünüz işlər heç vaxt unudulmayacaq. Sizin ölkə vətəndaşlarının şikayətləri ilə bağlı Avropa Insan Haqları Məhkəməsində qazandığınız uğurlar ədalətin məkanından və zamanından asılı olmadan sonda hökmən qalib gələcəyinə böyük ümidlər verir.
Dəyərli İntiqam bəy!
Siz beynəlxalq səviyyəli peşəkar bir hüquqşünas olmaqdan başqa, həm də gözəl insansınız. Həbsxanada nikbinliyinizi və prinsipiallığınızı qoruyub saxlasanız da, səhhətinizdə ciddi problemlər olduğunu bilirik. Biz sizin sadiq qaldığınız əqidə mübarizəsini burada əzmlə davam etdirməklə, bütün vicdan məhbuslarımızın qısa zamanda azadlığa çıxacağına ümid edirik.
Dəyərli İntiqam bəy!
Siz ən çətin anlarınızda da insanları hər şeyin yaxşı olacağına inandıran pozitiv şəxslərdənsiniz. Mən də bütün bu fədakarlıqların boşa getməyəcəyinə inananlardanam. Elə bu nikbin ruhla da doğum gününüzü ürəkdən təbrik edirəm. Hər şeydən öncə, tezliklə sağlamlığınıza qovuşmağınızı və azadlıqda görüşməyimizi arzu edirəm!
Ölkəmizin işıqlı və gözəl gələcəyi naminə Tanrı Sizi qorusun!
Hörmətlə, AXCP sədri Əli Kərimli