Vəkilləri bununla əlaqədar müraciət hazırlayır
Həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun səhhəti ağır olaraq qalır. Penitensiar Xidmət rəsmiləri Leyla Yunusun səhhətində ciddi problem olmadığını iddia etsə də, hüquq müdafiəçisilə görüşən vəkilləri onun durumunun ağır olduğunu bildirir. Vəkillərin verdiyi məlumata görə, diabet xəstəsi olan hüquq müdafiəçisinin qaraciyərində artıq parçalanma başlayıb. Onların sözlərinə görə, Leyla Yunus özü də ilin sonuna qədər sağ qalacağına ümid eləmir.
Leyla Yunusun vəkili Elçin Qənbərov onun həbsdə olduğu müddətdə 12 kiloqram arıqladığını, yeriməkdə çətinlik çəkdiyini, təzyiqinin stabil olmadığını bildirib.
Hüquq müdafiəçisinin digər vəkili Əlayif Həsənov da “Azadlıq”a açıqlamasında Leyla Yunusun vəziyyətinin kritik olduğunu təsdiqləyib: “Leyla Yunus yüksək qan təzyiqi və şəkərli diabetdən əziyyət çəkir. Leyla xanım hərəkət etməsə də, onda ümumi halsızlıq müşahidə edilir. Bunu görmək üçün həkim olmaq lazım deyil. Yəni, vəziyyətin kritikliyi gözlə görünən həddədir. Əlavə həkim müayinəsinə ehtiyac var. Bugünlərdə vəkillərlə məsləhətləşmələr olacaq və Leyla Yunusun əlavə həkim müayinəsindən keçirilməsi üçün müraciət hazırlanacaq”.
Nigar